• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əli Kərimlinin defekt “Məhsul”u

  • Digər
  • 13 Oktyabr 2014 14:41
  • 701 Baxış
Əli Kərimlinin defekt “Məhsul”u

Məhbuslarla bağlı siyasi aksiya

Bəşəri, humanist hisslər və yanaşmalar heç zaman kimisə, kimlərisə həbsxanada görmək arzusu yaratmaz. Kaş elə bir dünyada, elə bir cəmiyyətdə yaşayaydıq ki, orada nə cinayətlər, nə həbsxanalar, nə də məhkumlar olaydı. Ancaq dövlət institutu ictimai müqavilənin nəticəsi olaraq, həm də ona görə formalaşır ki, cəmiyyətin ümumi mənafelərinə xidmət edən qanunları pozanları cəzalandırsın. Əgər dövlətin hüquqa zidd addımları müəyyənləşdirmə, mühakimə etmə və cəzalandırma mexanizmləri, yetkisi, gücü olmasa, o zaman belə bir institutdan danışmağa heç dəyməzdi.

Dünən Milli Şura adı ilə çıxış edən qrupların mitinqi keçirildi. Mitinqə çıxanların tələbləri guya "siyasi məhbuslar"a azadlıq idi. “Guya” deyirik ona görə ki, Azərbaycanda siyasi məhbusların olduğunu hakimiyyət qəbul etmir. Ötən parlament və bələdiyyə seçkilərində bu gün “siyasi məhbus” kimi təqdim edilən şəxslərin heç biri hakimiyyətin qarşısına ciddi resursla çıxmayıb, iqtidar nümayəndələrini əndişəyə salacaq nəticələr əldə etməyib. Məntiqə görə, bu cür zəif, hətta bir çoxu məhz həbs olunduqdan sonra cəmiyyətdə tanınmağa başlayan tiplərin fəaliyyətindən iqtidar narahatçılıq keçirmir və elə buna görə də onların həbsini sifariş edib, ağrımaz başına buz bağlamaqda maraqlı ola bilməz. İnsafən, ölkə məhkəmlərində siyasi fəaliyyət və mesajlarına görə mühakimə və həbs olunan adam da yoxdur. Sadəcə, ictimai-siyasi sektorun bəzi nümayəndələri var ki, onlar tamam başqa əməllərinə görə- məsələn, qanunsuz silah saxladıqları üçün- hazırda dəmir barmaqlıqlar arasındadır. Bu adamların bəziləri haqqında məhkəmə hökmü var, bəziləri haqqında yox. Açıq cəmiyyətin maraqları baxımından hər bir vətəndaşın mühakimə, əgər barəsində tutulma cəzası çıxarılarsa, saxlanma şəraitini nəzarətdə saxlamaq vacib və faydalıdır. Ancaq ona görə məsələnin məğzi indiki məqamda qaralır və bu da vətəndaş cəmiyyətinin maraqlarından uzaqlaşmaya rəvac verir ki, məhkəməsi olmuş, təqsirləri üzünə elan edilmiş adamlar da, hələ məhkəməsi olmamış və qanunsuz əməl törətdiyi hökmə çevrilməmiş şəxslər də müxalif partiyalar tərəfindən “siyasi məhbus” elan edilir. Bu isə istintaq və məhkəmə orqanlarının fəaliyyətinə təzyiq olmaqla yanaşı, Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinə də xələl gətirir. Eyni zamanda, az qala hər il məhbusların əfvi ilə bağlı Azərbaycan prezidenti sərəncamlar imzalayır, bu zaman həm fərdi müraciətlərə, həm də hökumətlə konstruktiv əməkdaşlıq edən hüquq müdafiə təşkilatlarının təvəqqelərinə əsasən ictimai-siyasi sektorun məhkum nümayəndələri də azadlığa çıxır. Belə keçmiş məhkumlar arasında bu gün hətta parlament üzvü olan ən azı üç nəfərin adını çəkmək mümkündür. Bu tablodan çıxan nəticə odur ki, ədalətlə mühakimə olunduğuna şübhə edilən, yaxud belə şübhələr olmadan, cəzasının bir hissəni çəkdikdən sonra hüquq müdafiə təşkilatlarının azadlıqda görmək istədiyi məhkumların işinin məhkəməyə təkrar çıxarılması, əfv edilməsi üçün cəmiyyətdə dialoq mühitinin inkişafı daha effektivdir. Zira, dünənki mitinq istər öz sosial bazasına, istərsə də çıxışçıların verdiyi mesajlara görə dialoqa xidmət etmirdi. Elə bu səbəbdən də onu “siyasi məhbuslarla bağlı aksiya” yox, “məhbuslarla bağlı siyasi aksiya” adlandırmaq daha dəqiq olar.

Sosial, yoxsa xarici sifariş?

Belədə, aydınlaşdırılmasına ehtiyac olan bir sual yaranır: bu siyasi aksiya hansı məqsədlər, hansı dividentlər naminə təşkil edilmişdi?

İç siyasətdəki proseslərə və mətbuatda səsləndirilmiş mövqelərə istinad etsək, hüquq müdafiə təşkilatları yaxın zamanlarda Azərbaycan prezidentinin yeni əfv sərəncamı verəcəyini gözləyirlər. Bəlli olduğu kimi, NİDA vətəndaş hərəkatının hazırda həbsdə olan bir qrup üzvü əfv üçün dövlət başçısına müraciət edib və bu müraciətin məzmunu cəmiyyətin fəal kəsimləri tərəfindən təqdirlə qarşılanıb. Cəmiyyətə radikal çağırışlar edən və kataklizmləri gücləndirməyə meylli qrupların gənclik enerjisindən istifadə etmək niyyətində olduqları NİDA-çıların bu müraciəti hakimiyyətə qarşı çox mühüm təbliğat tezislərindən birini sıradan çıxarır. Görünür, son aksiyanın keçirilməsində məqsədlərdən biri gözlənilən əfvə mane olmaq, mane olunmadığı təqdirdə isə, “biz tələb etmişdik” ədası sərgiləməkdir. Ancaq iştirakçılarının sayından asılı olmayaraq, istənilən aksiyanın təşkili müəyyən maliyyə vəsaiti tələb edir. Aksiyanın tribunasından göründüyü qədər, bu vəsaiti xərcləmək AXCP sədri Əli Kərimlinin boynuna düşüb, ancaq onun sadəcə belə bir əda sərgiləmək üçün hətta min manatdan keçə biləcəyi inandırıcı deyil. Xüsusən də o halda ki, Əli Kərimli hesablamamış deyildi ki, bu aksiyaya heç də özünün tribunadan iddia etdiyi sayaq, minlərlə insan qatılmayacaq, üstəlik, siyasi rəqabət şəraitində sağdan-soldan yeni zərbələrə tuş gələcək.

AXCP-nin başqa bir marağı “əsl müxalifət” sertifikatı uğrunda mübarizədə başqan dəyişikliyi etmiş Müsavatdan öndə görünmək ola bilər. Ancaq bu da çox da səmərəli sayıla bilməz ona görə ki, Əli Kərimlinin öz təşkilatını gücləndirmək üçün Müsavatdan qopmalara ümid etdiyi sir deyil. Odur ki, bu baxımdan AXCP-yə gözləmə mövqeyində durmaq, Müsavatdakı iç çəkişmələrin ən yüksək həddə çatana qədər səbr etmək, bir-birini əzməyə hazır olan elan olunmamış fraksiyaların birləşməsi üçün kənar faktor olmamaqdır.

Əsas heç şübhəsiz insan haqlarına, demokratiya ideallarına bağlılıq da deyildi. Meydana təşrif gətirmiş Müsavatın sabiq və yeni başqanlarını, Pənah Hüseyn kimi xalq hərəkatının tanınmış simalarını ən azı siyasi etika xatirinə salamlamayan Əli Kərimlinin, Cəmil Həsənlinin İlqar Məmmədov, yaxud Tofiq Yaqublunun azadlığa çıxması üçün sinov getdiyini normal düşüncəli insanlara anlatmaq mümkün deyil.

Bütün bunları nəzərə alanda, bəlli olur ki, AXCP-ni “Məhsul” aksiyası keçirməyə vadar edən əsas səbəbi ölkə daxilində yox, xaricdə axtarmaq lazımdır.

Ermənistandakı aksiyaların Bakıda davamı

Məlum olduğu kimi, bu günlərdə Ermənistan Avrasiya Gömrük İttifaqına qoşuldu və bu quruma Dağlıq Qarabağı öz yedəyində apara bilmədi. Bu isə beynəlxalq səviyyədə tanınmayan, BMT səviyyəsində çıxarılmış qərarlarla Azərbaycanın işğal edilmiş torpaqlarında elan olunması təsdiqlənən Dağlıq Qarabağın iqtisadi baxımdan da qədərə tərk edilməsidir. Yerevanın bu addımından sonra bir sıra erməni politoloqları, məsələn, “İragir” portalının siyasi icmalçısı Akop Badalyan vurğulayır ki, Minskdəki zirvə toplantısında Ermənistanın sərhədləri dəqiqləşmiş oldu və Dağlıq Qarabağ bu cizgidən kənarda qaldı. İndi həm beynəlxalq danışıqlar masası arxasında, həm hərbi güc tətbiq etmək baxımından, həm də onsuz da özünü dolandırmaq gücünə malik olmayan Dağlıq Qarabağdakı əhaliyə Azərbaycanın vədlərini inandırıcı etmək nöqteyi-nəzərindən rəsmi Bakı üçün əlverişli tarixi şərait yaranıb. Bu da bir çox yerli və ermənilər də daxil olmaqla, xarici ekspertlərdə belə bir rəy formalaşdırıb ki, Azərbaycan prezidenti İlham Əliyevin Qərb və Şimal qarşısında sərgilədyi müstəqil iradə öz bəhrəsini verib, Bakı öz suverenliyini Dağlıq Qarabağa qəbul etdirməyin astanasındadır. Bu fikri, daha doğrusu, reallığı Azərbaycanda qəbul etməyən şəxslərdən biri isə heç də təsadüfi deyil ki, özünü mətbuata “araşdırmaçı”, siyasətə “analitik” kimi təqdim edən Xədicə İsmayıldır. Xədicə İsmayılın Yerevandakı Sərkisyan tərəfdarlarının rəyi ilə tam üst-üstə düşən iddiasına görə, Ermənistan Ümumdünya Ticarət Təşkilatına da Dağlıq Qarabağsız daxil olub, ancaq bu, Xankəndinin himayədə saxlanmasına mane olmayıb. Fəqət bu məqamda Xədicə İsmayılın ya bilmədiyi, ya da nəzərə almaq istəmədiyi bir özəllik var.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) uluslar arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və sərbəst aparılmasını təmin etməkdir. Avrasiya İttifaqı isə sadəcə ticarət münasibətlərini əhatə etməyən, konfederativ dövlətə çevrilmək istiqamətində müxtəlif inteqrasiya layihələri gerçəkləşdirən geopolitik mərkəzdir. Azərbaycanın, Ermənistanın, başqa bir dövlətin Ümumdünya Ticarət Təşkilatına üzv olub-olmaması ilə Avrasiya İttifaqına girib-girməməsi arasında ən önəmli fərqi də məhz geopolitik faktorlar yaradır. Elə bu konteksdə də Avrasiya İttifaqı ilə Avropa Birliyini müqayisə etmək lazım gəlir, nəinki ÜTT-ni. Avrasiya İttifaqı vahid əmək məkanına çevrilmək siyasəti yürütməklə bərabər ümumi gömrük zonası da yaradır. Təsadüfi deyil, hələ 2012-ci ildə Baş nazir Tiqran Sərkisyan bəyan etmişdi ki, Avrasiya İttifaqına müşahidəçi kimi qoşulan Ermənistan rəsmi üzv olmaq üçün “Gömrüksüz əməkdaşlıq modeli” arayırdı. Ancaq bu modeli tapa bilmədi və gömrük sistemi həm sərhəd, həm də tarif baxımından Rusiyanın istədiyi şəklə düşdü. İndi söhbət bundan gedir ki, Rusiya Azərbaycanı da Avrasiya İttifaqında görmək istəyir və bunun əvəzində Bakıya işğal altındakı rayonların qaytarılmasına şərait yaradacağına işarə edir. “Dağlıq Qarabağ”dan qurtulmaq, əslində Azərbaycan və Türkiyənin blokadasından çıxmaq üçün yeni geopolitik seçim etmiş Ermənistanın özünə də lazımdır. Elə bu məqamda xatırlamaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsini müstəqil Azərbaycana təzyiq mexanizmi kimi təkcə Rusiya yaratmayıb, Qərb dövlətləri erməni diasporunun əli ilə körüklədiyi atəşlə SSRİ-nin dağıtmağa çalışıb. İndi isə Rusiyanın regionda söz sahibi olmaq üçün bu konfliktin çözülməsi, həm də Azərbaycanın xeyrinə çözülməsi, heç şübhəsiz, Qərbin ürəyincə olmayacaq. Belədə, Qərbin marağı ona yönəlir ki, Ermənistanda hakimiyyət dəyişsin. Azərbaycandan da məhz bu an üçün sərvaxt olmalı, ölkəmizdəki hakimiyyət dəyişikliyi zamanında işğal olunmuş torpaqları İrəvandakı çevriliş dumanında azad etməlidir. Bu ehtimalları Qərb də, Qərbdəki erməni diasporası da nəzərə alır və məhbuslarla bağlı siyasi aksiya təşkil edərək Azərbaycan hakimiyyətinin manevr və qərar qəbul etmək imkanlarını məhdudlaşdırmağa çalışır.


İŞİD-in bayrağı

Milli Şurada cəmlənən qrupların 12 oktyabr aksiyasında sürpriz olay İŞİD bayrağının açılması oldu. Bu bayraqdarlar həbs olunar-olunmaz AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Xədicə İsmayıl sosial şəbəkə üzərindən yerli və beynəlxalq ictimaiyyətə mesaj verdilər ki, bəs etirazçılar meydana Avropa Birliyi bayrağı ilə gəlib, hakimiyyət isə təxribat məqsədi ilə “Məhsul”a İŞİD simvollarını daşıyanları göndərib. Ancaq bu yanaşma heç də inandırıcı görünmür, ona görə ki, hakimiyyətin meydana təxribat məqsədləri ilə İŞİD-çi göndərməsi məntiqdən kənardır. İlk növbədə, ona görə ki, hakimiyyət beynəlxalq tədbirlərdə Azərbaycanda multikultural cəmiyyət formalaşması ilə öyünür, ölkədə radikal dini qruplaşmalar yarandığında onları dərhal zərərsizləşdirdiyini vurğulayır.

Başqa sözlə, Azərbaycanda İŞİD-in varlığını sərgiləmək, bununla Qərbi təhdid etmək, müxalifəti onlara iş birliyində göstərmək hakimiyyət üçün gərəksiz addım olardı. Zatən, aksiyanın təşviqatında dindarlara yönəlik yetərincə mesaj verilmişdi, Əli Kərimli, Gültəkin Hacıbəyli və digərləri öz çıxışlarında radikal islamçılarla kifayət qədər qahmar çıxmışdılar, “İmam Hüseyn aşiqləri” meydanda kifayət qədər qışqırıb-bağırmışdılar. Bütün bunlar açıq fakt ola-ola, İŞİD bayrağı açdırmaqla iqtidar aksiyaya əlavə diqqət cəlb etmək etməzdi. Bu bayrağın məhz İŞİD tərəfdarları tərəfindən qaldırılması daha inandırıcı görünür.


Unutmaq lazım deyil ki, İŞİD heç də qabağına keçənin başını kəsən başıpozuq partizan dəstəsi deyil, arxasında sosial baza, maliyyə dayanan, əlində hərbi texnika olan sistemli bir örgütdür. Bu örgüt həm də siyasi texnologiyalardan istifadə edir, bölgədə yaranmış vəziyyətdən istifadə edərək iki dövləti parçalamaq istəyir. Bu kompitensiyada olan bir təşkilat onu da çox yaxşı bilir ki, Azərbaycanda Xədicə İsmayıl, Fuad Qəhrəmanlı kimilər var. Əgər Milli Şuranın mitinqində bayraq açsalar, onlar dərhal “hakimiyyət təxribatçılar göndərib" rəyini yaratmağa çalışacaq, bununla da “sudan quru çıxacaq”. Bu konteksdən yanaşdıqda, düşünmək olar ki, bayraq açmaqla İŞİD müxalifətə, hakimiyyətə, o cümlədən beynəlxalq aləmə Azərbaycandan mesajlar verdi.

1) Müxalifətə mesaj verdi ki, əgər siz radikal əyləmlərə keçsəniz, öz zombilərimizi Suriyaya, İraqa daşımaz, burda Sizin ixtiyarınıza verərik.

2) Hakimiyyətə mesaj verdi ki, Milli Şuranı ciddiyə almaya bilərsiniz, ancaq bizmlə hesablaşmanız lazım.

3) Dünyaya isə mesaj verdi ki, biz Azərbaycanda varıq və məqam gözləyirik.

Təbii, bundan sonra Azərbaycan dövlətinin, hüquq mühafizə orqanlarının üzərinə ciddi iş düşür, onların əlaqələri, bazası aşkarlanmalı və zərərsizləşdirilməlidir. İndiki predmetdə isə o vurğulanmalıdır ki, Milli Şuranın, xüsusən də AXCP sədri Əli Kərimlinin islamdan siyasi faktor kimi istifadə etmək həvəsi Azərbaycanda tolerantlığı sarsıdır, radikal qrupların üzə və önə çıxmasına zəmin yaradır. Vaxtilə- çoxpartiyalı sistemə keçdiyi zaman Türkiyədə də məhz bu cür olmuşdu. Sağ partiyaların dini camaatlara və təriqətlərə xoş gəlmək istəyi onuna nəticələndi ki, bir müddət sonra sekulyar sağ partiyalar sıradan çıxdı. Odur ki, 12 oktyabr aksiyasının sosioloji parametrlərini və siyasi mesajlarını təftiş etməyə xüsusi lüzum var.

(Ardı növbəti sayımızda)

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR