Millət vəkili Fırat Universitetində Xocalı soyqırımından danışıb
Bizi izləyin

Nida.az

Millət vəkili Fırat Universitetində Xocalı soyqırımından danışıb

“Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir”. Publika.Az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Elazığın Fırat Universitetində Xocalı Soyqırımın 22-ci il dönüm ilə əlaqədar keçirilən konfransda deyib. Mərasimdə Universitetin rektoru Kutbeddin Demirdağ rektor köməkçisi Nuri Orxan, professor və müəllim heyəti, millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak edib.Türkiyə və Azərbaycan dövlət himnlərinin oxunması ilə konfransa start verilib. Daha sonra millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu “Xocalı soyqırımı” filmi nümayiş etdirilib.

Filmin nümayişi zamanı göz yaşlarını saxlaya bilməyən millət vəkili çıxış edərkən “bütün bu hadisələrin baş verdiyi dövrün şahidi olaraq bu filmlərə baxmaq mənimçün çox çətindir”,- deyib. Q. Paşayeva Elazığın Azərbaycana verdiyi önəmi yüksək qiymələndirib. Onun sözlərinə görə, “Qarabağın işğalı edilmiş ərazisi olan Xankəndi adına məhəllənin olması, SSRİ dövründə təqiblərə məruz qalan və Elazığa gələn Almas İldırım, Türk dünyasının böyük şairi olan Bəxtiyar Vahabzadənin adlarına küçələrin olması Azərbaycan adlı parkın salınması bir azərbaycanlı olaraq məni çox duyğulandırdı. Ermənistanın 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq”.

Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib. Q.Paşayeva beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edib:

"Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir".

Q.Paşayeva, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalı olduğunu dilə gətirib.

Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”, – ruhunda böyütmək olduğuna diqqəti cəlb edib.

O, həmçinin bildirib ki, nənələrimizin, “görməsək də duymasaq da o köy bizim köyümüzdür” sözlərini rəhbər tutaraq Dağlıq Qarabağı, o gözəl torpaqları: Xankəndini, Laçını, Şuşanı birlik və bərabərlik içində Ermənistan işğalından azad etməliyik:

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.

Daha sonra çıxış edən Fırat Universitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağ Elazığ üçün Azərbaycanın çox böyük önəm daşıdığını, Azərbaycanın acısının ortaq acı olduğunu dilə gətirib. O bildirib ki, Azərbaycanın gözəl bölgələrindən olan Dağlıq Qarabağın bərabərlik içində işğalda azad ediləcəyinə inanır.

Həmçinin rektor universitetdə 60-dan çox azərbaycanlı tələbənin təhsil aldığını onların Elazığda heç də qəriblik çəkmədiyini dilə gətirdi.K. Demirdağ onların həm universitetin, həm də Elazığın mədəni işlərində fəal olduğunu dedi.

Sonda Q. Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları universitetin kitabxanasına bağışlayıb. Eyni zamanda Fırat Universitetinin rektoru Kurbettin Demirdağa Azəraycanın tarixi və incəsənətinə həsr olunmuş hədiyyələr təqdim edilib. Rektorda öz növbəsində millət vəkili Qənirə Pşayevaya xatirə plaketi hədiyyə edib

Azərbaycanlı tələbələrə müəllifi və həmmüəllifi olduğu kitabları imzalayan millət vəkili onların suallarını cavablandırıb,xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, konfransda millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, "Ədəbiyyat" qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, "Simsar" informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, "Lider" Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm