"Azərbaycan naminə Türkiyədə daxili nüfuz savaşı gedir" - TƏHLİL
Bizi izləyin

Nida.az

"Azərbaycan naminə Türkiyədə daxili nüfuz savaşı gedir" - TƏHLİL

Fərman Dəmirqol da TİKA vasitəsilə Azərbaycanda möhkəmlənmişdi.

Türkiyədə “17 dekabr əməliyyatları”ndan sonra başlanan camaat - AKP qarşıdurması tərəflərin kartlarını bir-bir açması ilə davam edir. Türkiyə hökuməti Gülən icmasını neytrallaşdırmaq istiqamətində atdığı addımlarda səs yazılarının yayılmasına başlayıb. Fətullah Gülənin son səs yazısında isə camaatın Azərbaycanla əlaqələrindən bəhs edilir. Gülən icması bunu təkzib edərək, səs yazılarının montaj olduğunu iddia edir, həmçinin Azərbaycandan da təkziblər verilir.

Türkiyənin daxili savaşı olan bu mübarizədə Azərbaycanın da adının hallanması açıq suallar ortaya çıxarır. Maraqlıdır, AKP camaatın Azərbaycanla əlaqələrinə dair səs yazıları ortaya çıxartmaqla nəyə nail olmaq istəyir? Burda iki mühüm amil var. Birincisi, Gülən icmasının neytrallaşdırılması işinin davamı olaraq bu addım atılır. İkinci və ən vacib amil isə camaatın Azərbaycanla əlaqələrinə zərbələr vurur. Əslində baş verənlər tərəflərin nifrət savaşından çox, nüfuz müharibəsidir. Yəni Türkiyə daxilində Azərbaycanla əlaqələr uğrunda gedən bir savaşdır. Çünki buna qədər Azərbaycanla əlaqələr daha çox Türkiyə Qərargah rəisi, yəni ordu vasitəsilə tənzimlənirdi. Bu məsələdə güc ordunun əlində idi. Buna paralel olaraq da Gülən icması əlaqələrini xeyli genişləndirmişdi. Lakin AKP ordunu çökdürdükdən sonra bu istiqamətdə növbəti hədəf camaat olmalı idi və son səs yazıları ilə bu prosesə start verildi.

Səs qeydlərinin MİT tərəfindən yayılması əsas ehtimal kimi bu əlaqələrin qurumun rəhbəri Hakan Fidana dövr edilməsi kimi qiymətləndirilə bilər. Belə ki, H. Fidan vaxtilə Azərbaycanda Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri kimi fəaliyyət göstərib və istihbarata məhz burdakı fəaliyyətindən sonra gedib. Bəzi iddialara görə, TİKA bir növ leqal kəşfiyyat qurumu olaraq fəaliyyət göstərir. Güman ki, H. Fidan Azərbaycanı yaxşı tandığından indi Azərbaycanla əlaqələrdə öz qurumunu önə çıxmasında maraqlıdır. belə ki, adətən ölkəmizlə əlaqələrdə türk silahlı qüvvələri, Türkiyə Jandermeriyası, müəyyən dövrlərdə TÜSİAD, Diyanet Başkanlığı, MHP-yə yaxın iqtisadi -siyasi dairələr və ya Gülən icması önə çıxırdı. İndi bu qüvvələrin demək olar hamısı ya neytrallaşdırılıb, ya AKP-nin iradəsinə tabe etdirilib. Hələlik gücünü və neytrallığını qoruyan Gülən icmasıdır.

Bunu H. Fidanın şəxsi məsələsi də hesab etmək olar. AKP-camaat münasibətlərinin pozulduğu Oslo danışıqlarının ortaya çıxarılması və H. Fidanın çarəsiz duruma salınmasını Gülən icması reallaşdırmışdı. F. Gülənin səs yazılarının yaymaqla MİT şefi həm əvəzini alır, həm də Azərbaycanla əlaqələrdə əsas fiqur olmağa can atır.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də Publika.Az –a açıqlamasında bu ehtimalları yüksək qiymətləndirir. Qeyd edir ki, H. Fidan Azərbaycanla bağlı məlumatların əsas mənbəyi hesab edilə bilər: “Hakan Fidan TİKA-nın Azərbaycan bölməsinin sədri idi. Fərman Dəmirqol da TİKA vasitəsilə Azərbaycanda möhkəmlənmişdi. Hakan Fidan TİKA nümayəndəsi kimin Azərbaycanda humanitar xarakterli tədbirləri həyata keçirirdi. Eyni zamanda Azərbaycanın bir sıra problemlərinin həlli üçün Türkiyənin yardımını təmin edirdi. Ən başlıcası isə ali məktəblər arasında əlaqələri yaradırdı. Hakan Fidan Rəşid Behbudov küçəsində iki mərtəbəli binada otururdu. Böyük səlahiyyətləri olmayan bir adam idi. Həmin dövrdə Azərbaycanın siyasi xadimləri ilə əlaqələr qura bilmişdi. Onun ulduzu Ərdoğan baş nazir olduqdan sonra parladı. Ərdoğan onu Türkiyəyə apardı və MİT-ə yerləşdirdi”.

Politoloq istisna etmir ki, Azərbaycana qarşı məlumatlarda əsas rolu H. Fidan oynayır.“Bu cür məlumatlar təxribatdır. bəzi rəsmiləri nurçuluqda ittiham edirlər, bu, gülməli bir şeydir. Amma Ərdoğan özünü kənara çəkir, həmçinin CHP-nin Azərbaycanda kirli işlərlə məşğul olduğunu bəyan edir. Görünən budur ki, Azərbaycan naminə Türkiyədə daxili nüfuz savaşı gedir. Burda əsas rolu da Hakan Fidan yerinə yetirir. Onun vasitəsilə MİT Azərbaycan hakimiyyəti daxilində müəyyən qruplaşmalar yaratmağa, parçalanmalara rəvac verməyə çalışırlar”.

Q. Hüseynli medianı da bu məsələləri qabartmaqda, qızışdırıcı mövqe tutmaqda günahlandırır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm