• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sədr seçilsə, partiyanı ləğv edəcək - Müsavat başqanlığına iddialı

  • Nida.az
  • 4 Mart 2014 12:09
  • 452 Baxış
Sədr seçilsə, partiyanı  ləğv edəcək -  Müsavat başqanlığına iddialı

"Əgər başqan seçilərəmsə, Müsavat Partiyası ilə AXCP-nin birləşməsini təklif edəcəm". Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri, partiya başqanlığına namizədliyini irəli sürəcəyini bəyan edən Səxavət Əlisoy yeni başqan seçildikdən sonra Müsavat-AXCP münasibətləri barədə açıqlamasında deyib.

S.Əlisoy qeyd edib ki, Müsavat Partiyası ilə AXCP arasında münasibətlər onun üçün hər zaman prioritet məsələ olub: "Yəni başqan seçilsəm də, seçilməsəm də, hər zaman prioritet kimi Müsavat Partiyası ilə AXCP-nin birləşməsini ortaya qoymuşam və uzun müddət bizim bununla bağlı fikir mübadilələrimiz olub. Başqan olduğum halda bu məsələ qəti şəkildə həll olunacaq".

S.Əlisoy hesab edir ki, bu iki partiyanın yalnız birlikdə fəaliyyəti siyasi bəhrə verə bilər: "Ayrı-ayrılıqda fəaliyyət göstərdikləri halda yalnız çox kiçik, lokal zəfərlərdən söhbət gedə bilər".

Başqan müşavirinin fikrincə, Azərbaycanda siyasətlə məşğul olan şəxslərin ən böyük çatışmayan cəhət ondan ibarətdir ki, onlar öz vəzifələrini əbədi bilirlər: "Siyasi partiyası, QHT-si, mətbuat qurumu olanlar elə hesab edirlər ki, bu təşkilatlar yalnız bunlar üçündür və bunu əldən vermək söhbəti yoxdur. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün müəyyən zaman kəsiyi var. Bu zaman kəsiyindən sonra mütləq aşağı düşmə başlayır. Siyasi partiya rəhbərləri də bunu anlamalıdırlar, qəbul etməlidirlər ki, siyasi partiya rəhbərliyi əbədi deyil".

Onun sözlərinə görə, kimsə daha intellektual siyasət apararsa, təbii ki, digər partiyalar ondan arxa planda qalacaqlar: "Bu baxımdan, mən siyasi liderlərin lider kreslosunda əbədi oturmaq fikri ilə razı deyiləm. Siyasət aparmaq üçün heç də vacib deyil ki, hər hansı bir partiyanın sədri və ya sədr müavini olasan. Həmin partiyada öz fikirlərini daha dolğun çatdıra bilirsənsə və səni anlayırlarsa, orada vəzifənin o qədər də önəmi yoxdur. Əsas məsələ hədəfə doğru düzgün irəliləməkdən ibarətdir".

S.Əlisoy AXCP-Müsavat birləşməsi olarsa, başqanlıqdan imtina etməyə hazır olduğunu bildirib: "Əgər AXCP ilə Müsavat Partiyası birləşsə və şərt qoysalar ki, mən o partiyada olmayım, bu, mənim üçün böyük söhbət deyil, mən o partiyada olmaram. Amma mən eyni şineldən çıxan adamların bəzilərinin təkəbbürü ucbatından ayrı-ayrı səngərlərdə qalmasını qəbuledilməz sayıram".

Qeyd edək ki, mayın 24-də Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır. Qurultay zamanı partiya başqanlığına seçkilərin keçirilməsi nəzərdə tutulur. Hazırkı başqan İsa Qəmbər yenidən başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib. Mətbuatda isə bəzi namizədlərin partiyadaxili qrup yaradaraq öz rəqiblərinə qarşı kampaniya aparmaları barədə məlumatlar yayılıb.

Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra AXCP ilə münasibətlərində gərginlik yaranıb. Hətta AXCP yalnız Milli Şurada təmsil olunan təşkilatlar ilə əməkdaşlıq edəcəyini əsas gətirərək, Müsavat Partiyasının müttəfiqlik sazişi təklifindən imtina edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR