Nida.az
Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən
məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və
təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən
qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu
millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi
torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin
uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə
malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan
və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin
əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii
sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası
XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı
müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə
etmişdir.
XIX əsrin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı
P.D.Sisianov Gəncəni tutduqdan sonra, 1805-ci il 22 may tarixli, 19
nömrəli raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə
görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə
də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha
çox cəhd göstərməliyik.
Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də
Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə
imzalandı.Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi
P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün
Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə
başladı.
Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat
verən mühüm sənəd olan və çar məmurları Yermolov və Mogilyovski
tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri”nə görə,
1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min
729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Yəni, hələ
1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə
erməni ailələrinin sayı artıb 4 min 366-ya çatmışdır.
Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə
çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın
Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir.
1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər
Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar
ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə
Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada
onların sayı ilbəil artmağa başladı.
Çar Rusiyasının Qafqazı işğal etməsini N.N.Şavrov açıq söyləyir və
bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin köçürülməsini
yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin
deyil, xaricilərin köçürülməsindən başladıq. Vətəndə arzuedilməz
ünsürlər sayılan bu kolonistlərdən Tiflis və Yelizavetpol (Gəncə)
quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar
ayrıldı və müxtəlif imtiyazlar verildi”.
Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə
qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə,
1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən
çox erməni köçürülmüşdür. Bu faktları N.N.Şavrov belə təsvir edir:
“1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox
İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki,
ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında,
Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət
torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000
desyatindən çox xəzinə torpağı ayrılmış və habelə bu məqsədlə
müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı
satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq
hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün
sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki,
rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi
köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.
Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən ermənilər
yaşamayan və ya az erməni yaşayan ərazilərdə yerləşdirildilər.
Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə
Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan
quberniyalarında ermənilərin sayı çox az olmuşdur.
Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar
Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın
müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində
məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu
himayədarlığı sonrakı illərdə də özünü göstərirdi.
XIX əsrin sonu — XX əsrin əvvələrində Cənubi Qafqaza ermənilərin
köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilədək —
13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü. Bu barədə
N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev
Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların
sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə
onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət
ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda
Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri
diyarın köklü sakinləri deyil. Onları buraya biz köçürmüşük”.
Ümumiyyətlə, Qarabağın dağlıq hissəsinə ermənilərin köçürülməsi
bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. 1897-ci ildə
əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841
ailədən 29 min 350-sinin azərbaycanlı, 18 min 616-sının isə erməni
ailəsi olduğu bildirilir. 1917-ci ildə isə Qarabağda ermənilərin
sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46 faizini,
azərbaycanlılar isə 51 faizini təşkil etmişdir.
1917-ci ilin “Kavkazski kalendar” məcmuəsinin yazdığına görə,
Qarabağda 199 min azərbaycanlı (58,3 faiz) və 142 min erməni (41,7
faiz) yaşayırdı. Göründüyü kimi, çar Rusiyasının himayəsi sayəsində
süni surətdə ermənilərin mərhələ-mərhələ köçürülüb Qarabağda
yerləşdirilməsinə baxmayaraq, azərbaycanlılar həmin torpaqların
əzəli sakinləri olmaqla yanaşı, bütün dövrlərdə çoxluq təşkil
etmişlər. “Kavkazski kalendar”ın salnamələrində verilən statistik
məlumatlar sübut edir ki, Ermənistanın indiki ərazisində də
əvvəllər azərbaycanlılar ermənilərdən xeyli çox olmuşdur. Məsələn,
1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur
qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 faiz), 91-i
kürd kəndi (27,8 faiz) və yalnız 81-i erməni kəndi (24,8 faiz)
olmuşdur.
1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən
1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142
min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı,
63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur. Ermənistan Mərkəzi
Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik
məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766
nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246
nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin
85,2 faizi).
Z.Kirokodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet
Ermənistanının əhalisi 1831-1931" kitabında da qeyd edilir ki,
İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid,
Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının
Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının
Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən
2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan 10 min
nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də
xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşdur.
İrəvan quberniyasının 1920-ci ilədək Azərbaycanın tərkibində olan
qəzalarında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı
xeyli çox olmuşdur. Məsələn, qəzada olan 99 min nəfərdən 62,6 mini
azərbaycanlı (66 faiz), 36,4 min nəfəri erməni (34 faiz)
olmuşdur.
İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında
isə azərbaycanlılar əhalinin üçdə birini təşkil etmişdir. 1916-cı
il yanvarın 1-nə olan məlumata görə, bu ölkələrdə əhalinin etnik
tərkibi yenə azərbaycanlıların xeyrinə çoxluq təşkil edirdi. İrəvan
qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5
min və ya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli
qəzasında 45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani
surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki
Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət
təşkil etmişlər.
Erməni millətçiləri XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə
“Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə
Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra,
ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə
qədəm qoydu.
XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı
etnik təmizləmə və soyqırımı siyasəti
“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə
çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda
azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı
həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki,
Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı
olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz
qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və
məcburi köçkünə çevrilmişlər. Çar Rusiyasının müstəmləkəçilik
siyasətinin tərkib hissəsi olan köçürülmə prosesi bütün XIX əsr
boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə
təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə
çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana
qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına
səbəb olmuşdur.
XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun”
partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını
reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi
torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma
yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini
həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-ci illərdə
ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda,
Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və
başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş,
əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış
və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və
Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında
azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran
qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və
məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını
(uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə
çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq
üçün etnik təmizləmə aparmışlar. Belə ki, Birinci Dünya müharibəsi
illərində də çarizmin himayəsinə sığınan ermənilər azərbaycanlılara
qarşı qırğınları davam etdirməyə başladılar.
1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən
sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş
fəaliyyətə başladılar. Eyni zamanda, V.Lenin tərəfindən 1917-ci
ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar
təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının
təşkilatçısı və rəhbərinə çevrildi.
Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən
1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197
kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər
bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran
qoyulmuşdur.
1918-ci ilin əvvələrində yəni mart qırğını ərəfəsində bilavasitə
Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın
idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan
Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da
erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım
atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar
azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər.
Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter
aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə
məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12
min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı
insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi
işgəncələrlə və amansızlıqla öldürülmüşdür.
Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı
ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə
yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud
deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları
kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son
vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba
şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini
təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə
erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər
cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin
məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə
məxsus olduğu müəyyən edilmişdir. Onu da qeyd emək lazımdır ki,
Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada
türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar
törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki,
1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər
yəhudi qətlə yetirilmişdir.
Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən
Qarabağda 150-dən çox kənd dağıdılmış və yandırılmış, eləcə də
Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir.
Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında
Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi
işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox,
Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270
nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min
azərbaycanlının 565 min nəfəri öldürülmüş və doğma torpağından
didərgin salınmışdır. Bu rəqəmi Z.Kirokodyan özünün “Sovet
Ermənistanının əhalisi 1831-1931" adlı kitabında təsdiq edərək
yazır ki, ”1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min
nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır.
1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar
burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər
olmuşdur".
1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və
Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri
məhv edilmiş, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə
yetirilmişdir.
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş
kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla
yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda,
Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız
şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən
qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma
torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan
torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən
məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv
edilmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan
sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılmış və ermənilərin
törətdikləri cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin
qərarı ilə hər il (1919 və 1920-ci il martın 31-də Ümummilli Matəm
Günü kimi qeyd edilmişdir) mart ayının 31-nin Matəm Günü kimi qeyd
edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu bu işi başa çatdırmağa imkan vermədi. Azərbaycan Xalq
Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət
1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz
kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan
torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan
Respublikası yaradıldı.
Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan və
bütün XIX əsr boyunca davam etdirilmiş köçürülmə prosesi
nəticəsində ermənilərin Qarabağın dağlıq hissəsində süni surətdə
çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana
qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına
səbəb olmuşdur. Ermənilərin ən böyük iddiası Qarabağı və Zəngəzuru
ələ keçirmək idi. Ermənistan hökuməti işğal planlarını həyata
keçirmək məqsədilə oraya silahlı qüvvələr göndərdi. Nəticədə,
Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı
qüvvələri yüzlərlə yaşayış məntəqəsini dağıtdı, minlərlə dinc
azərbaycanlı əhalisini qəddarcasına məhv etdi.
1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla
əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü. Bununla da,
Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk
rəsmi cəhd edildi. Problemi dinc vasitələrlə həll etmək üçün
Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də,
daşnakların tutduğu mövqe bu təkliflərin həyata keçməsinə mane
oldu.
Ərazi bütövlüyünü qoruyub saxlamağı və öz vətəndaşlarının
təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən
Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Respublikasının ərazi
iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan parlamenti “Qarabağ”
məsələsini müzakirə edərək separatçılıq hərəkatının qarşısını almaq
üçün əməli tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə
Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də Şuşa, Cəbrayıl,
Cavanşir və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb,
mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ
general-qubernatorluğunu yaratdı və Xosrov bəy Sultanov
general-qubernator təyin edildi. Azərbaycan hökuməti ona tapşırdı
ki, orada qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil
etsin.
Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın
23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və
Ermənistan respublikaları arasında müqavilə imzalandı. İmzalanan
müqaviləyə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər,
o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli
idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozmuş və
Azərbaycan ərazilərinə öz qoşunlarını göndərərək azərbaycanlılara
qarşı dəhşətli qırğınlar törətmişdir. Bütün bunlara baxmayaraq,
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın
Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin
qarşısı qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da
az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan
sovetləşəndən sonra yenidən ortaya atıldı.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən
ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı
dövrlərdə isə bu ərazilərdə tarixən yaşamış azərbaycanlıların
deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Bunun davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq
hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də
muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi
və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın
inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin
ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.
Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində
yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni
məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz
ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail
ola bilməmişdir.Lakin, bunun əvəzində 1947-ci il dekabrın 23-də
SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə
azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun
ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması
nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran
rayonlarına köçürülmüşdür.
XX əsrin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi
iddiaları və hərbi təcavüzü
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın
və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan”
ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək
yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları
irəli sürdülər.
Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın
təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz,
ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və
Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə,
eləcə də hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə
mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan
əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və
nəticədə, neqativ ictimai fikir formalaşdırılmışdı. Erməni
ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi,
sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar
saxtalaşdıraraq bütün İttifaq miqyasında yaymışdılar.
1988-ci il hadisələri başlananda ilk vaxtlar vəziyyəti son dərəcə
gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan
erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarları tərəfindən
vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış
plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir,
müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi.
Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi
barədə erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarlarının
irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.
Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki,
DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə
ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı
üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də
ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən
zorakılıqla çıxardılar, onların evləri yandırıldı.
Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR
Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini
kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi
haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. DQMV-nin
müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin
tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi,
bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və
digər sahələrinin, faktiki olaraq, Azərbaycandan ayrılması və
Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya
komitələri Ermənistan KP-nin tərkibinə daxil edildi. DQMV
ərazisində Ermənistanın bayrağı qaldırıldı. Sovet rəhbərliyinin çox
ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı
ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə
kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla
həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.
Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı,
Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə
avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə
azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı
Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin
işğalçılıq siyasətinin qurbanı oldu.
Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının
qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi.
Nəticədə, ermənilər Azərbaycan hökuməti tərəfindən nəzarət
olunmayan vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və
hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı
cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı
müharibəyə çevrilməsinə səbəb oldu.
1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin
gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük
fəlakətin yaxınlaşmasından xəbər verirdi.1991-ci ilin iyun-dekabr
aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və
Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər
öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr
aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı
avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması
nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı
yaralandı.
1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq
hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ,
İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı,
Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik
kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan
edildi.
Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından
SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri
tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar
təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə
yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və
yandırılmışdır. Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə
Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail
olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna
nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımına
və təcavüzə məruz qoyub didərgin salmışdır. Bu illər ərzində Dağlıq
Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315
silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki,
bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər
yaralanmışdır.
Eyni zamanda, bu dövrdə etnik təmizləmə nəticəsində Ermənistandakı
185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı
təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovuldu.
Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata
keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə
qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin
əmlakı qarət olunmuşdur.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin
ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış
məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın
Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri
tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun
Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın,
qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş,
eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə
təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68
nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə
əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları
sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara
qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların
başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla
çıxarılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi
insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı
kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz
başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə,
əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə
91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə
yetirilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri Xankəndidə yerləşən Sovet ordusundan qalmış 366-cı
motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının
iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan
etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı,
yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu
soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü
ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca
idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki,
onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir
götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda
onlarca erməni zabiti və giziri iştirak etmişdir. Xocalı
soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də sovetlərdən
qalma 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü,
martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi
texnikası başqa hərbi hissələrə paylandı.
1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və
Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Elə həmin
gün Şuşa işğal edildi. Sonralar aydın oldu ki, görüş zamanı
Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində
atəşin dayandırılmasından erməni tərəfi, əslində, başqa məqsəd
güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz
niyyətlərini gizlətmək üçün lazım idi. Şübhəsiz ki, Ermənistan
rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar
olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda
danışıqlar apardığı vaxtla üst-üstə düşür və bağlanan sülh
müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla
yanaşı, ermənilər, həmişə olduğu kimi, hücum ərəfəsində bütün
dünyaya Şuşadan Xankəndiyə güclü hücumlar edilməsi barədə
dezinformasiya yaymışdılar.
Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi,
24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda
döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər isə yaralandı, 58 nəfər
itkin düşdü. Bu hadisə mütəmadi şəkildə BMT Nizamnaməsini və
ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq
hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan
hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan
təcavüzkar siyasət yeritdiyini bir daha təsdiq etdi. Şuşanın işğalı
sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol
oynadı. Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa
şəhərinin işğalından sonra, erməni hərbi qüvvələri Şuşa-Laçın
yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın
şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin
məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək,
Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək
üçün onların arasında dəhliz açmaq idi.
Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni
mayın 18-də iki respublikanın arasında yerləşən qədim Azərbaycan
şəhəri Laçını da zəbt etdilər. Nəticədə, 1385 kvadratkilometr
ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Heç şübhəsiz
ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni
icması, hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan
Azərbaycan ərazilərini işğal edə bilməzdi. Beləliklə, “öz
müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında
Azərbaycanın Dağlıq Qarabağ bölgəsınin Ermənistanla birləşdirən
dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin
Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi
işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin
“humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli
miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.
Nəticədə, mono-etnik dövlət yaratmağa nail olan Ermənistan silahlı
qüvvələri ona himayədarlıq edən dövlətlərin köməyindən istifadə
edərək Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr)
hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük
olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
bölgələrini işğal etdi. Bütün bu ərazilər ermənilər tərəfindən
etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi
iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik erməni
icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu
proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox
azərbaycanlı əhalinin öz torpağında qaçqın vəziyyətinə düşməsinə
gətirib çıxardı.
Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan
silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə
yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi
əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey
sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan
edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon
kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən
Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən
ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və
yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında,
sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və
dövlət obyektlərində) 373 terror aktı törədilmişdir ki, nəticədə
1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu
işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə
ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20
000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu
yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil
olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357
nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda
əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə,
439 nəfər əsirlikdə öldürülmüşdür.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün
insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən
biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi
yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi,
Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də
geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc
əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş
əks-səda doğurmuşdur.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının
əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə
siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü
ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı
soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə,
ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri
soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il
martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilmişdir.
Ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi
surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli
fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların
deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə
hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə
çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar
təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi baxımından deyil,
eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından
da əhəmiyyətlidir.
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas
istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan
Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq
bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin bir
çoxunda Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn
əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş
Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi
qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada
soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın
Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş
soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara
qarşı tətbiq olunmuşdur.
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən
faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə
— 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü
illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik
təmizləmələrə məruz qalmışdır.
Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən
artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona
görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq Ermənistan
Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia
qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Münaqişənin nizama salınması prosesində Azərbaycan Prezidenti İlham
Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin dövlət
başçısı Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə
siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç
vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad
etmək üçün bütün vasitələrdən istifadə olunacağını qətiyyətlə
vurğulamışdır.
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru,
professor
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO