• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazim İbrahimov: Azərbaycan diasporunun formalaşması Heydər Əliyevin adı ilə bağlıdır

  • Nida.az
  • 10 May 2015 16:12
  • 372 Baxış
Nazim İbrahimov: Azərbaycan diasporunun formalaşması Heydər Əliyevin adı ilə bağlıdır

"Azərbaycan diasporunun formalaşması, təşəkkül tapması, bu gün səsini dünyada yüksək nöqtələrə çatdıra bilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Nəinki Azərbaycan diasporunun, ümumilikdə Azərbaycanın, xalqın varlığı, inkişafı Heydər Əliyevin adı ilə bağlıdır". Bunu Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan vətəndaşlarının, burada yaşayan millətlərin, dünyada yaşayan 50 milyon azərbaycanlının hər yerdə “Biz fəxr edirik ki, azərbaycanlıyıq!” deməsi öz başlanğıcını məhz Heydər Əliyevdən götürüb.

N.İbrahimov bildirib ki, Heydər Əliyev Azərbaycanın adını dünyada ən uca zirvələrə qaldırdı: "Məhz onun sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində və tarixində önəmli yer tutdu, insanların özlərinə və dövlətə inamı, etibarı artdı. Nə qədər ki, Azərbaycan var, bu xalq var, hər birimiz onun xatirəsini əziz tutacağıq. Biz hər birimiz Vətənimiz və ulu öndərimizin xatirəsi qarşısında borcumuzu ödəməliyik”.

Komitə sədrinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycan Respublikasının diaspor işinə ayırdığı zaman mərhələsini bir neçə hissəyə bölmək mümkündür: "İlk dövrə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra başladığı böyük fəaliyyət, səfər etdiyi dünya ölkələrində azəbaycanlıların toplanması, onlara azərbaycançılıq ideologiyasını aşılaması, onları Azərbaycanla fəxr etməyə sövq etməsi, birliyə çağırmasını aid etmək olar. Bu dövr 2003-cü ilədək illəri əhatə edir. Dahi liderin həmin illərdə bu sahədə gördüyü həqiqətən nəhəng işləri, fəaliyyəti, nəzəriyyələri oldu. Onun verdiyi göstərişlər, qurduğu ideologiya öz bəhrəsini verdi. Bunun kulminasiya nöqtəsi 2001-ci ildə Bakı şəhərində dünyanın müxtəlif ölkələrindən olan çoxlu sayda Azərbaycan diaspor nümayəndələrinin iştirak etdiyi Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi oldu. Bunu Azərbaycan Respublikasının diaspor fəaliyyətində böyük bir işin başlanğıcı saymaq olar. Buna qədərki dövrü hazırlıq illəri hesab etmək olar. 2001-ci ildən sonra isə diasporumuzun təşkilatlanması geniş vüsət aldı. Çox qısa müddətdə dünyanın müxtəlif ölkələrində yüzlərlə təşkilat yarandı və fəaliyyətə başladı. Azərbaycanlılar təşkilatlarını yaradaraq həm Azərbaycanın dünyada tanıdılması üçün, həm də dövlətçiliyimiz ətrafında sıx birləşərək fəaliyyətə başladılar. Bununla bağlı 2002-ci ildə Dövlət Komitəsi yarandı. O zaman komitə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi adlanırdı”.

N.İbrahimov bildirib ki, zaman keçdikcə, Azərbaycan diasporunun nümayəndələri xarici ölkələrdə yerləşdikcə, kök atdıqca, təşkilatlar akademik formaya gəlib çıxdıqca, iş fəaliyyətinin dərəcəsi və dairəsi də genişləndi, görülən işlərin keyfiyyəti artdı: “Azərbaycan diasporu başqa diasporların yüz illər ərzində gördüyü işləri qısa müddət ərzində görə, özünü göstərə və tanıtdıra bildi. İndi Azərbaycan diasporu bütün dünyada tanınan, sayılan və fəaliyyətini yüksək səviyyədə quran diaspora çevrilib. Prezident İlham Əliyevin də ümummilli lider Heydər Əliyevin başladığı böyük siyasəti davam etdirməsi və bu sahəyə qayğısını artırması, ona çox ciddi diqqət yetirməsi Azərbaycan diasporunun uzun illər ərzində keçə biləcəyi yolu qısa müddətdə keçməsini sürətləndirdi”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR