• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Azərbaycan banklarını nə gözləyir?

  • Digər
  • 2 Noyabr 2015 15:08
  • 444 Baxış
Azərbaycan banklarını nə gözləyir?

2015-ci il geosiyasi və iqtisadi baxımdan qeyri-stabil keçir. Onun nəticələri bizim region da daxil olmaqla, bütün dünyada hiss olunur. Sual yaranır: maliyyə sistemimizi nə gözləyir? Məşhur Avropa maliyyəçi və siyasətçisi Ernst Velteke baş verən proseslərə və Azərbaycanın maliyyə sisteminin dayanıqlığına dair haqqin.az saytına müsahibə verib. Öz karyerasına siyasətçi kimi başlayan E.Velteke Deutsche Bundesbank-ın rəhbəri, Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü , Qessen ( Almaniya) torpağının maliyyə naziri və iqtisadiyyat naziri vəzifələrində çalışıb. Hal-hazırda isə Rusiya, İsveçrə və Azərbaycan banklarında Müşahidə Şurasının üzvüdür. Qeyd edək ki, E.Velteke Azərbaycan kommersiya banklarından olan Unibankın Müşahidə Şurasının üzvüdür.

- Cənab Velteke, dünya maliyyə böhranının bir sıra ölkələrin iqtisadiyyatına ciddi ziyan vurduğu bir vaxtda, Azərbaycan bəzi region ölkələri ilə müqayisədə öz iqtisadi dayanıqlığını nisbətən saxlaya bildi. Ümumiyyətlə, hazırda dünya maliyyə sistemində baş verən hadisələrin fonunda Azərbaycanın vəziyyəti necə görünür?

- Bu gün dünya maliyyə sistemindəki böhranın, eləcə də Azərbaycanın olduğu bölgədə gedən proseslərin, iqtisadi tənəzzülün Azərbaycana təsirsiz ötüşməsi təbii ki, mümkün deyil. Mən sizinlə razıyam ki, digər region ölkələri ilə müqayisədə Azərbaycanda maliyyə böhranının mənfi təsiri kəskin enişlərlə müşahidə olunmadı. Hətta statistik göstəricilərə əsasən, ilin ilk 9 ayı ölkə iqtisadiyyatında artım qeydə alınıb. Təbii ki, dünya enerji bazarında vəziyyət Azərbaycanın xeyrinə deyil. Neft gəlirlərindən asılılıq, neftin qiymətinin aşağı düşməsinin büdcə gəlirlərini azaltması, nəticə olaraq istehlakçının vəziyyətinə mənfi təsir edir. Rusiyadakı çətin iqtisadi vəziyyət də sizin ölkənizin iqtisadiyyatına təsir edir. Rusiyada işləyib öz ailəsinə pul göndərən azərbaycanlılar da artıq bunu əvvəlki həcmdə edə bilmirlər. Devalvasiya prosesindən sonra bir çox insanların dollar almağa marağının artması da, nəticədə Azərbaycanda maliyyə sisteminin dollarlaşmasını artırdı. Amma bütün bu mənfi amillərə baxmayaraq, hesab edirəm ki, Mərkəzi Bankda və Neft Fondunda vəziyyəti yumşaltmaq, problemi azaltmaq üçün kifayət qədər resurslar var. Onu da qeyd etmək istərdim ki, əvvəllər büdcənin böyük hissəsi kapital xərclərinə yönəldilirdi, yeni büdcədə isə bu xərclər əvvəlki illərə nisbətən xeyli azalmışdır.

- Fevralda baş verən devalvasiya prosesinə Azərbaycanın bank sektoru daha həssas reaksiya verdi. Bir maliyyəçi olaraq ölkə bank sektorunda mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Maliyyə böhranı Azərbaycandakı banklara təbii ki, öz mənfi təsirini göstərdi. Amma bu təsir elə də güclü olmadı. Bir qədər yaxşı tərəfdən baxsaq, nəticə etibarı ilə böhranın bank bazarının güclənməsi, sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artmasına təsiri olacaq. Böhran adətən bazardakı oyunçuların aktivləşməsinə səbəb olur. Belə vəziyyətdə banklar müəyyən optimallaşdırma tədbirləri aparırlar. Bir neçə filialın bağlanması və ya birləşdirilməsi mövcud vəziyyətə uyğundur və normal qəbul olunmalıdır. Dünyanın aparıcı inkişaf etmiş ölkələrində də böhran zamanı bu addımlar atılır. Düşünürəm ki, Azərbaycan Mərkəzi Bankı böhran şəraitində ondan tələb olunanı edərək, inflyasiyanın qarşısının alınması və azaldılması, həmçinin maliyyə sisteminin dəstəklənməsi üçün tədbirlər görüb. Mən inanıram ki, həm dövlətin dəstəyi, həm də bankların özünün sağlam, bazarın tələblərinə uyğun qərarlar verməsi, bankların böhrandan daha az itkilərlə çıxmasına imkan verəcək. Mən Azərbaycan bank sektorunun gələcəyinə nikbin baxıram.

- Siz bir çox Rusiya və Avropa bankları ilə yanaşı, Azərbaycan bankı olan Unibankın da Müşahidə Şurasının üzvüsünüz. Bu bank Azərbaycanın ən böyük banklarındandır. İndiki böhran şəraitində Unibankın siyasəti haqqında nə deyə bilərsiniz, bankın siyasəti vəziyyətə adekvatdırmı və biz sadə istehlakçıları nə gözləyir?

- Mən təbii ki, MŞ-nın üzvü olaraq bankın mövcud vəziyyətdə siyasətini izləyirəm və düşünürəm ki, bank rəhbərliyi tərəfindən verilən qərarlar bazarın mövcud tələblərinə uyğundur. Belə hallarda xərclərə nəzarətin bir qədər də artırılması məqsədəuyğundur. Bazarın məhdudlaşdırılmış artım potensialı, rəhbərliyi xərclərin strukturunu bir daha nəzərdən keçirməyə və bazarın artdığı dövrdə qüvvədə olan əvvəlki qaydaları arxa plana keçirməyə vadar edir. Lakin böhran artım əskikliyinə səbəb olmamalıdır. Bank yeni artım sahələri tapmaq üçün addımlar atır.

- Unibankın səhmdarları sırasında AYİB( Avropa Yenidənqurma və İnkişaf Bankı) və DEG (Almaniya İnvestisiya Korporasiyası) də var. Belə böyük maliyyə institutlarının bankların səhmdarları arasında olması böhran vəziyyətində nə kimi rol oynayır?

- Təbii ki, AYİB və DEG kimi nüfuzlu beynəlxalq maliyyə qurumlarının hər hansı bankın sahibləri siyahısında olması, belə mürəkkəb vəziyyətlərdə daha sağlam, adekvat qərarların verilməsində öz təsirini göstərir. Təcrübə göstərir ki, bu cür nüfuzlu maliyyə qurumlarının olduğu banklar maliyyə böhranı zamanı digər bazar iştirakçılarına nisbətən daha sağlam qərarlar verərək, böhrandan daha çevik və tez çıxa bilirlər. Müştərinin bank seçimində bankın səhmdarlarını nəzərə alması da, doğru yanaşmadır.

- İlin sonuna az qalıb. 2016-cı ildə dünya və Azərbaycan maliyyə sistemini nə gözləyir?

- Təbii ki, ilin bitməsi ilə maliyyə böhranı da bitəcək demək düzgün yanaşma deyil. Hər birimiz dünyada baş verən prosesləri görürük və buna uyğun nəticə çıxarıb, gələcək trendləri görməyə çalışırıq. Geosiyasi və iqtisadi gərginliklər birbaşa dünya iqtisadiyyatına mənfi təsirini göstərməkdə davam edəcək. İqtisadi aktivliyin əvvəlki kimi yüksəlməyəcəyi də göz önündədir. Gözləntilər var ki, Azərbaycan üçün çox vacib amil olan neftin gələn ilki qiymətləri indiki həddən də aşağı düşə bilər. Lakin hər böhran inkişaf üçün bir fürsətdir. Ölkənin qeyri-neft sektoru artıq artım dinamikası nümayiş etdirib. İrana qarşı sanksiyaların aradan qaldırılması təbiidir ki, neftin qiymətinə təzyiqi artırır, amma bu regionda qonşu ölkələrlə iki tərəfli ticarət aparılması üçün daha çox imkanlar yaradır ki, bu da Azərbaycana öz faydasını gətirə bilər. Mən düşünürəm ki, hamımız nikbin olmalıyıq. Psixoloji amillərin vəziyyəti daha da gərginləşdirməsinə imkan verməməliyik, baş verənləri soyuqqanlı dəyərləndirməliyik. Böhran bizim bədbin olmağımız üçün əsas olmamalıdır. Belə vəziyyətdə düzgün və sağlam qərarların verilməsi çox vacibdir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR