• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

XİN Böyük Britaniyaya etiraz etdi - RƏSMİ

  • Nida.az
  • 2 İyul 2015 12:48
  • 348 Baxış
XİN Böyük Britaniyaya etiraz etdi - RƏSMİ

Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın Böyük Britaniyaya edəcəyi səfərlə bağlı bu ölkənin Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN)-ə çağırılıb.

XİN-dən Publika.az-a verilən məlumata görə, Böyük Britaniya səfirinə qəti etiraz bildirilib.

İyulun 1-də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq XİN-ə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda iyulun 8-də keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan Hökumətinin qəti etirazı bildirilib. Bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilib.

Səfir İ.Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb.

Həmçinin XİN-nin təlimatı əsasında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya XİN-də görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məktubuna cavab olaraq, Böyük Britaniya XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır.

Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusilə vurğulanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR