“Əməkdar arvad ustası” və tarakanlı çay
Bizi izləyin

Digər

“Əməkdar arvad ustası” və tarakanlı çay

“Əməkdar arvad ustası” və tarakanlı çay

Bakının Dəmir Yolu vağzalı unikal məkandı, kimlərçünsə şəhər burdan başlayır, kimlərçünsə burda bitir. Bu həndəvərdə hər sifətdə adama tuş gələ bilərsən; fahişəsindən, alverçisindən tutmuş skamyada yatan səfilinə, əyyaşınacan... Cibriglər üçün də buralar əlverişli yerdir; özlərini tünlüyə verib rahatca işlərini görür, soyulan adam işdən hali olunca sivişib aradan çıxırlar.

Bir dəfə ünlü şairlərimizdən biriylə düd deyincə içib dünyanı unudandan sonra gəlib burda, “Gözləmə zalı”ndakı skamyada baş-ayaq yatmışıq. Səhər bizi vağzal polisləri oyatmasaydı, gün teştə çıxınca yatıb qalasıydıq. Allah onlardan razı olsun! Bizi el-aləmin gözündə rüsvay olmaqdan xilas etmişdilər. Biz də neyləsək yaxşıdı? Səhərin gözünü xaşla açdıq. Harda xaşdı, araq orda başdı.

“28 may” metrosunun yaxınlığında dayanıb vacib bir şəxsi gözləyirdim. Postmodern şairimiz Yafəs Türksəsin sözü olmasın, onunla görüşüb dünyanı gözəlləşdirmək xəyalıyla tez-tez qol saatıma baxırdım. Allah saxlamış, ay gəldi ha!..

Bu dəmdə kimsə qarnıma yüngülcə bir çırtma vurub məni babat diksindirdi. Qarşımda dayanmış adamı görüncə beynimdən ildırım sürətilə bu fikir keçdi: Tanrım, hansı günahın sahibiyəm ki, məni ovqatımın meyxoş vaxtında bu adamla cəzalandırırsan?!

Adam məni görüncə salam-kəlamsız giley-güzarını günün istisində qəfil yağan yağış kimi üstümə səpələməyə başladı:

-Ayə, yekə adamsan, sənə neçə dəfə zəng vurmuşam, gah telefonunu söndürürsən, gah cavab vermirsən. Bəs mən səni necə tapım?! Axır ki, əlimə keçdin! Adam bu qədər yalançı olmaz. Gedək bir çay içək, sənə işim düşüb.

Vəssalam! Bu əyalət şairinin girinə keçdinsə, bu gündən əlini üz. Sənə bir kitablıq şeir oxumayınca yaxandan əl çəkəsi deyil. Dedim kitab üçün şəkil çəkdirməliyəm, həm də bir adam gəlməlidir, onu gözləyirəm. Qoluma girib məni üstünə “Fujıfılm” yazılmış qapıya tərəf çəkdi: - Hə, elə mən də şəkil çəkdirəcəyəm, təzə kitabımı çapa hazırlayıram. Bu dəfə esselərimi bir kitaba yığmışam.

Fikirləşdim ki, ilahi, mən tuği-lənət olub boğazıma keçmiş bu adamdan necə xilas olum? Fotostudiyaya girib hərəyə bir şəkil çəkdirdik. Zalım balasının köynəyinin yaxası heç cür şax dayanmırdı, fotoqrafa yalan olmasın, 5 dəfə şəklini çəkdirəndən sonra axır ki, bir kadrı bəyəndi. Şair fotoqrafdan tələb edirdi ki, onun şəklini əli çənəsində, pəjmürdə görkəmdə çəksin. “Bilinməlidir ki, bu adam şairdi. Hələ dayan, qoy saçlarımı dağınıq vəziyyətə salım”.

Şəkilləri alıb vağzal yaxınlığındakı kafelərdən birində oturduq. İçəridə sərxoş bir qadın masa arxasında oturub siqaret tüstülədirdi, arada yava sözlər də danışırdı. Baxdım ki, ətrafda heç kim yoxdu, özü özüylə danışır. Mırıqdiş qadın elə hey nəsə deyib üzümüzə irişirdi. Ofisiant neçə dəfə onu kafedən çıxarmağa çalışsa da buna nail ola bilmədi. Şair işin olmasın, bizə mane olmur, dedi. Allah heç kəsə gavalı rəngində çay içmək müsibəti göstərməsin. Vağzal çayı necə olar? Arada alkaşlar gəlib ayaqüstü limonla yüz vurub gedirdilər. Şairsə mənə öz esseləri haqda danışırdı. Matdım-matdım üzünə baxmaqdan başqa çarəm qalmamışdı.

-Bilirsən, mənim esselərim klassik, fəlsəfi esselərdi. Böyük mətləblərdən yazmışam. İndi şeir oxuyan yoxdu, şeirə pul vermirlər, qardaş. Esse çox ciddi bir janrdı, inanıram ki, bu kitabım yaxşı satılacaq. Yeri gəlmişkən, bazar günü radioya qulaq asarsan, 105 FM-də məndən müsahibə götürüblər. Orda məni fəlsəfi esselər müəllifi kimi təqdim ediblər. Mütləq qulaq asarsan!

Məlum oldu ki, dostum onu axırıncı dəfə gördüyüm vaxtdan bəri üç dəfə evlənib. Onu son dəfə cəmi bir il bundan əvvəl üzü üzlər görmüş “Azərbaycan” nəşriyyatında görmüşdüm. O, uğursuz evlilik tarixçəsini danışmağa başlayanda ürəyimdə Allaha yalvarırdım ki, bircə gözlədiyim adam tez zəng vursun, bu “əməkdar arvad ustası”nın əlindən canım qurtarsın.

Qəfildən gözüm masanın üstündəki tarakana sataşdı, içdiyim çay boğazımda qaldı. Dik atıldım, qarşımda oturmuş pırpızsaç adam gözümə yekə tarakan kimi göründü.

-Ayə, qulaq es, hələ ardına qulaq as...

Tarakan nəlbəkiyə doğru irəliləyirdi.

Bu dəmdə gözlədiyim adamdan zəng gəldi:

-Qadan alım, sən Allah, bağışla... Bu gün görüşə bilməyəcəyik... İncimə, qurban olum!.. Qalsın başqa vaxta...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm