“Natural Gas Europe”: “Azərbaycan Avropa üçün ən real mənbə olaraq qalır”
Bizi izləyin

Nida.az

“Natural Gas Europe”: “Azərbaycan Avropa üçün ən real mənbə olaraq qalır”

“Azərbaycan Avropanın qaz təchizatında yeganə mənbə olaraq qalır”.


Publika.az xəbər verir ki, bu barədə “Natural Gas Europe” nəşri yazıb.


Nəşr qeyd edir ki, Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi Türkiyədən keçir: “Bu, Türkiyənin yeganə tranzit olması deməkdir. Artıq TANAP-ın tikintisi başlanıb. Bu kəmərlə qaz türk-yunan sərhədinə qədər aparılacaq. Bundan başqa, Yunanıstan və Bolqarıstana qazın çatdırılması haqda müqavilələr imzalanıb. 2019-cu ilə qədər 10 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına hərəkət edəcək. Lakin bu həcm Avropanı təmin etməyəcək. Bu baxımdan, Türkmənistan qazının da bu kəmərə qoşulma perspektivi var. Türkmən qazının yolundakı əngəl isə Xəzər regionu ilə bağlı fikir ayrılığıdır. İran və Rusiya bütün vasitələrlə buna qarşı çıxır. Buna görə də Aşqabadın Çin bazarına çıxması daha realdır, nəinki Avropa bazarına”.


“Natural Gas Europe” Avropa bazarına qazın çatdırılmasında digər iddiaçı kimi İranı göstərir.


“Lakin bu, şübhəli görünür. Hətta sanksiyalar yaxın günlərdə tamamilə ləğv olunsa belə, İran öncə daxili vəziyyətini düzəltməyə çalışacaq. İrandan başqa mənbə olaraq İraq da gündəmdədir. İraq hökuməti yaxın günlərdə elan etdi ki, Şimal bölgəsində qaz ehtiyatlarının həcmi 3 trilyondan 6 trilyon kubmetrə qədərdir. Lakin regionun geosiyasi vəziyyəti İraqın alternativ olma şanslarını zəiflədir. İsrail də Avropa bazarına talib olan mənbələrdəndir. Bu ölkənin 1 trilyon kubmetrdən çox qaz ehtiyatlarının olduğu deyilir. Lakin çoxsaylı investisiya qalmaqalları, həmçinin, ölkənin az inkişaf etmiş qaz infrastrukturu İsrailə Avropanın enerji təhlükəsizliyinin zamini olmağa imkan vermir. Beləliklə, bu gün Azərbaycan Avropanın enerji təchizatında ən real mənbə olaraq qalır”, - deyə nəşr qeyd edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm