Arı biznesindən gələn milyardlar, yaşanmayan “Versal” sarayı və iki xəyanət – FOTOLAR/VİDEO - MİLYONÇU
Bizi izləyin

Digər

Arı biznesindən gələn milyardlar, yaşanmayan “Versal” sarayı və iki xəyanət – FOTOLAR/VİDEO - MİLYONÇU

O, Rusiyanın əczaçılıq kralı hesab edilir. Kasıb ailədən gələn bu şəxs özünün işgüzarlığı sayəsində Rusiyanın ilk milyarderlərindən biri olmağı bacarıb. Söhbət Vladimir Brınsalovdan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində “Brınsalov-A” əczaçılıq şirkətinin rəhbəri V.Brınsalovun həyat hekayəsini təqdim edir.

Vladimir Brınsalov 1946-cı ilin 23 noyabrında Çərkəz Avtonom Respublikasında anadan olub. İş adamının valideynləri sovet hakimiyyətinin sürgün etdiyi şəxslərdən olublar. Hətta atası sürgündən əlil qayıdıb. Ailəsi çox kasıb olub. Atasının əlillik müavinəti hesabına yaşayıblar. Vladimirin özünə gəlincə, çalışqan, gələcəyə ümidlə baxan uşaq olub. 8-ci sinifdə yoldaşlarından biri ilə əlbəyaxa olduğu üçün orta məktəbdən qovulub. Bir qədər sonra təhsilini gənc işçilər üçün nəzərdə tutulan məktəbdə davam etdirib. Paralel olaraq fabrikdə işləyib: “Böyük evimin, bahalı geyimlərimin, gözəl qız dostumun olmasını istəyirdim. Həmişə də bəxti gətirən idim”. Brınsalov ailəsinin bir zamanlar necə kasıb olduğunu da danmır: “Yeməyə heç nə tapmırdıq. Mən pulumu Qorbaçovun dövründə qazandım. Heç kimin milyonu olmayanda mənim milyonum var idi”.

Mühəndis, direktor və geriyə... fəhləliyə

Min əziyyət bahasına məktəbi bitirən Brınsalov Texniki Universitetə qəbul olur. 1969-cu ildə oradan məzun olur. Həmin ərəfədə Kommunist Partiyasının sıralarına qatılır. Əvvəlcə texniki peşə məktəbində xüsusi texniki fənlər üzrə müəllim işləyir. Daha sonra tikintidə mühəndis, direktor olur. Brınsalov o günlərini belə xatırlayır: “Mən altı min nəfərin işlədiyi tikinti sahəsinə nəzarət edirdim. Amma həmişə daha çoxunu istəyirdim”. Bu arada şayiələrə görə, məhz o vaxt Brınsalov özünə üç mərtəbəli ev tikdirir. Buna görə partiyadan, eləcə də işindən qovulur. Köhnə işinə, fəhləliyə qayıdır. Hətta arıçılıq təsərrüfatında briqadir işləyir. Yeri gəlmişkən, sonuncu qazanc yeri ona milyardlara gedən yolun qapısını açır.

Arının gətirdiyi var dövlət

O, 1987-ci ildə ailə kooperativi “Pçelka”nı yaradır. O ki qaldı “Pçelka”nın niyə ailə kooperativi adlandırılmasına, orada ancaq Brınsalovun qohum-əqrəbası işləyirmiş. “Pçelka”nın əsas istehsal sahəsi arıdan bal və digər məhsullar almaq idi. Qazanc 50 faiz təşkil edirdi. Arı biznesi tezliklə öz bəhrəsini verir. 1988-ci ildə artıq “Pçelka” “Mosmedpreparat” (Karpova adına Moskva kimya-əczaçılıq zavodunun aktivləri əsasında yaradılmışdı) ilə birgə arı südünün və balın bazasında dərman vasitələri istehsal etməyə başlayır. Rəylərə inansaq, bu məhsullar elə də keyfiyyətli deyildilər. Amma bazarın dərman preparatlarına tələbatı var idi. Brınsalov bunu qarşılayırdı. Yaxşı da pul götürürdü. Bir müddət keçir və o, “Mosmedpreparat”ın səhmlərinin 12 faizini 25 milyon dollara satın alır. Özəlləşdirmə bumunun başladığı zaman isə zavodun işçilərdəki qiymətli kağızlarını alır. Bununla da zavodun əsas sahibinə çevrilir.

“Fereyn”nin sahibi

“Mosmedpreparat”ın əsasında “Fereyn” Səhmdar Cəmiyyəti yaranır. Brınsalov orada iqtisadi məsələlər üzrə direktor vəzifəsini yerinə yetirir. Mətbuatın iddialarına görə, Brınsalov artıq 1990-cı ildə Rusiyanın ən varlı şəxslərindən birinə çevrilmişdi. Keçmiş fəhlənin nə az nə çox 2 milyard dollar sərvəti vardı. Praktik baxımdan da bu tam mümkündür. Çünki təkcə 1995-ci ilin statistikası göstərir ki, Rusiyanın əczaçılıq məhsullarına olan tələbatının 30 faizini elə “Fereyn” ödəyirmiş. Faktlar var ki, Brınsalov həmin dövrdə əczaçılıq şirkəti ilə bərabər banka, sığorta şirkətinə, hüquq firmasına, farfor, mebel, tekstil zavodlarına, spirtli içki istehsalı müəssisəsinə sahib idi.

“Versal” tipli saray

Pul xərcləmək üçündür deyən Brınsalovun ən böyük yatırımı “Versall” sarayı tipindəki evidir. Moskva ətrafında yerləşən evdə milyarder xaruqələr yaratdırıb. Otaqları bəzəmək üçün mebel fabrikini belə satın alıb. Bağ sahəsi üçün malikanənin qonşuluğunda 40 evi sökdürüb. İnteryerə gəlincə, divarlarda, pəncərələri ailə üzvlərinin şəkilləri var. Maraqlıdır ki, bu qədər sərmayəyə baxmayaraq, Brınsalov bu evdə yaşamağı xoşlamır. Özünün dediyinə görə, belə evdə yaşamaq rahat deyil: “Mən sadəliyi və rahatlığı sevirəm. Bura nadir hallarda gəlirəm. İran səfirliyi 80 milyon dollara evi almaq istəsə də, həyat yoldaşım onu satmağa qoymadı: “Pulu özümüzlə o dünyaya aparmayacayıq ki!” Həyat yoldaşım dedi ki, malikanə gələcək nəsillərə məndən yadigar qalacaq”.

“Mən çox varlıyam”

“Ümumiyyətlə mən çox varlı biriyəm. Bundan artıq pul xəyal etməsəm də, eyni zamanda özümü varlı da saymıram. Özümə çox az pul xərcləyirəm. Qarderobumda 400-ə yaxın kostyum var. İlin hər günü yenisini geyinirəm. Bir sözlə İngilis lordu kimi yaşayıram”.

Bu ziddiyyətli sözləri Brınsalov öz varidatı haqqında danışarkən bildirib. Qazandığı sərvəti ilə öyünən iş adamı siyasətlə də məşğul olmağa cəhd edib. Amma bu sahədə biznes kimi uğur əldə etməyib. Məsələn, 1996-cı ildə prezident seçkilərində Boris Yeltsinin əsas rəqibi olub. Onun başlıca şüarı isə “Mən varlıyam, məni seçin, siz də varlı olun” idi. Düzdür, Brınsalov prezident ola bilmədi. Amma 1995-2003-cü illərdə “Qosduma”ya (Dövlət Duması – red.) düşməyi bacarıb.

Ailəsi

Vladimir Brınsalov 2 dəfə ailə həyatı qurub. Hər ikisi də xəyanətlə bitib. Birincidə Brınsalovun özü, ikincidə də yeni həyat yoldaşı xəyanət edib.

Onun birinci həyat yoldaşı Lidiya Brınsalova olub. Bu nikahdan onun Natalya adlı bir qızı var. İkinci həyat yoldaşı 1961-ci il təvəllüdlü özbəkistanlı Natalyadır. Texniki təhsili olan Natalya ixtisasca mühasibdir. Bu həyat yoldaşından Vladimiri xəyanət ayırıb. Belə ki, Natalyanın italyan sevgilisi varmış. Qalmaqaldan sonra cütlük boşanmasa da, ayrı yaşamağa başlayıb. Amma deyilənlərə görə, Natalyanın xəyanəti iş adamını bərk sarsıdıbmış. Çünki o sərvətinin yarısını Natalyanın adına rəsmiləşdirməklə bərabər, bütün addımlarını onunla məsləhətləşərək atırmış.

Bu nikahdan da milyarderin iki övladı var - qızı Alyona, oğlu Aleksey. O ki qaldı Brınsalovun Natalyanı necə tapmasına, Natalya onun birinci həyat yoldaşından olan qızının rəfiqəsi imiş. Brınsalov ona elə ilk baxışdan aşiq olub. İş adamının evli olmasına baxmayaraq, Natalya onun sevgilisi olmağa razılaşıb. Natalya hamilə qaldığı zaman Brınsalov həyat yoldaşı Lidiya ilə boşanmaq məcburiyyətindən qalıb.

Brınsalov dərman biznesindən gedib?

Bir verən Allah bir də alır. Son illər Brınsalovun başı problemdən açılmır. Bacısının, eləcə də şirkətin bir neçə rəhbərinin qanunsuz dərman preparatlarının istehsalı ilə bağlı həbs olunmasından sonra milyarder şirkətin rəhbərliyindən istefa verib. Zavodu isə icarəyə verib...

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm