“İtirilmiş torpaqlar” və... - İrəvandan Ankaraya qəbuledilməz ÜÇ ŞƏRT
Bizi izləyin

Nida Xəbər

“İtirilmiş torpaqlar” və... - İrəvandan Ankaraya qəbuledilməz ÜÇ ŞƏRT

“İrəvan bu məsələdən sui-istifadə etmək niyyətindədir və istəkləri yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı deyil”.

Publika.az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanata Ermənistan tərəfindən verilən reaksiyaları şərh edərkən deyib.

Türkiyəli nazirin sözlərinə görə, ölkəsi Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. O, eyni zamanda bunu, Avropa İttifaqı ilə analoji sazişə mane olmamaq şərtilə qiymətləndirməyin vacib olduğunu vurğulayıb.

Qardaş ölkənin nazirinin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurdu. İrəvanın fikrincə, Ermənistanın AİB-nin üzvü olmaqla yanaşı, Türkiyə ilə həmsərhəd yeganə üzv ölkə olması xüsusi üstünlük sayılmalıdır. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Ankaranın birtərəfli qaydada Ermənistanla sərhədi bağlaması Türkiyənin AİB ilə gömrük razılaşmasını imzalamasına mane olur.

Erməni ekspertlərin fikrincə, Türkiyə AİB ilə gömrük anlaşmasını imzalamaq istəyəcəyi halda, İrəvan Ankara qarşısında bir sıra şərtlərlə çıxış edə, məsələn sərhədlərin açılmasını tələb edə bilər.

Q.Hüseynli bildirir ki, ermənilər sərhədlərin açılması ilə yanaşı, iki ölkə arasında diplomatik münasibətlərin qurulması, hətta bir az da irəli gedərək qondarma “soyqırım”ın tanınması məsələsi kimi ən azı üç şərti Türkiyə qarşısında qoymaq istəyirlər.

2009-cu il mayın 13-də o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanatı xatırladan politoloq bildirib ki, ondan indiki səfərində də mövzu ilə bağlı daha qəti bəyanat gözləyir: “Rəcəb Tayyib Ərdoğan 2009-cu ildə Bakıya səfəri zaman mövcud şərtlər altında, Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədlərin açılmayacağanı bildirdi. Mən qarşıdakı səfərində də Türkiyə prezidentindən başqa mövqe gözləmirəm. Azərbaycan-Türkiyə ittifaqı getdikcə güclənir. Regionda son vaxtlar bir sıra əməkdaşlıq formatları yaradılıb. Söhbət Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan əməkdaşlıq variantlarından gedir. Türkiyə və Azərbaycan arasında yaradılan yüksək münasibətlər regionda əməkdaşlığın əsasını qoyub. Türkiyə və Azərbaycanı elə qırılmaz iqtisadi, siyasi və mədəni tellər bağlayır ki, onları heç cür qırıb atmaq mümkün deyil. Bu məsələlərdə təkcə siyasilər deyil, həm də xalqlar hökm verir. Bu baxımdan inanmıram ki, Türkiyə tərəfindən Azərbaycana ziyan gətiriləcək hər hansı addım atılsın. Türkiyə rəsmiləri dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan sərhədinin açılması Dağlıq Qarabağ münaqişəsi həlli ilə qırılmaz şəkildə bağlıdır. Bildirilib ki, Azərbaycan bu məsələdə hansı mövqeyi tutsa, Türkiyə də eyni mövqeyi sərgiləyəcək”.

Politoloq hesab edir ki, Türkiyə-Ermənistan sərhədinin açılması yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil:

“Ermənistan Azərbaycanla yanaşı, qonşu Gürcüstan və Türkiyəyə qarşı da ərazi iddiaları irəli sürür. Ermənilər kürd bölgələri də daxil olmaqla Şərqi Anadolunun böyük hissəsini “itirilmiş torpaqlar” hesab edir. Zənnimcə, kürdlər də Ermənistanın nə qədər təhlükəli dövlət olduğunu və erməni xalqının nə qədər xoş olmayan arzularla yaşadığını başa düşməlidir. Ermənilərin “soyqırımı” iddiaları beynəlxalq arenada Türkiyə üçün ciddi problemlər yaradan bir məsələdir. Bu məsələdən həm ermənilər, həm də Türkiyə ilə münasibətləri yaxşı olmayan dövlətlər tərəfindən ustalıqla istifadə edirlir. Hesab edirəm ki, Ermənistan daim blokada vəziyyətində saxlanılmalıdır. Ermənilər bir az sərbəstlik veriləndə, daha həyasız iddialarla çıxış edirlər. Onların təxəyyülünün sərhədləri yoxdur, istənilən iddianı şişirdərək siyasiləşdirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm