“Gülər Əhmədovanın ayağı tutulmayıb” – Rəsmi
Bizi izləyin

Nida.az

“Gülər Əhmədovanın ayağı tutulmayıb” – Rəsmi

Tibb Baş İdarəsi: “Onun səhhəti stabildir”

Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədovanın vəziyyəti yenidən pisləşməsi ilə bağlı xəbər yayılıb. Bu barədə movqe.az-a Gülər Əhmədovanın vəkili Əfsər Talıbov məlumat verib. Ə. Talıbov bildirib ki, G. Əhmədova yeriyə bilmir:

“Sol ayağı tamamilə tutulub, yeriyə bilmir. Təcridxananın tibb məntəqəsinin həkimləri sabah ciyərlərini də müayinədən keçirəcəklər. Səhhəti günü-gündən pisləşir. Gözündə də problem yaranıb, əsmə var. Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutundan həkim dəvət edilib. Sabah yenidən G. Əhmədovanı müayinə edəcəklər”.

Lakin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi G. Əhmədovanın vəkilinin dediklərini təkzib edir, məlumatların düzgün olmadığın bildirir. İdarənin rəis müavini İftixar Qurbanov Publika.Az saytına deyir ki, G. Əhmədovanın səhhətində problem yoxdur: “Ayaqları tutulmayıb, səhhətində heç bir kəskinləşmə halı yoxdur. Onun səhhəti stabildir. Heç bir problemi yoxdur”.

G. Əhmədovanın vəkilini niyə bu cür məlumatlar yayması məsələsinə gəldikdə isə İ. Qurbanov bunları dedi: “O vəkildir. Onların öz fəaliyyət istiqaməti var. Deyə bilmərəm ki, niyə belə yalan məlumatlar yayırlar”.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində G. Əhmədovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxunub.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G. Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Elmin Bədəlov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm