Azərbaycana qarşı qətnamədə erməni izi
Bizi izləyin

Nida.az

Azərbaycana qarşı qətnamədə erməni izi

Almaniya Bundestaqında iyunun 12-də Azərbaycanla bağlı qəbul olunan qətnamənin pərdəarxası məqamları üzə çıxır.

Publika.az xəbər verir ki, Bundestaqda iyunun 12-də - I Avropa Oyunlarının açılış günü Azərbaycanla bağlı dinləmələr təşkil olunub.

Səsvermə nəticəsində, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamə qəbul olunub. Maraqlıdır ki, səsvermədə Bundestaqın 631 üzvündən cəmi 30 nəfəri iştirak edib. Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer cəmi 30 nəfərlik heyətlə qəbul olunan qətnamənin Bundestaqın əksər üzvü tərəfindən qəbul olunmadığını bildirib. O. Hauzerin dediyi kimi, Azərbaycanla bağlı qətnamə heç bir təsir gücünə malik olmayan kağız parçasından başqa bir şey deyil.

Lakin burada diqqət çəkən bir neçə məqam var.

Dinləmələrin məhz I Avropa Oyunlarının açılış günündə keçirilməsi, cəmi 30 parlament üzvünün 30 dəqiqəlik müzakirəsindən sonra qətnamənin qəbul olunması bunun Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti mərhələsi olduğunu göstərir. Almaniyanın anti-Azərbaycan kampaniyasında yer aldığı tarix uzaq deyil. 2012-ci ildə “Eurovision” müsabiqəsi Bakıda keçirilərkən Almaniyanın rəsmi dairələri alman mediası üzərindən Azərbaycanı əsas hədəf seçmişdi. İlk Avropa Oyunları zamanı isə bu estafeti Böyük Britaniya mediası ələ aldı. Hazırda “The Guardian”, “The Times” “The İndipendent”, “The Sunday” kimi iri çaplı media orqanları Azərbaycana qarşı “səlib yürüşü” həyata keçirir. Eyni işi Almaniya mediası məhz 2012-ci ildə reallaşdırırdı. Lakin görünür, anti-Azərbaycan şəbəkəsi prosesə daha böyük çevrəni qoşub. Belə ki, Böyük Britaniya media üzərindən hücum edirsə, Almaniya Bundestaq səviyyəsində prosesə “güc verir”. Lakin bütövlükdə Almaniya ictimaiyyətinin bu mövqeyi paylaşdığını demək olmaz. Misal üçün, iyunun 16-da “Berlinertageszeitung” qəzeti Almaniya mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını sərt şəkildə tənqid edib.

Sadəcə olaraq, anti-Azərbaycan kampaniyasında “erməni barmağı” açıq şəkildə özünü büruzə verir. Erməni izi istər ABŞ-da təşkil olunan dinləmələrdə, istərsə Bundestaqdakı şouda özünü göstərdi.
Azərbaycanla bağlı məlum qətnamənin müəllifləri haqda qısa araşdırma bu ehtimallara şübhə yeri qoymur. Sözügedən qətnamə Kristof Berqner, Erika Şteinbah və Manfred Qrund tərəfindən irəli sürülüb.

Kristof Berqner: Bu şəxsin siyasi fəaliyyətində erməni təəssübkeşliyi xüsusi diqqət çəkir. Hələ 2005-ci ildə Berqner Bundestaqda qondarma “erməni soyqırımı” məsələsini qaldırmışdı. Bu ilin aprel ayında Bundestaqda qaldırılan “erməni soyqırımı” məsələsinin əsas müəllifləri sırasında da Berqnerin adı var idi. Berqner Almaniyada “erməni soyqırımı”ının tanınması üçün canfəşanlıq edən əsas şəxslərdəndir.


Erika Şteinbah: Almaniyada erməniləri müdafiə edən qadın siyasətçilərdəndir. Bundestaqda “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsinin əsas müəlliflərindəndir.

Manfred Qrund: Almaniya-Cənubi Qafqaz regionu parlament dostluq qrupunun fəal üzvlərindəndir. Lakin onun əsas fəaliyyəti regionda Ermənistana dəstəyin verilməsi üzərində qurulub. Qondarma “erməni soyqırımı” məsələsini Bundestaqa gətirənlərdən olan M. Qrund Bundestaqın digər üzvü Albert Vaylerlə birgə ötən ilin sentyabrında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməklə beynəlxalq hüquq prinsiplərini tapdalayıb. Azərbaycan tərəfi bununla bağlı Almaniya tərəfinə sərt reaksiya verib və adıçəkilən deputat “qara siyahıya” daxil edilib.

Göründüyü kimi, Azərbaycanla bağlı qəbul olunan qətnamənin arxasında erməni lobbisi dayanır və məsələnin mahiyyəti heç də insan haqlarının müdafiəsi deyil. Qətnamə təklifi ilə çıxış edən deputatların kimliyi də bunu sübut edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm