• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kod adı “...” olan casus: xarici kəşfiyyata bağlı olan partiya sədri kimdir?

  • Nida.az
  • 4 Mart 2015 17:15
  • 674 Baxış
Kod adı “...” olan casus: xarici kəşfiyyata bağlı olan partiya sədri kimdir?

Razi Nurullayev AXCP-dən gedəndən sonra Əli Kərimli haqda açıqladığı faktlar şok effekti yaradır. Əslində buna qədər müəyyən ehtimallar, dəlillər var idi. Lakin AXCP daxilindən çıxmış, bu mətbəxdə nələrin bişdiyini ən azı müşahidə etmiş bir şəxsin dedikləri təkzibolunmaz idi.

Bunun ardınca Milli Məclisin üzvü, 90-cı illərin siyasi kuluarlarına yaxşı bələd olan BAXCP sədri Qüdrət Həsənquliyev AXCP sədri haqda maraqlı fakt açıqladı.

“Gündəlik teleqraf” qəzetinə müsahibəsində Q. Həsənquliyev Əli Kərimlinin Rusiya kəşfiyyatına bağlı olması haqda ciddi faktların olduğunu deyib.

“Əli Kərimli bu gün maliyyəni Qərbdən alsa da, onun Rusiyaya işləməsini düşünməyə ciddi əsaslar var. Məsələn, Əli Kərimlinin Qənimət Zahidi pul üçün Rusiyaya göndərməsi. Qənimət Zahid Cənubi Azərbaycandan yazırdı, Əbülfəz Elçibəyin yanında idi. Onun İrana göndərilməsi anlaşılan deyildi. Bildiyiniz kimi, Qənimət Zahid Azərbaycana qayıdan kimi dedi ki, onu İranda saxlayıblar, əməkdaşlığa cəlb etmək istəyiblər. Adətən, ikili agentlər bu metoddan istifadə edirlər. Ona görə deyirəm ki, Əli Kərimlinin sovet vaxtından KQB-yə işləməsi ilə bağlı ciddi əsaslar var. Bu günə qədər mətbuatda dəfələrlə məsələ qaldırılıb ki, onun vəsiqəsinin “Krasnaya Zvezda” qəzetində çap olunması necə baş verə bilərdi, ancaq Əli Kərimli bu məsələyə aydınlıq gətirmir. Çünki bilir ki, mətbuat bunu araşdıracaq.


Razi Nurullayevlə bağlı məlumatı da Əli Kərimliyə Rusiya kəşfiyyatı verib. Əli Kərimli ABŞ və Britaniya səfirliyinin adını çəkir və özü də bilir ki, partiyadan çıxardığı adam bu haqda mətbuata danışacaq, deməli, böyük ehtimalla ona məlumatı Rusiya kəşfiyyatı verib. Razi Nurullayevlə bağlı deyiblər ki, bu, milli düşüncəli şəxsdir, ondan ehtiyatlı ol. İstisna etmirəm ki, Əli Kərimli müavinlikdən çıxardığı şəxsin mətbuatda bu haqda danışacağını bilməmiş deyildi. Nə vaxt ki, Rusiya ilə indiki iqtidarın münasibətləri yaxşıdır, Əli Kərimlidən Rusiya kəşfiyyatı öz xeyrinə istifadə edəcək”, - deyə o bildirib.


Bu açıqlama Azərbaycanın siyasi müxalifətində vaxtilə KQB tərəfindən “verbovka” olunanların mövcudluğu məsələsini gündəmə gətirdi. Hansı ki, media bunu dəfələrlə yazıb, zaman-zaman müzakirə mövzusu olub.


Lakin bir məqam da xüsusi diqqət çəkir. Əli Kərimlinin İrana bağlılığı. Misal üçün, bu gün Əli Kərimlinin vaxtilə İrana göndərdiyi Qənimət Zahidin redaktorluğu ilə “Azərbaycan saatı” verilişi yayımlanır. Azərbaycan iqtidarına qarşı sərt mövqeyi ilə seçilən veriliş hazırda “Qüds TV”-nin peyki vasitəsilə efirə gedir. Bu televiziyanın rəhbəri Nurəddin Şirinin İrana bağlı olduğu haqda informasiyalar var. Hətta İsrail kəşfiyyatı Mossadın 27 fevral 2012 tarixli məlumatında deyilir: “Nurəddin Şirin İslami Vəlfəcr internet səhifəsini idarə edir. İllərdir Türkiyədə və ondan kənarda İran üçün təbliğat aparan radikal siyasi fəaldır. “Hizbullah” və “Həması” açıq dəstəkliyir”.


Təxminən iki il öncə mediada Əli Kərimlinin İran kəşfiyyatına bağlı olması haqda iddia yer aldı. O zaman onu “Əli” kod adı ilə təqdim ediblər. Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev bu haqda ictimaiyyətə sənəd də açıqlamışdı.


Sənəd deyilir ki, “Əli” adında agent İranın Bakıdakı səfiri Nəhavəndianın səfirliyin diplomatları ilə keçirdiyi müşavirədə Azərbaycan dövlət nümayəndə heyətinin İrana rəsmi səfərinin nəticələrini yüksək qiymətləndirib. Qeyd edir ki, Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək üzünü ona tərəf çevirir, Türkiyə siyasəti Azərbaycanda puça çıxır, İranın nüfuzu isə artır.


“Bu imkanı əldən verməmək üçün Azərbaycana humanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməli, İran-Azərbaycan vətəndaşlarının vizasız bu dövlətə gediş-gəlişini təmin edilməli, Naxçıvan və Lənkəranda İranın baş konsulluqları açılmalıdır. İran televiziya proqramı birbaşa Azərbaycan televiziya kanallarının birində göstərilməli, bəzi rayonlarda İranın dini məktəbləri və mədrəsələri açılmalıdır. Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlər tezliklə həllini tapmalıdır”, - deyən “Əli” adlı casus bu istiqamətdə çalışacağına söz verir.


İki vərəqdən ibarət arayışda Azərbaycanın o vaxtkı dövlət katibi (Əli Kərimli) və Milli Məclis sədrinin prezidentdən (Əbülfəz Elçibəy) nüfuzlu olduğu qeyd olunur. Bütün siyasi məsələləri onlar həll etdiyi üçün həmin iki şəxslə əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanır. Azərbaycan-İran münasibətlərində siyasi gərginlik yaranarsa, “Naxçıvan” məsələsinin ortaya atılması variantı çıxış yolu kimi göstərilir.


Hazırda Türkiyədə yaşayan Hürrü Əliyev Publika.az-a açıqlamasında dediklərinin nağıl, yaxud cəfəngiyyat olmadığını, ciddi və tutarlı əsaslara söykəndiyini bildirib: “Mən bunları 2003-cü ildən bəri deyirəm. Hər dəfə deyəndə mənə hökumət adamı ittihamı səsləndirilir. Bu təşkilatların, “liderlərin” mövqelərini düzgün analiz edərək onların yanlış yolda olduğunu, ambisiya və öz məqsədləri üçün fəaliyyət apardıqlarını görürəm. Minlərlə fədakar, vətənpərvər cəbhəçini, gəncləri öz siyasi ambisiyalarına qurban verirlər. Halbuki bütün cəbhəçilər, milli qüvvələr, o cümlədən gənclər Elçibəy ideologiyasının ardınca getmək üçün AXC-də idi. Onlar milli xətt, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü naminə bura toplaşmışdı. Neçə-neçə aydınlarımızı, hərəkatçıları, mübariz insanları Əli Kərimli bu 14 ildə xərcləyə-xərcləyə gəldi, hər kəs də seyrçi qaldı. Tənqid və iradlarımızı bildirəndə adımızı “hökumət adamı” qoyurlar”.


H. Əliyev təkcə Əli Kərimlinin yox, ona yaxın bir neçə şəxsin İran və Rusiya kəşfiyyatına bağlı olduğunu bildirib.


“Bütün bunları hələ 10 il öncə demişəm. 2003-cü ildən başlayaraq, yaradılan bütün birlik və blokların əleyhinə çıxış etmişəm. Çünki bu birliklər xalqın mövqeyini ifadə etmir, sadəcə olaraq, seçkiyə hesablanıb. Seçki bitəndən sonra dağılır. Ən son Mili Şura yarandı. O vaxt bu qurumun boş olduğunu və bir ildən sonra dağılacağını dedim. Belə də oldu. Bu insanlar 14 ildir bir-birini təhqir edir, küsür, sonra da heç nə olmamış kimi bir yerə toplaşırlar. Xalqı və özlərini aldatmaqdan başqa heç nə etmirlər. Bu gün Azərbaycan gəncliyinin milli ideologiya yönündə mübarizə aparmasına ehtiyac var. Lakin təəssüflər olsun ki, nə belə bir təşkilat var, nə də siyasi lider. Xüsusi qeyd etmək istədiyi bir məsələ var. AXCP milli düşüncədən, bütöv azərbaycançılıqdan və Elçibəy ideologiyasından uzaq, yolundan azmış xəyanətkarın əlindən alınıb öz varisinə verilməlidir. AXCP gəncliyi və hərəkatçılar mənim bu fikrimi yaxşı düşünsünlər. Əli Kərimliyə siyasi milli xətt yox, Xalq Cəbhəsinin sadəcə adı və statusu lazımdır”, - deyə o bildirib.


H. Əliyev qeyd edib ki, bu gün Azərbaycanda müxalifət deyə bir şey yoxdur. Onun sözlərinə görə, yeni qüvvələr, xüsusilə indiki gənclik milli ideologiya, bütöv azərbaycançılıq ideologiyası missiyasını öz üzərinə götürməli, təşkilatlanmalıdır: “Bu gün müxalifət dediyimiz düşərgə öz dövlətinin ayağını qazan, müstəqil Azərbaycan dövlətinə qarşı hər kəsdən, hətta xarici düşməndən dəstək alıb xəyanət etməyə hazır olanlardır. Öz millətini, dövlətini sevən siyasi liderlər bu gün birlik, bərabərlik nümayiş etdirib öz dövləti ilə birgə əsas ana problemimiz olan Qarabağı azad etmək üçün mübarizə aparmalıdır. Daha tarix boyu bu məmləkətə, xalqa tarix boyu qənim kəsilən rus və fars şovinizminə çalışmaz”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR