• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dilqəmi, Şahbazı, Həsəni niyə yazmadız?

  • Digər
  • 27 Avqust 2014 11:35
  • 864 Baxış
Dilqəmi, Şahbazı, Həsəni niyə yazmadız?

O üç nəfəri hamı unutdu. Dilqəmi, Şahbazı, Həsəni. Onlar günlərin bir günü öz dədə-baba torpaqlarının qoxusunu duyub, daha dayanıb durmağın qeyri-mümkünlüyünü anlayıb, hər cür təhlükəyə hazır bir şəraitdə yola düşmüşdülər.

Qəvi düşmənin amansızlığı bəlli, dünyanın super dövlətlərinin haqqı bərpa eləməkdə gücsüzlüyü, səhlənkarlığı bəlli, xəlvətcil mina bəlli, silahlı ölüm bəlli... Amma onlar getmişdilər. Doğma torpağın iyini-qoxusunu almağa, dağlarına, yaşıllıqlarına, çaylarına, sularına, buluduna-səmasına tamaşa eləməyə getmişdilər. Ölüm, əsirlik, işgəncə təhlükəsinə rəğmən, dayana bilməmişdilər.

Dilqəm Əhmədov, Şahbaz Quliyev, Həsən Həsənov ad-familli bu qəhrəmanlarla indi ola bilsin, yalnız əlaqədar təşkilatlar məşğuldu - əgər məşğuldusa, onlardan ilk ikisini sağ-salamat geri qaytarmağın, sonuncununsa meyitini torpağa tapşırmağın qayğısını çəkənlər var. Ancaq biz onları unutduq. Elə bil heç olmamışdılar.

Son 20 ilin Azərbaycanını götürsək, mən bu üç nəfərin özbaşına, müstəqil, heç kəslə razılaşdırılmamış, onların öz bağrından qopmuş qarşısı alınmaz addımını - işğal altındakı doğma yurdu, cənnət Kəlbəcəri ziyarətini xüsusi hadisə sayıram. Bu hissiyyatda, bəlkə, gözümüzü-qulağımızı yağır eləmiş, standart qaçqın-köçkün obrazının da neqativ fon yaratmış rolu az deyil.

Çünki təkcə rəsmi təbliğat yox, əslində, biz bir cəmiyyət, xalq, insan toplusu olaraq hamımız yurdunu, torpağını itirmiş adamlardan əcaib, bədbəxt, eybəcər, gözüyaşlı, aciz-çarəsiz, əyri-üyrü məxluqlar düzəldib nəinki dünyaya, dünyanın taleyinə cavabdeh şəxslərə, onlarla yanaşı, həm də öz ahıllarımıza, balalarımıza, uşaqlarımıza təqdim eləmişik. "Şuşada kabab yeməyə", "Qarabağda konsert verməyə", "doğma yurdda qurban kəsməyə" hazır çarəsiz insanların ah-naləsinə, əlçatmaz arzusuna qulaq asmışıq.
Heç demə, qarabağlıları təkcə hansısa zamanda silah götürəcəyi barədə basıb-bağlayan insanlar kimi təsəvvür eləməkdə səhvə yol vermişik.

Heç demə, adam bir səhər yuxudan qalxıb doğma yurdu görmədən, ora ayaq basmadan yaşamağın qeyri-mümkünlüyünü dərk edə və bu hissiyyatın qabağına düşüb hər cür təhlükəyə hazır ola bilərmiş.
İndi keçək mətləbə.

Bəs nə üçün biz o adamlardan xəbərsiz qalmışıq? Dilqəmin, Şahbazın, Həsənin obrazı bizim çağdaş bədii ədəbiyyatımızda niyə yoxdu? Qarabağ müharibəsi gedən illərdə polemikaya çevrilmiş müharibə ədəbiyyatı, müharibə və vətən ağrıları mövzuları haqda mənim o zamankı proqnozlarım beləydi: O ədəbiyyatı müharibənin içindən keçmiş, qaçqın-köçkün həyatını öz uşaqlıq illəriylə yola vermiş gələcəyin (o zamana görə) yazıçıları yaradacaq! Doğrudan da, o uşaqların arasından neçə-neçə yazıçı çıxdı, amma həqiqi müharibə ədəbiyyatı ortaya çıxmadı. Həqiqi yurd ağrısını hiss edə bilmədik.

Dilqəmi, Şahbazı, Həsəni yaza bilmədiz siz! Onda siz nəyə gərəksiz, axı? Mentalitezdən yazmağa doğulmamısız. Ağcaqanaddan, milçəkdən, Buşdan, Obamadan yazmaq sizin missiyanız deyildi. Niyə yazmadız, türkün sözü, nəyiniz çatmadı? Millətə ağıl verməyə adam tapılardı. Bax indi başa düşürəm "Daş yuxular" necə və niyə meydana gəlib...

Hərdən məndə heç cür qarşısını ala bilmədiyim bir hiss baş qaldırır. Ya gecənin bir aləmində, ya da səhərlər hələ yuxudan tamam oyanıb həyatın adi axarına qatılmamışdan qabaq - durub maşına minib kəndimizə getmək istəyirəm. Bakıdan təxminən 150 kilometr uzaqda olan kəndimizi görmək duyğusu içimi dağıdır. Həmişə düşünürəm: Kaş belə imkanım olaydı, məsələn, həyətdə məni hazır maşın gözləyəydi, ürəyimə dolan kimi heç kəsə xəbər eləmədən çıxıb gedəydim.

Sonra sakitləşib işə çıxıram. Əgər kəndimizə getmək mümkünsüz olsaydı, yəqin, mən də dözə bilməzdim. Dilqəm, Şahbaz, Həsən kimi.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR