Kor şeytan, türk Şaban, yazıq biz...
Bizi izləyin

Digər

Kor şeytan, türk Şaban, yazıq biz...

Lənət sənə, kor şeytan! Bilmirəm necə oldu Facebook-dakı həmkarlardan birinin statusu gözümə dəydi. Gülgün Qurbanovanı deyirəm. Zatən bu xanımın müşahidələri həmişə dəqiq və yerində olur, amma bu dəfə dostum lap quşu gözündən vurmuşdu. Statusa bir video-parça da əlavə etmişdi. Məşhur türk komediyası gedir efirdə. Hamı azərbaycanca danışır, Şaban türkcə. İlahi-pərvərdigar, sən məni gülməkdən ölmək kimi rüsvayçılıqdan hifz et. Çünki gülüb-gülüb ölsəm öz el-obamı demirəm, bütöv bir jurnalist cameəsi də biləcək ki, adam niyə güldü, nəyə güldü və nə təhər oldu ki, gülməkdən öldü.

Gözümün yaşını silibən dostumdan xəbər alıram, bəs bu nədi, nə özfəaliyyətdi, haradan tapıb çıxartmısan? Deyir, nə özfəaliyyət, kanalı çevir bax, bil və agah ol. Kanalı çevirirəm Xəzər TV-yə. "Vay bee! Nələr yapmışlar nələr" deyə osmanlı türkcəsində duyğularımı dilə gətirib də baxmağa davam edirəm. Gör, ağıllarına gələnə bax. Yəqin növbəti yumoristik verilişdi, düşünürəm. Amma fraqment bitmir. Titrlər apaydın adamın gözünü deşir. Efirdə yayımlanan veriliş-filan deyil, filmin özüdür ki var. "İnək Şaban" filmi guya dilimizə dublyaj olunub.

Necə olubsa, sensasion bir işə qol qoyublar. Şaban rolunu canlandıran məşhur aktyor Kamal Sunalının danışığı koloritli olduğundanmı, bu səslənməni edə biləcək aktyor tapılmadığındanmı ya hansı səbəbdənsə belə qərar verilib ki, bütün dialoqlar azərbaycanca səslənsin, Şabanın replikaları türkcə. Buyur, əziz tamaşaçı, bax və ən yaxşı halda öl. Ya hirsindən öl, ya gülməkdən öl. Başqa çarən yox ki. Anlayışın varsa təbii. Dil fərqi bir yana səs fərqi də qulaq deşir. Şabanın səsi alt xəttdə, o biri səslər üst xəttdə yazıldığından səs daim qalxır-düşür, qalxır-düşür. Normalda səs brakı sayılan bu hal film boyu davam edir. Bir də şeytana lənət oxuyub kanalı çevirməkdən başqa bir əlacım qalmır. Əcəba vəzifəsi və borcu yerli TV-ləri izləməkdən ibarət olan səlahiyyətlilər, özəlliklə Teleradio Şurası görəsən, "Xəzər" TV-nin bu dublyaj məhsulundan xəbərdardırmı? İnanmıram.

***

Lənət sənə, kor şeytan! Şabanın başına gələn başqa bir gülməli olay, yenə absurd. Bu dəfə bizdə yox, Türkiyədə. Mən deyim, siz gülün. Antalyada pensiyaçı Orxan Erezkaya ərizə ilə prokurorluğa müraciət edib. Erezkaya deyir "Yeşilcamfilm"in İnək Şabanına görə heç kəs övladına Şaban adını vermək istəmir. Şaban key, sarsaq, ağıldan kəm, səviyyəsiz obraz olduğundan insanlar həmin addan imtina edirlər. Tək-tək valideynlər islami inanc ucbatından bu adı yazdırsa belə uşaq böyüyüncə əziyyət çəkir, onu o qədər dolayırlar ki, axırda məcbur olub adını dəyişdirir. Bu gedişlə Şaban artıq ad kimi sıradan çıxır. Bu faktın təsadüf olmadığını iddia edən şikayətçi deyir ki, bu filmlərlə ümumiyyətlə, islami dəyərlərə həqarət olunur. Bir müddət sonra islamın mübarək üç ayına qədəm qoyulacağını deyən Orxan Erezkaya bir ənənəni də yada salıb. Ta qədimdən bu aylarda doğulan uşaqlara Şaban, Rəcəb və Ramazan adları qoyardılar. İndi Şaban adı bu cür "bədbəxt olub".

Rəcəb İvedik komediya filmlərindəki Rəsəb də insanlıqdan uzaq bir obrazdır. "Tatar Ramazan" adlı filmdə də Ramazan qatildir, dövlətə, qanuna qarşı çıxan mənfi obrazdır. Yəni hər iki obraz adları gözdən salıb. Orxan Erezkayanın ilk iddiası Şabana qarşıdır. Istədiyi odur ki, Şaban adını təmizə çıxartsınlar. Bu adı başqa xüsusi isimlər kimi hörmətli, sanballı etməyin yolunu da göstərir adam - Şabana aid bütün filmlər ekranlardan yığışdırılsın, "Şaban tarixə gömülsün". Şikayətçi hələ özünə rəsmi vəkil tutmayıb. Amma əmindi ki, müsəlman ölkəsi olan Türkiyədə onun mövqeyini dəstəkləyən vəkil tapılacaq, məhkəmə filmi qadağan etməklə müqəddəs ay adının toxunulmazlığını bərpa edəcək. Bu zaman, yəni pasportlarında Şaban, Rəcəb, ya Ramazan yazılınca insanlar daha imanlı, daha təmiz, daha mömin olacaqlar. Səni yaradana şükür! Lənət şeytana! Allah hər birimizi şeytandan hifz etsin. Amin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm