• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rasim Musabəyov: “Ermənistan körpü yox, kiflənmiş dalandır”

  • Nida.az
  • 8 Aprel 2015 10:23
  • 567 Baxış
Rasim Musabəyov: “Ermənistan körpü yox, kiflənmiş dalandır”

“Erməni politoloqlar və siyasətçilər vaxtaşırı bu ölkənin Avrasiya İttifaqı və Avropa Birliyi arasında körpü olduğuna dair ümidverici fikirlər səsləndirirlər. Ermənistan körpü yox, kiflənmiş dalandır”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, bu yaxınlarda Çinə səfər edən Serj Sarkisyan ölkəsinə qayıdandan sonra ictimaiyyətə uydurma xəyallarından danışıb: “O, Ermənistanın “İpək yolu” layihəsində iştirak edəcəyini iddia etdi. Hərçənd bu ölkənin coğrafi mövqeyi, kommunikasiyaların və resursların yoxluğu buna imkan vermir. İndi İranın nüvə proqramında əldə olunan razılıqdan dərhal sonra erməni siyasətçilər Tehranın öz qazını məhz Ermənistan vasitəsilə çıxaracağını iddia edirlər.

Lakin İran milyardlarla pul xərcləyib bu kəməri niyə həmsərhəd olduğu Türkiyəyə Ermənistandan keçirərək aparmalıdır? Halbuki Türkiyə və İran arasında boru kəməri də mövcuddur. Digər tərəfdən, hazırda İranla Ermənistan arasında milyardlarla dollar tələb edən dəmiryol layihəsi haqda illüziyalar səslənir. Lakin bunun reallaşmayacağını ermənilər çox gözəl bilirlər. Bunun ciddi qəbul olunmaması da təəccüblü deyil. Sadəcə olaraq, rəsmi İrəvan mənasız vədlərlə öz ictimaiyyətini aldadır”.


R. Musabəyov hesab edir ki, Ermənistanı bu günə qonşuları ilə apardığı düşmənçilik və yararsız liderləri salıb.


“Ermənistan bütün qonşularına qarşı əsassız iddialar irəli sürməklə və düşmənçilik aparmaqla özünü regional layihələrdən təcrid etdi. Bu baxımdan, onun hansısa beynəlxalq vasitəçiliyə, yaxud tranzit roluna iddia etməsi gülməlidir. Bu ölkənin kiçik ərazisində təhlükəli və ekoloji zərərli olan “Metsamor” AES, “Nairit” kimyəvi kombinatı var. Eyni zamanda, yoxsulluq və qanunsuzluğa görə hər il minlərlə vətəndaş ölkəni tərk edir. Bu baxımdan, Ermənistanın fəlakət zonası və kiflənmiş geosiyasi dalan olduğunu demək daha məntiqlidir, nəinki “körpü”. Onların tranzit olmaq və bundan gəlir əldə etmək xəyallarının gerçəkləşməsi mümkün deyil. Erməni siyasətçiləri və ideoloqları bu amansız reallığı dərk etmir və buna görə də ölkənin iflası hər keçən gün daha da yaxınlaşır”, - deyə R. Musabəyov vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR