Vaşinqtonda Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilir
Bizi izləyin

Nida Xəbər

Vaşinqtonda Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu keçirilir

İyunun 26-da ABŞ-ın paytaxtında iki günlük Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumuna start verilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a verilən məlumata görə, Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan - tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır. Nüfuzlu Corc Vaşinqton Universitetində keçirilən və bu universitetin Mərkəzi Asiya Proqramı və Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi bu forumun ilk günündə 200 nəfərədək ABŞ dövlət qurumları, akademik çevrələr, biznes və siyasi dairələr, diplomatik korpusun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən ABŞ Kommersiya katibinin köməkçisinin Avropa üzrə müavini Deyl Taşarski müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə edib. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində fundamental rolunu vurğulayıb və bu xüsusda ABŞ-ın tərəfdaş olmasında ölkəsinin güclü marağını qeyd edib. ABŞ şirkətlərinin müasir İpək Yolunda çalışdığını qeyd edən ABŞ rəsmisi Amerika şirkətlərinin daha da yaxından cəlb edilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Daha sonra Taşarski Trans-Xəzər dəhlizi ölkələrini dəstəkləmək üçün ABŞ Kommersiya Departamentinin proqramlarını sadalayıb. O, cari ilin oktyabrında Azərbaycan və Gürcüstana ABŞ ticarət missiyasının səfər edəcəyini vurğulayıb.

Bundan sonra Azərbaycan və digər Forumun təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan hökumətinin müasir İpək Yolunun canlandırılmasına böyük dəstəyinə diqqəti çəkərək, mövcud vacib infrastruktur layihələri və nəqliyyat şirkətləri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Lİmanı, Beynəlxalq HavaLİmanındakı Bakı Karqo Terminalı, "Silk Way", "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin oynadığı xüsusi rolu vurğulayıb. Daha sonra o, Trans-Xəzər dəhlizində yerləşən ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən işlər barədə danışıb. Trans-Xəzər dəhlizinin müasir İpək Yolunun mühüm komponentinə çevrilməkdə olduğunu qeyd edən səfir bu nailiyyətin sözügedən dəhliz ölkələrinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu qeyd edib. Bu dəhlizin inkişafı Azərbaycan və digər dəhliz ölkələrini eyni zamanda biznes, idman və mədəniyyət mərkəzinə də çevrilməsinə yardım etdiyini qeyd edən səfir Süleymanov buna bariz nümunə kimi bu günlərdə Bakıda keçirilən "Forumula 1" yarışını göstərib. Ölkəmizin regional mərkəzə çevrilməsində Azərbaycan prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətini qeyd edən səfir 1998-ci ilin sentyabrında ilk dəfə olaraq müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb.

Daha sonra çıxış edən Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışıb, həmçinin bu Forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd ediblər. Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə imkanları, dəniz, dəmir yolu və havanəqliyyatının imkanları üzrə təşkil edilən dörd paneldə dövlət və şirkət nümayəndələri mövzu üzrə çıxışlar edib, bu məsələlər ətrafında təfərrüatlı müzakirələr aparıb və iştirakçıların suallarını cavablandırıblar.

Tədbirin sərmayə və ticarət mövzusuna həsr olunmuş ilk panelində çıxış etmiş Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti barədə danışıb. Yeni kommersiya və sərmayə imkanları barədə növbəti paneldə çıxış etmiş Bakı Beynəlxalq Dəniz Ticarət Lİmanının nümayəndəsi Tural Əliyev liman sahəsində görülən işlər, azad ticarət zonasının yaradılması və onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində oynayacağı roldan danışıb. Eyni paneldə çıxış etmiş Dövlət Neft Şirkətinin rəsmisi Vitaliy Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə danışıb.

Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların üstünlüklərindən bəhs edən üçüncü paneldə məruzə etmiş Azərbaycan Dəmir Yollarının nümayəndəsi Murad Alxazov və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tariyel Mirzəyev təmsil etdikləri şirkətlərin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu "vahid pəncərə" sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib. Kombinə edilmiş tranzit və havanəqliyyatı sahəsində imkanlara həsr olunmuş sonuncu paneldə "Azərpoçt"un nümayəndəsi Hacı Haciyev və "Silk Way" şirkətinin ABŞ-dakı nümayəndəsi Ceyms Ekklestoun çıxış ediblər. H.Hacıyev regionda artan elektron kommersiya daşımalarında Azərbaycanın əhəmiyyəti barədə məlumat verib. C.Ekklestoun öz növbəsində, "Silk Way" şirkətinin dünyanın müxtəlif ölkələrinə uçuşlar etməklə Azərbaycanı hava daşımaları sahəsində vacib regional mərkəzə çevirdiyini, sözügedən şirkətin bütün dünyada, o cümlədən uzunmüddətli səmərəli əməkdaşlığa görə ABŞ-da etibarlılığı və peşəkarlığına görə tanındığını, bu şirkətin Azərbaycanın regional ticarət və tranzit mərkəzinə çevrilməsində xüsusi rolu barədə danışıb.

Forumun ilk günü Trans-Xəzər dəhlizinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Bu sırada digərləri ilə müqayisədə bu dəhlizin daha qısa olması və gələcəkdə Çindən Avropaya daşımaların 15-20 gün ərzində çatdırıla bilməsi potensialı, bunun bir çox tez xarab olan yüklərin daşınması üçün ən optimal seçim olması, dəhliz boyu sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq və bu ölkələr arasında artan ticarət, müasir standartlara cavab verən infrastruktur və azad ticari zonaların mövcudluğu, "vahid pəncərə sistemi"nin tətbiqi və daha da müasirləşməkdə olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi prosedurları və s. qeyd edilib.

Forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə həyata keçirilir. Forumda Azərbaycanı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası, Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, SOCAR, Azərbaycan Dəmir Yolları, Azərbaycan Hava Yolları, "Silk Way" şirkəti və "Azərpoçt" MMC-nin nümayəndələri təmsil edir.

Trans-Xəzər Forumu 27 iyun tarixində ABŞ Konqresi, Dünya Bankı və Strateji və Beynəlxaq Araşdırmalar Mərkəzində təşkil ediləcək tədbirlər vasitəsilə öz işini davam etdirəcək. Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən başlayaraq illik əsaslarda Vaşinqton şəhərində keçirilməyə başlayıb. Forum çərçivəsində illik tədbirlərlə yanaşı müntəzəm əsaslarda ABŞ-ın siyasi, biznes və akademik dairələri ilə təmasların saxlanması, onları dəhliz ölkələrində görülən işlər barədə məlumatlandırılması həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm