• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Maşallah, İnşallah Hocam

  • Digər
  • 11 Oktyabr 2014 15:11
  • 973 Baxış
Maşallah, İnşallah Hocam

Berti Foqts müsəlman olmasa da, deyəsən, bəzi futbolçularımızın ona suyu sıçrayıb.

“Hoca”mızın çıxışlarında lap Adnan Oktarsayağı “maşallah” və “inşallah”lar çatmır.

Foqtsun çıxışlarına baxıb onu bir az özümüzünküləşdirdim, daha dəqiqi, müsəlmanlaşdırdım.

“Maşallah, uşaqlar 5 günə yaxşı hazırlaşıb. İnşallah, İtaliyadan az qol buraxarıq. Maşallah, italyanlar güclüdür, inşallah, futbolçularımız onlardan nəsə öyrənər ”.

Oyundan sonrakı çıxışa baxaq:

“Maşallah, uşaqlar yaxşı oynadı. İnşallah, Xorvatiya ilə oyunda davam etdirərik bu oyunu”.

Bununla da, alman bizi özü bildiyi kimi dolayır.

Bilmirəm, Foqts qağa bilir, ya yox, amma bizlərdə (müsəlmanlarda) belə bir məsəl var: Allah kərimdir, Kərimin də quyusu dərindir.

Dünənki oyunun ilk 15 dəqiqəsində Foqts qağamızın “Məmmədağa, vur qabağa” taktikası məni necə dərin xəyalllara apardısa, ayılanda gördüm, vay dədə, oyun bitib.

Hesabın 2-1 olduğunu görüb iki əlimi də göyə açıb şükür elədim. Tez də qol vuranın kimliyini bilməyə tələsdim. Amma müsəlmansayağı fikirləşdim – dedim ki, görəsən, avroları cibinə qatlayan xoşbəxt kimdi?

Əvvəlcə elə bildim ki, bizim jurnalistlər Palermo şərabının təsirindən adı səhv salıblar. Sonra gördüm ki, bu “xoşbəxt” (italyanca, bədbəxt) Kyellini imiş. (Vallah, bu gədədən onsuz da xoşum gəlmirdi)

Foqts qağamız bircə şeyi düz eləməyib vallah. Mahiri İtaliya gəzintisindən kənarda qoyub. İndi Mahir qağamızın fintləri italyanların ağzını açıq qoyduğundan, ona deyiləcək “maşallahlar”ın qarşısını aldığına görə Foqtsu xeyli qınayıram.

Amma Mahir qağamız da ağzını açıq qoyub, Foqtsun dalınca danışmamalı və bunu uçan quşlar almanın qulağına pıçıldamamalıydı. Ay Mahir qağa, bilmirsən başqasının qeybətini eləmək günahdı?

Rəşad qağa, sən Allah, Nazarova, Dadaşova başa sal ki, bu millətin əsəbi ilə oynamasınlar.

İndi minlərlə adam yuxusuna haram qatıb sizin oyuna baxıb əsəbləşib, bu cəhənnəm. Bəs bu minlərlə adamın əlini göyə açıb etdiyi bəd-duaların qarşısını necə alacaqsınız? Bu da cəhənnəm ki, hələ neçə imanlı müsəlmanı küfr danışmağa məcbur etmisiniz.

Amma vallah, ha fikirləşirəm bu günahları siz müsəlman qardaşlarımın ayağına yazıb, babal yuyub, günah qazanmaq istəmirəm.

Foqtsu da qova bilmirik. Axı biz müsəlmanıq, başqasının çörəyinə bais olub günaha batmaq istəmirik.

Mənim bir təklifim var. Gəlin Foqtsu müsəlmanlaşdıraq. Həm biz savab qazanaq, həm də bu alman qoca yaşında haqqa gəlsin.

Ya da ki, haqqını verib yola salıq.

İndi bu futbol başbilənlərimizdən mənim kimi fikirləşən azarkeşlərimiz adından bir xahişim var:

Bizi günaha batırmayın!!!!

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR