Qarabağ üzərində yeni oyun, yaxud erməni hücumunun gizli hədəfləri - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Qarabağ üzərində yeni oyun, yaxud erməni hücumunun gizli hədəfləri - TƏHLİL

Ermənilərə hücum əmrini kim verdi?

Erməni hərbi birləşmələrinin fevralın 25-i gecə yarısından başlayaraq hücuma keçməsi nəticəsində “aprel müharibəsi”ndən sonra ən böyük eskalasiya başlandı və hazırda gərginlik davam edir. Erməni diversiya qrupunun hücumu və ağır artilleriyanın işə düşməsi baş verənlərin sıradan “atəşkəsin pozulması” olmadığını göstərir. Bu hücumun siyasi cəbhədə baş verənlərə paralel həyata keçirilməsi də hər atılan güllənin, top mərmisinin altında bir siyasi səbəbin olduğunu deməyə əsas verir.



Hücumun hərbi hədəfi hərbi mütəxəssislərin açıqlamalarından sonra aydınlaşdı: Nərgiz təpəsi. Erməni hərbi birləşmələri strateji əhəmiyyətə malik olan bu təpəni ələ keçirməklə Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsərək, əraziyə nəzarəti əldə etmək istəyirmiş. Azərbaycan Ordusu buna imkan vermədi və hücumun qarşısı alındı. Siyasi hədəfin altında daha böyük məsələlər və olduqca dərin amillər yatır.

Aprelin 2-də Ermənistanda parlament seçkiləridir və aydındır ki, seçkiöncəsi Sarkisyan rejimi cəbhədə gərginliyi artırmaqla əhalinin dəstəyini qazanmaq niyyətindədir. Lakin bu ümumi mənzərədə çaşdırıcı amil ola bilər. Çünki seçki gününə bir aydan da artıq vaxt var və hesab etmək olardı ki, Ermənistan məhz seçkilərə bir neçə gün qalmış hücuma başlayacaq, həm “aprel müharibəsi”nin ildönümündə məğlubiyyəti unutdurmaq, həm də sadə erməninin dəstəyini təmin etmək gedişi edəcək. Burada “niyə indi?” sualı ön plana çıxır və proseslərin analizi hücumun arxasındakı siyasi hədəflərin təkcə Ermənistanın planları ilə yekunlaşmadığını göstərir.

Sarkisyanın planı: Xocalı soyqırımının 25-ci ildönümünə iki gün qalmış “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdü” deməklə azərbaycanlıları qətlə yetirdiyini etiraf edən Sarkisyanın hücuma keçməsinin arxasında Ermənistan daxilindəki seçkiöncəsi siyasi situasiya dayanır.

2016-cı ilin 13 sentyabrında Rusiyanın “Qazprom” şirkətində yüksək vəzifə tutan Karen Karapetyan Ermənistanda baş nazir təyin olundu. Bu təyinat “aprel müharibəsi”ndən sonra edilmişdi, hesab etmək olardı ki, məğlubiyyətdən sonra sistemdə təmizləmələr aparan Sarkisyan keçmiş baş nazir Ovik Abramyanı yola salmaq üçün bu addımı atıb. Lakin “Qazprom”un əməkdaşından yaxşı namizəd tapılmadımı? Sarkisyan niyə rusların “Troya atını” qəbul etdi?!

Bu suallar fonunda “Avropa seçimi” fondunun rəhbəri, erməni ekspert Tiqran Xzmalyanın “Azadlıq radiosu”nun Krım xidmətinə dediyi sözlər yada düşür: “Moskvanın Ermənistanda idarə üsulunun dəyişdirmək istəyi ötən ilin yazında – “dördgünlük müharibə” zamanı aydınlaşdı. Müharibə zamanı Azərbaycan iki nöqtədə güclü idi. Biri İranla sərhəddə, digəri isə Bakı-Ceyhan neft kəmərinin yaxınlığındakı şimal sərhədində. Hər iki nöqtəyə nəzarət Kreml üçün inanılmaz dərəcədə əhəmiyyətli idi. Bununla belə, Sarkisyan müharibənin gedişində Putinin istəyini yerinə yetirmədi. Hansı ki, Putin Sarkisyanın rus “sülhməramlıları”nı dəvət etməsini istəyirdi. Görünür, bu, Putin üçün xüsusi “qara nişan” oldu və o, həmin vaxt Sarkisyanı əvəz etməyə qəti qərar verdi”.

Xzmalyanın sözlərinə qərbyönümlü və anti-Putin mövqeyində deyilmiş fikirlər də olaraq yanaşmaq olar. Lakin bu, dəqiqdir ki, Karapetyan məhz rusların göstərişi ilə baş nazir oldu. Və o da dəqiqdir ki, Putin Ermənistanda hakimiyyəti dəyişmək, yaxud ən azından Sarkisyana güclü alternativ yaratmaq niyyətindədir. Karapetyanın Moskvaya səfərə dəvət olunması və onun hava limanında fəxri qarovulla qarşılanması da buna sübut idi. Karen Ermənistan tarixində ilk baş nazir idi ki, Rusiyada dövlət rəhbəri səviyyəsində qəbul olunurdu. Sarkisyanın hazırlaşdığı Moskva səfərinin də məhz Karapetyanın səfərinə cavab olduğu ehtimal edilir.
Sarkisyan Karapetyanın təyinatında Moskvanın iradəsinin əleyhinə gedə bilməzdi, çünki ona oturduğu kabinetin qapılarını açan da məhz ruslar olub. Lakin Azərbaycan liderinin təbirincə desək, “bir cümlədə dörd yalan danışan” Sarkisyan yeganə çıxış yolunu öz “varisini” irəli sürməkdə gördü.

Viqen Sarkisyan: Fevralın 15-də Sarkisyan rəhbərlik etdiyi Respublika Partiyasının parlament seçkilərində irəli sürülən namizəd siyahısında yer almadığını açıqladı. Ardınca namizəd siyahısına partiyaya yeni qəbul olunmuş müdafiə naziri Viqen Sarkisyanın rəhbərlik etməsi ilə bağlı qərar verdi. Halbuki, orduya rəhbərlik edən şəxsin siyasətə bu qədər yaxın olması düşündürücüdür.

Əslində cəbhədəki son hücumlar bu kontekstdə aydınlaşır:

Ermənistan hərbi birləşmələri hücuma keçir; strateji mövqeyə malik olan Nərgiz təpəsini alır; bütün bunlar Sarkisyanın “varisi” olan Viqenin müdafiə naziri postunda əyləşdiyi vaxt baş verir; “aprel məğlubiyyəti” “qələbəyə” çevrilir; Sarkisyanın “varisi” “qələbənin” banisi olaraq, aprelin 2-dən sonra Ermənistanda işə düşəcək parlament üsul-idarəsində əsas söz sahiblərindən birinə çevrilir.

Amma Sarkisyanın “varisi” baş nazir olmayacaq. Ermənistan mediasının məlumatına görə, Viqen Sarkisyanın yeni formalaşacaq parlamentin sədri olacağı gözlənilir. Baş nazir isə məhz Karen Karapetyan – Moskvanın göndərdiyi şəxs olacaq. Hesab etmək olar ki, Sarkisyan yeni hökumətdə rusların adamına alternativ yaradır. Amma onun 2018-ci ildə prezident səlahiyyətlərini başa vurması gözlənildiyi halda, niyə “alternativ planı” kimi rusların qəzəbinə səbəb olacaq addım atması maraqlıdır. Burada Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin fevralın 20-də keçirdiyi “referendum”un siyasi hədəfləri ön plana çıxır.

Qondarma “DQR”-də “referendum”la “parlament üsul-idarəsi”ndən “prezident üsul-idarəsi”nə keçid edildi. Ermənistanda parlament üsul idarəsinin yaradılması fonunda İrəvanın nəzarətindəki rejimdə bunun əksinin olması diqqət çəkir.

Hesab etmək olar ki:

a) Sarkisyan “DQR”-də “prezidentlik institutunu” yaradaraq, “Qarabağ klanı”nı siyasi arenada gücləndirmək niyyətindədir.

b) Bu, Sarkisyana öz gələcəyini təmin etməyə imkan verəcək. Onun varisi Viqen Sarkisyan parlament respublikası olacaq Ermənistanda Milli Məclisin sədri, “DQR”-dəki adamı Bako Saakyan isə əsas söz sahibi olan “prezident” olur, beləliklə, Sarkisyan prezident səlahiyyətlərini təhvil verənə qədər, eləcə də ondan sonra da siyasətə ciddi təsir rıçaqları əldə edir.

Bununla “DQR”-də “referendum”dan məhz 5 gün sonra cəbhədəki hücumun digər səbəbi ortaya çıxır:

Sarkisyan “DQR”-də “prezidentliyə” qarşı çıxanlara sübut edir ki, sistemin dəyişikliyi “xarici təhlükələrə” qarşı atılmış adımdır. Bu tezis “referendum” öncəsi əsas müzakirə mövzusu idi. Xüsusilə Avropa və ABŞ-dakı erməni diasporu tərəfindən dəstəklənən “Daşnaksütyun” partiyasına qarşı istifadə olunurdu. “Referendum”dan sonra hücuma keçməklə Sarkisyan həm daşnaklara, həm də erməni diasporuna qərarının doğru olduğunu əyani şəkildə göstərmək istəyir.

Proseslərə Ermənistan kontekstindən yanaşdıqda mənzərə belə görünür: Rusiya Sarkisyanı “vurmaq” qərarına gəlir və Karapetyanı “siyasi desant” olaraq İrəvana göndərir; Sarkisyan ruslara qarşı “varis planını” işə salır və müdafiə nazirini öz xələfi elan edir; “DQR”-də “referendum” keçirməklə “Qarabağ klanını” gücləndirir, gələcəyə siyasi rıçaqlar hazırlayır; cəbhədə hücuma keçməklə öz varisinin gələcəyinə yatırım etmək istəyir və Qarabağdakı rejimdə sistem dəyişikliyi qərarını legitimləşdirir.

***

Bu mənzərədə açıq qalan sualların olması isə diqqəti fərqli məcraya yönəldir. “Suriyada və Ukraynada döyüşən ruslara Qarabağda yeni müharibə sərf etmədiyi halda, Sarkisyan böyük eskalasiya ilə nəticələnə biləcək hücumu Moskvanın icazəsi olmadanmı edir? Rusiya yola salmaq istədiyi Sarkisyanın “DQR”-də “idarə üsulunu” dəyişdirərək, gələcəkdə siyasi rıçaqlar əldə etməsinə niyə göz yumur? Həmçinin, Moskva öz adamı Karapetyana alternativ olan “varisin” – Viqen Sarkisyanın əlinə oynayacaq hücuma niyə icazə verir?”. Üç maraqlı amil.

BİRİNCİ AMİL: hadisələrin xronologiyası ermənilərin hücumunda rusların ən azı “susması”nın rol oynadığını deməyə əsas verir.

1. Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin başlanğıcında rəsmi Bakının ciddi etirazına səbəb olan “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” və “işğal olunmuş ərazilər Qarabağın yekun statusu ilə eyni vaxtda həll olunmalıdır” (bu, İrəvanın istədiyi “paket həll” variantı deməkdir, yəni Qarabağ ətrafındakı rayonlar qaytarılır, Dağlıq Qarabağ isə ya müstəqil olur, ya da Ermənistanın tərkibinə qatılır) açıqlamalarını verdi.

2. Yanvarın 24-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi. Daha sonra Azərbaycanın baş diplomatı Lavrovla görüşü “mənfi” adlandırdı.

3. Məmmədyarovun Moskva səfəri ilə eyni gündə - yanvarın 24-də Prezident İlham Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı və bununla göstərdi ki, Azərbaycan heç nəyə baxmadan, indiyə qədər aparılan danışıqların əsas bazasını təşkil edən “mərhələli həll” variantını işə salır.

4. Dağlıq Qarabağa qanunsuz səfər edərək, Azərbaycan Konstitusiyasını pozan Aleksandr Lapşin fevralın 7-də Bakıya ekstradisiya edildi. Və beləliklə, “Dağlıq Qarabağ Azərbaycan torpağıdır və ora qanunsuz səfər edən istənilən şəxs Azərbaycan qanunvericliyi qarşısında cavab verəcək” tezisi əyani şəkildə sübut olundu.

Lapşin Rusiya ilə yanaşı, Ukrayna və İsrail vətəndaşı olsa da, nədənsə Bakıya ən sərt reaksiyanı məhz Moskva verdi və bu hadisə iki ölkə arasındakı münasibətləri müəyyən qədər olsa da, gərginləşdirdi.

5. Fevralın 21-22-də, ermənilərin hücumundan cəmi üç gün öncə Edvard Nalbandyan Moskvada Sergey Lavrovla görüşdü. Lavrov “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupu formatının alternativi yoxdur”, - deyərək, yenə Ermənistana yaxın mövqe nümayiş etdirdi.

6. Nalbandyanın səfərindən bir gün sonra – fevralın 23-də Rusiya vətəndaşlarının Ermənistana daxili pasportla gedə bilməsi haqda ikitərəfli saziş qüvvəyə mindi. Lavrovun Ermənistanla paralel mövqe sərgiləməsi də əslində bu sazişə görə İrəvana “Qarabağ hədiyyəsi” hesab oluna bilərdi.

“Qarabağ hədiyyəsi”: sazişin qüvvəyə minməsindən iki gün sonra Ermənistan cəbhədə hücuma keçdi. Görünür, Nalbandyan Rusiyada “hücum icazəsi” alıb və Moskva “hədiyyə” olaraq ermənilərə icazə verib.

Nalbandyanın fevralın 20-də - Moskva səfərindən bir gün öncə Ermənistan Müdafiə Nazirliyində ordu rəhbərliyi ilə görüşməsi də onun Kremldən “hücum icazəsi” üçün Rusiyaya getdiyi ehtimalını gücləndirir.

Və aydın olur ki: cəbhədəki hücum planı öncədən hazırlanıb; müdafiə naziri Viqen Sarkisyan Nalbandyanla görüşərək, ona bu haqda məlumat çatdırılıb; Nalbandyana Lavrovu – Rusiyanı razı salmaq tapşırığı verilib.

Rusiya “hücum icazəsi” verməklə təkcə İrəvanı mükafatlandırmırdı. Bu, həm də rusların Bakıya özünəməxsus “cəza metodu” hesab oluna bilər. Cari ilin əvvəlindən başlayaraq, baş verən hadisələrin xronologiyası fonunda Rusiyanın sakit dayanmayacağı gözlənilən idi.

Lakin hücumun məhz fevralın 25-nə keçən gecə həyata keçirilməsi digər məqamları da göz önünə gətirir.

- Fevralın 23-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası III iclası öz işinə başladı. Trampın Ağ Evdə hakimiyyətə gəlməsindən sonra yenidən gündəmə gələn Avropanın enerji təhlükəsizliyi məsələsində Bakının rolu yenə ön plana çıxır. Prezident İlham Əliyevin fevralın 5-də Brüsselə səfər etməsindən sonra Məşvərət Şurasının III iclasının keçirilməsi təsadüfi deyildi. Ağ Evdə hakimiyyət dəyişikliyi dünyanın siyasi arenasında kartları qarışdırdı və Azərbaycan bu situasiyada öz manevr imkanlarını genişləndirir. Hesab etmək olar ki, Rusiya öz qazına alternativ layihələri, həmçinin, Bakının manevrlərini qəbul etmək niyyətində deyil, ermənilərin hücumu ilə də bunun mesajını verdi.

İKİNCİ AMİL:Rusiya yola salmaq istədiyi Sarkisyanın “DQR”-də “idarə üsulunu” dəyişdirərək, gələcəkdə siyasi rıçaqlar əldə etməsinə niyə göz yumur?” sualı isə proseslərin daha dərinə getdiyinə işarədir.

Burada diqqət yenə rusların daxili pasportla Ermənistana getməsinə icazə verən sazişə yönəlir. Bu sazişlə təkcə ruslar yox, Luqansk, Donetsk, eləcə də Abxaziya, Cənubi Osetiya kimi separatçı “respublika”ların sakinləri də Ermənistana rahat şəkildə ayaq aça biləcəklər. Belarus və Rusiya arasında eyniadlı sazişin imzalanmasından sonra Luqansk və Donetsk sakinləri Minskə rahat şəkildə gedib-gələ bilməsi də eyni təcrübənin Ermənistanla da yaşanacağını göstərir. Bəs, Dağlıq Qarabağ?! Hesab etmək olar ki, eyni proses Qarabağda yaradılmış qondarma rejimin pasportlarını daşıyan ermənilər də şamil ediləcək və onlar Belarusa, Rusiyaya ciblərindəki sənədlə daxil ola biləcəklər. Bu, de-fakto müstəqillikdir və bu müstəqilliyin arxasında nəinki Ermənistan, Rusiyanın özünün dayandığı, yaxud buna imkan yaratdığı ehtimalı görünür.

Belə görünür ki: Rusiya dəstəklədiyi separatçı rejimlərin bir-biri ilə koordinasiyalı şəkildə hərəkət etməsini təmin edir; Trampın gəlişindən sonra post-sovet məkanını məhz bu “kvazidövlətlər” vasitəsilə əlində saxlamağı planlaşdırır.

Dağlıq Qarabağa gəlincə:

a) “Aprel müharibəsi”ndən sonra Rusiyanın münaqişəni həll etmək üçün irəli sürdüyü “Qarabağ planı”na məhz Qarabağdakı separatçılar qarşı çıxdılar. Hansı ki, Moskva Qarabağ ətrafındakı ərazilərin azad edilməsi qarşılığında rus sülhməramlılarını bölgəyə yerləşdirməyi düşünürdü. Hesab etmək olar ki, Qarabağdakı “referendum”la “prezident institutu” gücləndirilir, yəni söz sahibi bir nəfər olur və belə fors-major situasiyalarda planların təxirə düşməsinə səbəb olacaq situasiyaların qarşısı alınır. Xüsusilə, rus sülhməramlılarının yerləşdirilməsi məsələsinə qarşı olanlar neytrallaşdırılır.

b) “DQR”-də “prezident”in əsas söz sahibi olması ilə Rusiya əlavə imkan qazanır: münaqişə tərəfləri sülhməramlıların yerləşdirilməsinə qarşı olacağı təqdirdə, Moskva “DQR”-in “müstəqilliyini” tanımaq və separatçıların dəvəti ilə bölgəyə daxil olmaq gedişi edə bilər. Bunu etməsə belə, şantaj olaraq irəli sürə bilər. Sarkisyanın sülhməramlıları dəvət etməkdən imtinasından sonra Rusiya “DQR”-də sistem dəyişikliyi ilə bu variantı da əlində saxlayır.

Təbii ki, bu variant hər şeydən öncə Azərbaycana qarşı oynanıla bilər. Hətta “DQR”-in adının “Artsax” olaraq dəyişdirilməsi qondarma rejimi də danışıqlarda tərəf kimi irəli sürülmək ehtimalını az da olsa önə çıxarır. Hər halda “DQR”-in tərəf kimi irəli sürülməsi məhz keçmiş rusiyalı həmsədr Vladimir Kazimirov tərəfindən Bişkek protokoluna salınmışdı, lakin Heydər Əliyevin həmləsi ilə bu, baş tutmadı. İndi Rusiyanın yenidən eyni oyunu oynaması ehtimalı istisna deyil.

Bu kontekstdə hücumun Azərbaycana müəyyən mesajların verilməsinə hesablandığı aydın görünür.

ÜÇÜNCÜ AMİL: Hesab etmək olar ki, Sarkisyan Moskvanın istəyi ilə hərəkət edərək, öz gələcəyini təmin etmək niyyətindədir.

1. “Aprel məğlubiyyəti”ni üzərindən atır.
2. Rusiya ona öz “varisi”ni irəli sürməyə imkan verir.
3. Gələcək hökumətdə müəyyən paya sahib olur.


Cəbhədəki son məlumatlar deməyə əsas verir ki, Azərbaycan Ordusu bu planların qarşısını aldı. Lakin hələ heç nə başa çatmayıb və güman ki, önümüzdəki günlərdə yeni hücumlar olacaq. Hər halda aprelin 2-nə qədər Qarabağda gərginliyin üst səviyyədə olacağı ehtimalı böyükdür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm