Hadı Rəcəbli: “Avropa Oyunları Azərbaycanın strateji tərəfdaşlarının sayını artıracaq”
Bizi izləyin

Nida.az

Hadı Rəcəbli: “Avropa Oyunları Azərbaycanın strateji tərəfdaşlarının sayını artıracaq”

“Son 10 il ərzində ölkəmizdə 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Artıq belə demək olar ki, Azərbaycan bir idman ölkəsinə çevrilib. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə təşkili Olimpiya ailəsində ölkəmizə yüksək inam yaradıb. Ölkəmizin sosial-iqtisadi inkişafı, inşa olunan idman infrastrukturları və idmana olan dövlət qayğısı onu deməyə əsas verir ki, Azərbaycan hökuməti bu inamı da doğrultmaq üçün üzərinə götürdüyü öhdəliyi ən yüksək formada reallaşdıracaq”.

Bu fikirləri Publika.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, Azərbaycana gələcək qonaqlar xalqımızın qonaqpərvərliyinin şahidi olacaq, milli adət ənənələrimiz, mətbəximiz və tarixi abidələrimizlə tanış olacaqlar. Bu da Azərbaycanın dünyaya təqdimatı deməkdir: “Azərbaycan hökuməti bütün beynəlxalq tədbirlərdə olduğu kimi Avropa Oyunlarında da ictimai təhlükəsizliyin tam təmin olunması üçün bütün lazımi tədbirləri həyata keçirəcək və ölkəmiz yenə də öz yüksək təşkilatçılıq qabiliyyəti ilə dünya birliyi tərəfindən müsbət rəy alacaq. Bu isə Azərbaycanın strateji tərəfdaşlarının sayının artmasına, dövlətimizin qüdrətinin daha da yüksəlməsinə öz müsbət töhfəsini verəcək və bu uğurlara kölgə salmaq istəyən anti-azərbaycançı şəbəkələrə sarsıdıcı zərbə vurmuş olacaq”.

Millət vəkili həmçinin qeyd edib ki, bu tipli oyunların keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanuna idman yarışları zamanı təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı əlavə və dəyişikliklər edilib. Qanuna yeni 40-1-ci maddənin əlavə edildiyini deyən H. Rəcəbli bildirib ki, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi ilə bağlıdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm