TANAP, yoxsa “Türk axını”: Ağ Evlə Kremlin savaşı Bakı və Ankaranı narahat edir
Bizi izləyin

Nida.az

TANAP, yoxsa “Türk axını”: Ağ Evlə Kremlin savaşı Bakı və Ankaranı narahat edir

Rusiya ilə qaz uğrunda mübarizədə Qərbin ən böyük ümidi TANAP-dır.


Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” nəşri yazır.


Alternativlər sırasında Azərbaycanla yanaşı İran, İraq, İsrail və Kipr də var. Brüssel bu istiqamətdə səylə çalışır. Lakin bu, Moskvanın heç nə etmədən sakit dayanacağı demək deyil. Sirr deyil ki, Rusiya daha əvvəl ona alternativ olan “Nabucco”nu sıradan çıxarmaq üçün hər şey edirdi. İndi onun TANAP-a qarşı heç nə etməyəcəyinə heç kim zəmanət vermir.
Rusiya “Nabucco”ya qarşı “silah” kimi istifadə etdiyi “Cənub axını” layihəsindən imtina etdi. İndi onun əlindəki “silah” “Türk axını”dır. Bu layihə “Cənub axınından” fərqli olaraq Bolqarıstandan deyil, Türkiyə və Yunanıstandan keçəcək.


Hazırda Rusiya TANAP-ı qabaqlamaq və 2016-cı ilə qədər kəmərləri inşa etmək niyyətini açıqlayıb.

Rusiya hesab edir ki, “Türk axını”nı 2018-ci ildə başa çatacaq TANAP-dan iki il əvvəl yekunlaşdırmaqla prinsipiallığını sübut edəcək və Avropanın mövqeyini mütləq dəyişdirəcək.


ABŞ da öz növbəsində “Türk axını” ətrafında cərəyan edən prosesləri diqqətlə izləyir. Vaşinqton avropalı müttəfiqlərinin qaz sahəsində Rusiyadan asılılığının davam etməsini istəmir.

Bu günlərdə ABŞ öz mövqeyini bir daha diqqətə çatdırdı. Dövlət Departamentinin energetika resursları Bürosunun rəhbəri Amos Hokşteyn Afinanı “Türk axını”ndan imtina etməyə çağırdı. Amerikalı diplomat qeyd edib ki, bu layihə Yunanıstanın maliyyə problemlərini həll etməyəcək. Çünki Rusiya bundan siyasi məqsəd üçün istifadə edir.


“Afina “Türk axını”ndan imtina etsə, Yunanıstan xarici investorlar üçün cəlbedici olacaq”, - deyə Ağ Ev diplomatı bildirib.

Amerika Yunanıstana Azərbaycan qazını Avropaya daşıyacaq TANAP-ı dəstəkləməyi təklif edir.

“TANAP Yunanıstanın maraqlarına cavab verən layihədir. Bu layihə daha çox iş yeri yarada bilər. “Türk axını” isə daha çox Avropanın Rusiya qazından asılılığını artıracaq. TANAP isə Yunanıstana şəxsi energetika layihələrini inkişaf etdirmək imkanı verəcək layihədir”, - deyə Hoşteyn vurğulayıb.


Nəşr qeyd edir ki, Türkiyə üçün TANAP da, “Türk axını” da sərfəlidir. Bütün hallarda Türkiyə Yunanıstanla sərhəddə qaz ötürücü şəbəkəsini yaradacaq. Bu isə İran, İraq və Kipr qazının burdan paylanılması deməkdir.

Lakin hazırda ABŞ və Rusiya TANAP üzərindən müharibə aparır. Bu müharibə istər-istəməz Ankara və Bakıya da toxunur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm