Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi
Bizi izləyin

Nida Xəbər

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

Sentyabrın 25-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Musaid bin İbrahim bin Abdullah Əl-Suleym ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, müxtəlif sahələri əhatə edən uğurlara imza atdığını vurğulayıb.

Səfir Səudiyyə Ərəbistanının beynəlxalq və regional miqyasda artan mövqeyinə də toxunub. O, Krallığın inkişaf etməkdə olan dövlətlərə 130 milyard dollardan çox yardım göstərdiyini diqqətə çatdıraraq, ölkəsinin bu gün donor və beynəlxalq inkişafın əsas tərəfdaşı kimi çıxış etdiyini söyləyib.

Səudiyyə Ərəbistanı Krallığının İslam dünyasının birliyi, əməkdaşlığı yolunda daim çalışdığını bildirən səfir əlavə edib ki, ölkəsi bu il tarixdə ən böyük Həcc mərasiminin keçirilməsinə nail olub. Bu il zəvvarların ümumi sayı 2,3 milyonu keçib.

Bu il diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünü qeyd edən Səudiyyə Ərəbistanını və Azərbaycanı qardaşlıq əlaqələrinin birləşdirdiyini deyən səfir bu əlaqələrin qarşılıqlı hörmətə, İslam irsinə və müştərək tarixə əsaslandığını, ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hər iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələnin baş verdiyini vurğulayan diplomat bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin cari ilin may ayında Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Krallığa səfərini xatırladıb.

Səfir vurğulayıb ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müsəlman ölkələri arasında İslam həmrəyliyinin gücləndirilməsi üçün göstərdiyi bütün səyləri yüksək dəyərləndirir, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini alqışlayır və bunu dövlət başçısının İslam həmrəyliyinə göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirir.

Diplomat əmin olduğunu bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycan ilə əlaqələri möhkəmləndirmək kursunu, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığı gələcəkdə də davam etdirəcək.

Rəsmi qəbulda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Nazir deyib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına ilk rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi münasibətlər sonrakı illərdə durmadan inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri çərçivəsində dövlət başçılarımız arasında, eləcə də digər səviyyələrdə keçirilmiş çoxsaylı görüşlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verib.

Nazir vurğulayıb ki, Səudiyyə Ərəbistanı həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir, işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Yüksək səviyyəli siyasi münasibətlər əməkdaşlığın inkişafına əlverişli mühit yaradıb, iki ölkə arasında imzalanmış 20-yə yaxın sənəd, o cümlədən sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlər əlaqələrimizin hüquqi bazasının formalaşmasını təmin edib.

Hazırda ölkələrimiz arasında investisiya, ticarət, nəqliyyat, mədəniyyət, gənclər və idman, elm və təhsil, aviasiya, turizm, informasiya və digər sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etməkdədir.

Şahin Mustafayev qeyd edib ki, ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinin müzakirəsi baxımından Müştərək Hökumətlərarası Komissiyanın iclasları əlverişli platforma rolunu oynayır. Cari il dekabr ayının əvvəlində Bakıda komissiyanın 5-ci iclasının keçirilməsi razılaşdırılıb və bu iclasda ticarət, investisiya və sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Nazir əmin olduğunu bildirib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm