Azərbaycan 11, Ermənistan... - Beynəlxalq təşkilat 2017-ci ilin YEKUNLARINI AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Azərbaycan 11, Ermənistan... - Beynəlxalq təşkilat 2017-ci ilin YEKUNLARINI AÇIQLADI

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2017-ci ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2017) dərc edib.

Publika.az xəbər verir ki, 2017-ci ildə neft qiymətlərindəki azalma və hərbiləşdirmənin səviyyəsi arasındakı əlaqə xüsusilə Mərkəzi və Cənubi Amerikada, eləcə də Yaxın Şərqdə aydın görünür.

2017-ci il üzrə Qlobal Hərbiləşdirmə İndeksinin “Top-10”luğuna İsrail, Sinqapur, Ermənistan, Rusiya, Cənubi Koreya, Küveyt, İordaniya, Kipr, Yunanıstan və Bruney daxildir. Bu ölkələr silahlı qüvvələrə cəmiyyətin digər sahələrinə nisbətən daha yüksək səviyyədə resurslar ayırırlar.

Azərbaycan ötən illə (9-cu yer) müqayisədə 2 pillə geriləyərək reytinqdə 11-ci sırada qərarlaşıb. Azərbaycan Avropanın ən çox hərbiləşdirilmiş dövlətlərinin "Top-10"luğunda 5-ci sıranı tutub.

İnstitutdan bildiriblər ki, Dağlıq Qarabağda həlli uzadılan münaqişəyə görə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinə böyük vəsaitlər xərcləməyə davam edir.

Ölkəmizin qonşuları İran 22-ci, Türkiyə 25-ci, Gürcüstan isə 55-ci sırada qərarlaşıb.

ABŞ

ABŞ 2017-ci ildə orduya 611 milyard dollar xərcləyib və 2009-cu ildən bu yana ilk dəfə ölkənin hərbi xərcləri yenidən artıb. ABŞ Kubadan (31-ci mövqe) sonra regionun ikinci ən hərbiləşdirilmiş ölkəsidir (27-ci mövqe). Donald Tramp administrasiyası milli təhlükəsizlik strategiyasını hələ təqdim etməsə də, artıq hərbi büdcəni artırmağı və Pentaqon üçün vəsaitin əhəmiyyətli dərəcədə artırılmasını istəyir.

“Əgər müqayisəli rəqəmlər (məsələn, ÜDM və ya ümumi əhali) planlaşdırılmış hərbi xərclər kimi eyni dərəcədə yüksələrsə, bu, ABŞ-ın önümüzdəki illərdə hərbiləşməsini əhəmiyyətli dərəcədə artıracaq”, - Maks proqnozlaşdırır.

Birləşmiş Ştatlardan fərqli olaraq, 2015-2016-cı illər arasında hərbi xərclər Cənubi Amerikada (7,7 faiz), Mərkəzi Amerika və Karib hövzəsində (9,1 faiz) aşağı düşüb. Xüsusilə neft qiymətlərinin kəskin düşməsi bütün neft ixracatçılarının - Venesuela (100-cü mövqe), Ekvador (58-cü mövqe), Peru (46-cı mövqe) və Meksikanın müvafiq büdcələrini məhdudlaşdırıb.

Yaxın Şərq

İraq istisna olmaqla, bölgədəki bütün ölkələr ən hərbiləşdirilmiş ölkələrin siyahısında ilk 30 ölkə arasındadır. Səudiyyə Ərəbistanında hərbi xərclər 2015-2016-cı illərdə 2002-ci illə müqayisədə 30 faiz azaldı. Ölkənin hərbi xərcləri 63,7 milyard dollara – ümumi daxili məhsulun 10,4 faizinə bərabərdir. Qlobal səviyyədə isə ABŞ, Çin və Rusiyadan sonra 4-cü yerdədir. İraq, Bəhreyn, Misir və Omanın hərbi xərcləri bir qədər azalıb.

İsrailin müdafiə sahəsinə (18 milyard dollar) digər ölkələrlə müqayisədə, məsələn, Rusiya (69,2 milyard dolları) və Cənubi Koreyadan (36,8 milyard dollar) daha az xərcləməsində baxmayaraq, ağır silahların ümumi əhaliyə nisbətinə görə bu sahədə liderdir.

“İsrailin məcburi hərbi xidmət sistemi ümumi əhalinin sayına nisbətdə çoxlu sayda hərbi personalın orduya cəlb edilməsinə gətirib çıxarır və bu Qlobal Hərbiləşdirmə İndeksində aydın şəkildə əks olunur”, - hesabatın müəllifi Maks Mutsçler bildirib.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm