• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

AKP-li deputatdan Azərbaycan müxalifətinə “sərt sillə” – ÖZƏL

  • Nida.az
  • 12 Mart 2015 17:13
  • 825 Baxış
AKP-li deputatdan Azərbaycan müxalifətinə “sərt sillə” – ÖZƏL

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə ərəfəsində aparılan qarayaxma kampaniyasına münasibət bildirib.

AKP-li deputat Publika.az-a açıqlamasında deyib ki, indi belə beynəlxalq və nüfuzlu tədbirlər hər bir ölkədə keçirilmir. Onun sözlərinə görə, bu cür böyük tədbirlər yalnız inkişaf edən ölkələrdə təşkil olunur: “İstər “Eurovision”, istərsə də beynəlxalq idman tədbirləri olsun, bu cür tədbirlər müvafiq şərtlərə cavab verən və inkişaf edən ölkələrdə keçirilir. Yəni, bu cür beynəlxalq tədbirlərin birdən-birə problemli və inkişaf etməyən ölkələrdə keçirilməsinə imkan verilməz. Əgər bu cür beynəlxalq və nüfuzlu bir idman yarışının keçirilməsi Azərbaycana təklif olunursa, bu, ölkənizin inkişaf etməsindən xəbər verir. Azərbaycan buna razılıq verirsə, deməli, bu ölkənin dünyaya nümayiş etdirəcəyi nəyisə var. İnandırım ki, əgər Azərbaycan inkişaf etməsəydi, tanınmasaydı, o zaman heç kəs bunu sizə təklif etməzdi. Əgər sizin də hər hansı qorxunuz olsaydı, belə bir təklifi qəbul etməzdiniz. Ona görə də Azərbaycana qarşı həyata keçirilən bu cür qarayaxma kampaniyalarının da səbəbini iki məsələyə şamil etmək olar. Bunlardan biri Azərbaycanın inkişafı və sabitliyidir, digəri isə bu sabitliyi qoruyub saxlayan hakimiyyətin olmasıdır. Bu hakimiyyətin ona qarşı qərəzli olan hər hansı media və kampaniyadan heç bir qorxusu yoxdur. Dünya yaxşı bilir ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir. Ona görə də Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə görə bütün dünya bu ölkəyə təşəkkür etməlidir. Əks halda, bu idman yarışı ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələr həqiqətən də türk dünyasına və bu ölkəyə qarşı pis niyyətdə olduqlarını nümayiş etdirirlər”.

M.Kabaqçı bu cür qarayaxma kampaniyalarda ermənipərəst qüvvələrin də rolunun olmasını istisna etməyib: “Bu gün dünya mediasında bir çox xəbərlərin hansı məqsədlərlə yayılmasının əsl səbəblərini yaxşı bilirik. Yəni bu cür məlumatları sadəcə həqiqətlər ortaya çıxsın deyə yaymırlar. Çox təəssüf ki, bir qrup xarici lobbilərin göstərişləri əsasında bu cür xəbərlər tez-tez gündəmə gətirilir və bu işlər indi də davam edir. Bütün bunlar bu günün acı həqiqətləridir. Bütün bunlara qarşı da hesab edirəm ki, türk dünyası birgə fəaliyyət göstərməlidir, regionda yerləşən türk dövlətləri öz vahid diasporunu formalaşdırmalıdır və özləri böyük gücə sahib olmalıdır. İndi bizim üçün əsas məqsədlərdən biri budur”.

TBMM-nin deputatı Avropa Oyunlarına qarşı olan bəzi təşkilatlara da çağırış edib: “Çox təəssüf ki, bizim kimi ölkələrdə müxalifətlə bağlı vəziyyət belədir. Halbuki müxalifətin əsas işi yaxşıları təqdir etmək, səhvləri isə düzəltməyə kömək etməkdir. İndi dünyanın gözü Azərbaycanın üzərində olacaq. Bizim adət-ənənələrimizdə də var ki, evimizə gələn qonağın yanında ailə daxili dava etmək yaxşı hərəkət sayılmaz. Yəni gələn qonaqlara bütünlüklə hər birimiz yaxşı münasibət göstərməliyik. Yoxsa ki, hər əcnəbinin qarşısında ölkənin əleyhinə getməklə, dava salmaqla dövlətə fayda gətirmək olmaz. Hər bir ölkədə müəyyən problemlər olur. Əgər bu gün bizim də hər hansı problemimiz varsa, bunu öz aramızda danışıb həll etməliyik. İndi Azərbaycan Avropa Oyunlarına ev sahibliyi edəcək vəziyyətə gəlibsə, bundan iqtidar-müxalifət - hər kəs şərəf duymalıdır. İstər Türkiyə olsun, istərsə də qardaş Azərbaycan olsun, normalda bu, belə olmalıdır. Əgər bu gün Azərbaycanda elə böyük problemlər olsaydı, bu cür böyük yarışlara ev sahibliyi etməyə gücü çatmazdı. Əgər Azərbaycan inkişaf etməsəydi, heç Azərbaycana bu yarışa ev sahibliyi etmək təklif olunmazdı. Ona görə də hesab edirəm ki, ilk Avropa Oyunları çox nüfuzlu və əhəmiyyətli tədbir olduğu üçün bundan yalnız və yalnız qürur hissi keçirmək lazımdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR