• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ramazan və yolu azan

  • Digər
  • 25 İyun 2014 16:17
  • 857 Baxış
Ramazan və yolu azan

FAKT

“Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) 2014-cü il üçün Ramazan (orucluq) ayının təqvimini açıqlayıb. QMİ-dən verilən məlumata görə, hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyunun 28-ə düşür”.

ŞƏRH

Ərəblər qılınclarını əllərinə alıb Azərbaycan da daxil olmaqla İspaniyaya qədər yürüşə çıxanda Corc Vaşinqtonun min il əvvəlki babaları sonralar İngiltərə adlanacaq torpaqlarda ya qoyunçuluqla, ya da əkinçiliklə məşğul olurdu. Kilsə hələ 4-5 əsr sonra səlib yürüşünə başlayacaqdı, Böyük Karl hələ Frank imperiyasını yaratmamışdı.

Qədim Roma imperiyası dağılmış, antik yunan-roma mədəniyyəti xristian sxolastikasının hücumuna məruz qalmışdı. Xristianlar isə hələ də qərar verməmişdilər ki, İsa birtəbiətlidir, ya iki? Yəhudilər isə tarix səhnəsində epizodik olaraq görünüb, yoxa çıxırdılar.

Türklər isə Orta Asiyada bozqırlarda ya azadlığın dadını çıxarırdılar, ya da ki aclıq düşən kimi Çinə hücum edib oranı talayıb, xaqan üçün də incəbelli imperator qızı gətirirdilər. Amma ərəblər işğallarını davam etdirir, adam öldürür, cizyə kəsir, xərac alırdılar. Yəni arxalarında nə Amerika səfirliyi, nə yəhudi lobbisi dayanmırdı. Amma bu gün həmin ərəblərin mahiyyətində olanlar İraqda, xüsusən də Mosulda qətliamlar törədəndə iddia olunur ki, İŞİD-i Ankaradakı Amerika səfirliyi idarə edir.

Bir başqa konspiroloq iddia edir ki, bu azğınlaşmış kütlənin arxasında Rusiya dayanır. Digəri Səudiyyəni, Qətəri işarə edir. Bir başqası isə Türkiyənin uzun müddətdir İŞİD-i silahla bəslədiyini irəli sürür. Yəni sanki Əfqanıstandan İraqa, Misirdən Suriyaya qədər bütün müsəlman ölkələrində əhali sudan çıxmış ağ qaşıqdır, əllərinə silah, dillərinə narkotik dəyməyib.

Sanki bu ölkələrin liderləri, mollaları insanları çağdaş dünyaya çağırır, Taliban qız uşaqlarının məktəbə getməsinə dəstək verir, sabah-bu gün Aya peyk göndəriləcək. Sanki dünya elminin aparıcısı bu dövlətlərdir, CERN laboratoriyasında ərəblər, əfqanlar, iraqlılar tədqiqat uğrunda mübarizə aparır, tanrı zərrəciyini əslində onlar tapıb, amma Qərb səfirlikləri imkan vermir ki, dünya bu müdhiş tapıntılardan xəbərdar olsun.

İnsanlar dəmirdən yeni arabalar, raketlər düzəldir, İŞİD-in azərbaycanlı “mücahid”i isə deyir ki, Allah dəmiri ona görə endirib ki, kafirləri imana çağıraq. Yəni gələrlərsə bağışlayaq, gəlməzlərsə öldürək, analarını, bacılarını, arvadlarını halal edək. Sanki Səudiyyə, BƏƏ, Qətər kralları ölkəni demokratik qaydalarla idarə etmək istəyir, amma Qərb icazə vermir.

Taliban, əl-Qaidə və bunun nəticəsi olaraq İŞİD məhz bu regionun yetişdirə biləcəyi bir qruplaşmadır. Bu gün İŞİD-in mövcudluğu məhz bu rejimlərin varlığına görədir. Ümid edirik ki, Ramazanda yolunu azan bu qəbilə elə Qərbin gücü ilə darmadağın ediləcək.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR