BAXCP-dən Cəmil Həsənliyə sərt sözlər: “Bir adam daha nə qədər ifşa oluna bilər?”
Bizi izləyin

Nida.az

BAXCP-dən Cəmil Həsənliyə sərt sözlər: “Bir adam daha nə qədər ifşa oluna bilər?”

AXCP sədrinin keçmiş müavini, Milli Şuranın sədri Cəmil Həsənlinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin ünvanına səsləndirdiyi ittihamlara partiyanın sədr müavini Elçin Mirzəbəyli cavab verib.

Publika.az xəbər verir ki, BAXCP-nin mətbuat xidmətinə açıqlama verən E. Mirzəbəyli yaxın və uzaq tarix barədə mühakimə yürüdən, elmi əsərlər yazan Cəmil Həsənlinin öz keçmişi ilə bağlı unutqanlığından təəccübləndiyini bildirib: “Maraqlıdır, görəsən, bir adam daha nə qədər ifşa oluna bilər? Cəmil Həsənli bu günədək ona ünvanladığımız sualların heç birinə cavab verməyib və hər dəfə yalan, böhtan xarakterli açıqlamalarla yaxın tarixdə baş verənləri unutdurmağa çalışır. Bu şəxs həmişə öz korporativ maraqlarından çıxış edib. Vaxtilə Bakı Dövlət Universitetində AXC-yə üzv olanda da, bir müddət sonra AXC-ni tərk edib Milli İstiqlal Partiyasının sıralarına qoşulanda da, AXC hakimiyyətə gəldikdən və Əbülfəz Elçibəyin vəzifə təklifindən sonra yenidən AXC-yə qayıdanda da Cəmil Həsənli yalnız öz karyerasını düşünüb. Onun üçün nə ideoloji, nə siyasi prinsiplər, nə partiya təəssübkeşliyi, nə də ümummilli maraqlar heç bir önəm daşımayıb. Bu amil özünü Cəmil Həsənlinin parlamentdə təmsil olunduğu dövrlərdə və daha sonra mövcud hakimiyyətin ayırdığı maliyyə vəsaitləri ilə kitablar yazanda da büruzə verib. Cəmil Həsənli parlamentə getmək naminə təmsil olunduğu partiyadan istefa verib, parlamentdə təmsil olunduğu müddətdə hər il mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edərək baş əyib, gül dəstələri qoyub, nəinki mövcud iqtidarı, hətta onun ayrı-ayrı nazirlərini böyük canfəşanlıqla müdafiə edib, yazdığı kitablarda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider ölkəsinə çevrildiyini xüsusi olaraq vurğulayıb. Günün birində isə yenidən vaxtilə imtina etdiyi Əli Kərimlinin yanına qayıdıb və birdən-birə bir zaman tərifləmək üçün yeni söz axtarışına çıxdığı hakimiyyətin ən qatı tənqidçisinə çevrilib”.

Onun sözlərinə görə, Cəmil Həsənli bu qütbdən o qütbə, o qütbdən bu qütbə sıçramalarına bu günədək aydınlıq gətirməyib: “Əgər Cəmil Həsənlinin parlamentdə təmsil olunduğu dövrü və məlum kitablara imza atdığı zaman kəsiyini nəzərə alsaq, Azərbaycan indi daha güclüdür. Necə olur ki, ölkəmizin iqtisadi, siyasi, hərbi və digər aspektlərdən indiki qədər güclü olmadığı zamanda Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinə çevrildiyini yazan Cəmil Həsənli bu gün bunun əksini sübut eləməyə çalışır? Statistik rəqəmləri bir kənara qoyuram, sadəcə geridə buraxdığımız zaman kəsiyinə gözucu diqqət yetirdiyimiz halda Azərbaycanın nə qədər inkişaf etdiyini görə bilərik. İqtidar da elə həmin, yəni Cəmil Həsənlinin ağızdolusu təriflədiyi iqtidardır, dəyişməyib. Deməli, dəyişən Cəmil Həsənli və onun təmin olunmayan korporativ maraqlarının ünvanıdır”.

Elçin Mirzəbəyli qeyd edib ki, BAXCP sədri heç bir vaxt Cəmil Həsənlinin ünvanına onun şəxsiyyətini aşağılayacaq fikirlər səsləndirməyib: “Siyasi rəqabəti şəxsi müstəviyə çəkmək, şəxsiyyət əleyhinə fikirlər səsləndirmək bizim prinsiplərimizə yaddır. Bu, Cəmil Həsənliyə, onun hazırda təmsil olunduğu düşərgənin təmsilçilərinə və onların sosial şəbəkələrdəki çoxsaylı profillərinə xas olan xüsusiyyətdir. Qüdrət Həsənquliyev istər parlament seçkiləri zamanı, istərsə də daha sonra Cəmil Həsənlinin aqressiv, böhtan xarakterli və şəxsiyyət əleyhinə yönəlmiş böhtan və qarayaxmalarına önəm vermədən ona konkret suallar ünvanlayıb. Milli Şura adlanan muzdlu kontorun rəhbəri isə bu suallara cavab verə bilmədiyi üçün daha ucadan çığırmağa üstünlük verib”.

Elçin Mirzəbəyli konkret şəxsə aid etməsə də, ümumiyyətlə, siyasətdə “qaraçı” psixologiyası ilə davranmanın uğursuz olduğunu bildirib: “Qüdrət Həsənquliyev Cəmil Həsənliyə konkret suallar ünvanlayıb və bu sualları bir daha təkrar edirəm: 1. Cəmil Həsənli millət vəkili olanda iştirak etdiyi tədbirlər zamanı indi böyük canfəşanlıqla tənqid və ittiham etdiyi iqtidarın lideri Heydər Əliyevin məzarı önünə dəfələrlə gül-çiçək dəstəsi qoyub və baş əyib. Bu belədir, ya yox?! 2. Mövcud iqtidarın verdiyi pulla tarix yazan bu “araşdırmaçı-alim” öz kitabında açıq və qabarıq şəkildə qeyd edib ki, “İlham Əliyevin liderliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib”. Bu belədir, ya yox?! 3. Cəmil Həsənli vaxtilə mandata görə Əli Kərimlidən və AXCP-dən imtina edib. Bu belədir, ya yox?! 4. Cəmil Həsənli bir zamanlar üzv olduğu AXC-dən AMİP-ə və AMİP-dən AXC-yə hansı səbəblərdən transfer edib?

Göründüyü kimi, bu suallara cavab vermək üçün müxtəlif ölkələrə səfər etməyə, arxivlərdə araşdırma aparmağa ehtiyac yoxdur”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm