• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukraynalı deputatdan Azərbaycanla bağlı etiraf

  • Nida.az
  • 30 Mart 2015 21:47
  • 545 Baxış
Ukraynalı deputatdan Azərbaycanla bağlı etiraf

Bu gün Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov qonaqlara Milli Məclisin strukturu, tərkibi və fəaliyyəti, qanunvericilik prosesi barədə məlumat verib. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söz açaraq nüfuzlu beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etdiyimizi məmnunluqla vurğulayıb. E.İbrahimov Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyimizi bildirib və bu mövqenin Azərbaycanın dövlət siyasəti olduğunu qeyd edib.

Sonra Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ali Radada Pyotr Poroşenko Blokunun deputatı Roman Nəsirov çıxış edib, bu səfərə böyük əhəmiyyət verdiklərini deyib. Ötən il Ali Radaya keçirilmiş seçkilərdən sonrakı dövrdə göstərdikləri fəaliyyətdən bəhs edib. Məlumat verib ki, başçılıq etdiyi işçi qrupunda iyirmi yeddi deputat var və onlar parlamentdəki bütün fraksiyaları təmsil edirlər.

Söhbət zamanı R.Nəsirov ölkəmizin vaxtilə üzləşdiyi çətinliklərdən uğurla çıxdığını qeyd edərək Azərbaycandan çox şey öyrənmək əzmində olduqlarını bildirib. O, iqtisadi sahədə hökumətlərarası komissiyanın işinin fəallaşdırılması vacibliyinə toxunub. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib və Milli Məclisin deputatlarını Ukraynaya dəvət etdiklərini bildirib.

Görüş zamanı deputatlardan Rüfət Quliyev, Elmira Axundova, Adil Əliyev ukraynalı həmkarlarına xoş münasibətlərini ifadə ediblər. Ölkələrimiz arasında ən müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün geniş perspektivlərin olduğu bildirilib.

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən Sergey Taruta, Maksim Kuryaçiy əməkdaşlıqla əlaqədar təkliflərini diqqətə çatdırıblar. Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR