Orda üzülən bizim insanımızdı...
Bizi izləyin

Digər

Orda üzülən bizim insanımızdı...

(Millət vəkili Qənirə Paşayevanın İraq Türkmanları ilə bağlı Türk dünyasına səslənişi)

Balaca idim... Böyüklərdən əmim Qəzənfər Paşayevin İraqda işlədiyini eşitmişdim. O uzaq ölkə haqqında kiçik təsəvvürüm belə yox idi. Sadəcə bilirdim ki,əmim haradasa çox uzaqlarda işləyib. Sonra əmimin o sirli-sehirli söhbətlərinin dinləyicilərindən birinə çevrildim. – Kərkükdən, Duzxurmatudan, Təlafərdən, Ərbildən danışırdı, ordakı insanların bizimlə eyni cür danışdığını, mətbəxlərinin, gələnəklərinin, bir sözlə, hər şeylərinin bizimlə eyni olmasından... elə ilhamla, məhəbbətlə danışırdı ki, əmim... –bir an öncə oralarda olmaq, oralaraı görmək istəyirdim... Bir gün bu istəyimi dilə gətirib, “...mən də oranı görmək istəyirəm” dedim... “Görə bilməzsən ora çox uzaqdadır. Getməyə də icazə verməzlər” dedilər; amma o sirli söhbətlər, o yanıqlı və gözəl bayatılar (xoyratlar) məni özünə elə valeh etmişdi... bir gün mütləq oraya gedəcəyimin xəyallarını qururdum.

Əmim gedə bilmişdisə, demək, mən də gedə bilərdim... Bir az sonra əmimin bu sirli ölkə haqqında ard-arda çıxan kitablarını oxumağa başladım: “Altı il Dəclə-Fərat sahillərində”, “Kərkük bayatıları”, “Kərkük atalar sözləri”, “Bu sevda ölüncədir”... O kitablardakı sevda əmimdən sanki bizə də keçmişdi, görmədiyim o yerlərlə bağlı içərimdə böyük bir sevda vardı. Kərkük içimdə ölüncə davam edəcək bir sevdaya çevrilmişdi –mən onun qara sevda olmasını istəmirdim..! Atam ədəbiyyatçı və milli düşüncə insanı idi. Məhz Kərkük bayatıları adı ilə bir çox incə mətləbləri düşüncələrə hopduran bayatılar söylərdim məktəb tədbirlərində... Seçimdə atam böyük rol oynardı. Həm Kərkükü anladan, həm də milli düşüncə aşılayan bayatılardı onlar...

Dilim dilim,

Kəs qovun dilim-dilim,

Mən dilimdən vaz keçməm,

Olursam dilim-dilim...

Bu nə yanğı, nə ağrı idi.?! Atam onu hər zaman söyləməmi istərdi və mən də söylərdim, təbii... Bu sevdayla böyüdük və sovetlerin dağılması, müstəqilliyimizin bərpası illərində o sirli-soraqlı yerdən – Kərkükdən qonaqlar daha çox gəlməyə başladı... Və Qəzənfər əmim vasitəsilə onları yaxından tanımağa başladıq...

Qəzənfər müəllim Azərbaycanda İraq-Türkman Muzeyinin açılmasına nail olanda hamımız çox sevinmişdik elə o gözəl bölgələrimizdən gəlib iştirak edən qardaş-bacılarımız da... Azərbaycanın diqqətini, sevgisini yüksək qiymətlədirən İraqlı soydaşlarımızla hər görüş, hər söhbət bir ziyarətə çevrilirdi... Soydaşlarımız Ümummilli Liderimiz Heydər Əliyevin “...tarixi araşdıranda gördüm ki, İraq türkmanları ilə bir bütövün parçalarıyıq...” fikirlərinin arxasında dayanan düşüncəni yüksək qiymətləndirərdilər və bu gün də belədir!

Nəhayət gün gəldi telejurnalist kimi ilk dəfə İraqa gedəsi oldum... İlahi, nə qədər sevinmişdim!.. O zaman Səddam Hüseyn hakimiyyətdə idi. Mənim Kərkükü, Təlafəri, Tuzxurmatunu görmək niyyətim baş tutmadı... Heyətin oralara getməsinə qeyri-rəsmi razılıq verilmədi. Səbəblərini bilirdim. İnsanımızın yaşadığı o dəhşətli ağrı-acıları, faciələri, qətli¬amları da bilirdim artıq. O bölgələrə gedə bilməsəm də, İraqda durumu daha geniş gördüm çünki Bağdadda bəzi türkman kökənli insanlarımızla söhbət etmək imkanım oldu oralara gedə bilməsəm də... Ağrı ilə döndüm İraqdan... amma mütləq İraqa bir də getməli idim, öz doğma torpaqlarımızı, oradakı insanlarımızı doğulduqları yurdlarda, öz ev-eşiklərində görməli idim... – Bu arzu məni tərk etmirdi. İraqa ikinci səfərim zamanı buna nail ola bildim. Referendum keçirilirdi və prosesi izləyəcək jurnalistlərdən “seçkini harada izləmək istərsiniz?” deyə soruşulanda, sevinclə və tək kəlmə ilə “Kərkük” demişdim. (Türk kökənli jurnalistlərin çoxu Kərkükü seçmişdi.) Bu şansı qaçıra bilməzdik. Bizi referendum deyil, Kərkük maraqlandırırdı. Çox həyacanlı idim... Kərkükdə avtobusdan enəndə dərin bir nəfəs aldım, havanı ciyərlərimə çəkib, “axşamınız xeyr!” dedim. Bizi qarşılayanların “axşamınız xeyr, xoşgəldiniz” sözlərindən sonra hal-əhval tutmaq istiqamətində kiçik dialoqumuzu heyrətlə izləyən avropalı jurnalist dostumuz Mişel, təccüblə dönərək, “sən bunların dilini hardan bilirsən?” deyə soruşdu. Aramızda maraqlı bir dialoq yaşandı:

-Biz eyni dildə danışırıq.

-Necə eyni dildə? Sən Azərbaycandan deyilsənmi?

-Hə, doğrudur...

-Bəs siz necə eyni dildə danışa bilərsiniz? Ciddimisən?

-Tam ciddi... Çünki onlarla biz eyni millətin mənsublarıyıq...

-Necə yəni?!.

...Mişelə tariximizi, keçmişimizi, bildiklərimi anlatmağa başladım. Gördüm, zaman alacaq, “gecə sənə hamısını anladaram” dedim.

Axşam Mişellə yanaşı, anlatdıqlarımı dinləyən digər 7 xarici jurnalist dostumuzla söhbətimiz gecə yarısına qədər uzandı...

Səddam Hüseynin referendumu barədə danışmaq istəmirəm. Başdan ayağa saxta idi... amma referendumu qısa izləyib, gerçək görmək istədiklərimin arxasınca getdim. Kərkükü dolaşdım, insanlarımızla söhbət etdim. Yaşadıqları zülmləri, ağrı-acıları anlatdılar... amma zorlu həyata qarşı, heç nəyə baxmayaraq, umutlu idilər və dilimizi, mədəniyyətimizi yaşatmaq üçün əllərindən gələni edirdilər..! Əbdüllətif Bəndəroğlunu, Nəsrin Ərbili daha kimləri daaha da yaxıdan tanıdım İraq səfərlərimdə...

İraq müharibəsi dövründə jurnalist kimi ölkənin müxtəlif bölgələrində çalışdığım zaman da hər zaman onların yeri tamam başqa idi: həm qəlbimdə həm də işimdə...

Səddam Hüseyn devriləndə, doğrusunu söyləsəm, sevinmişdim. Türkmanlar, insanlarımız daha xoşbəxt olacaq, haqlarını daha yaxşı əldə edə biləcəklər deyə... amma olmadı... Yenə də əziyyətlər, ağrılar, təzyiqlər altında yaşamağa davam etdi soydaşlarımız... Gerçək haqlarını əldə edə bilmədilər... Hər kəs azdan-çoxdan haqqını aldı, bircə onlardan –bizimkilərdən başqa...

Milli Məclisdə Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupu yarananda ən çox sevinənlərdən biri idim, sağolsunlar, məni də qrupa üzv etdilər. İraq tərəfdən qrup üzvləri arasında Kərkük millət vəkili Jalə Neftçi də gəlmişdi. Cənab Prezidentlə görüşdən çıxdıqdan sonra düz yanımıza gəldi. Sevincindən ağlayırdı və gözyaşları içində... “bilirsinizmi, Prezidentlə görüşdə nə oldu?!” dedi. Hamımız verdiyi suala elə özünün cavabını gözləyirdik. – “Cənab Prezidentə nə qədər təşəkkür etsəm azdır. Görüş zamanı mənə “qardaş-bacılarımız necədir?” dedi. Qrupun rəhbəri “cənab Prezident, biz də sizin qardaş-bacılarınızıq” dedi. O da, “doğrudur amma onlar ən yaxın, ən doğma qardaş-bacılarımızdır” dedi və görüş bitən zamanı türkman kökənli millət vəkilləri ilə ayrıca da şəkil çəkdirdi, problemlərimizlə, arzularımızla maraqlandı. “Nə məsələ olsa müraciət edə bilərsiniz” dedi. Özümü burada gerçəkdən də vətəndəki kimi hiss edirəm!”

İraq türkmanlarının son on illərdə sanki taleyinə yalnız ağır imtahanlar yazılıb. İndi isə durumları daha da gərgindir... Getdikcə də gərginləşə bilər. Qətlə yetirilən, köçkün düşən türkman qardaş-bacılarımızın sayı sürətlə artır. Kömək istəyirlər... Bütün Türk Dünyasına səslənirlər... Bizi unutmayın deyirlər... Kömək gözləyirlər..! Minlərlə insan son olaylarda öz evindən didərgin düşüb. Uluslararası təşkilatlar, ictimaiyyət isə susur...

Bizim insanımızdır orada faciə ilə üzləşən... Tarixi sadəcə bir az varaqlamaq yetər ki, oradakı insanımızın qanı-qanımızdan, canı-canımızdan olan qardaş-bacılarımız olduğunu görək. Gəlin bir ürək kimi onların yanında olduğumuzu göstərək. Hər kəs gücünün çatdığı qədər... Dünyanın hər yerində onların da səsi olaq. Onları unutmadığımızı, düşündüyümüzü, yanlarında olduğumuzu göstərək. O gün bu gündür! Qardaşın qardaşın yanında olmalı olduğu gün..! Bunu böyüyən nəsillərimiz və dünyaya mesaj vermək üçün də etməliyik. Onlar tək deyil deyək... Biz varıq... Biz!.. “Biz” nə qədərik? –Cavabı sizə və bütün Türk Dünyasına buraxıram...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm