• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nadir Qafarzadə, bıçaqlaşma, qəbir alveri...

  • Digər
  • 30 Oktyabr 2014 18:05
  • 1 037 Baxış
Nadir Qafarzadə, bıçaqlaşma, qəbir alveri...

Şərqin ailə “varfolomeyləri”

2001-ci il. Nepal şahzadəsi. Kralın oğlu Dipendra uzun zamandır ki, Londondan girib Sidneydən çıxaraq dünyanı əl-ələ süləndiyi, nepal xalqının əkinçiliklə qazanıb dövlətə ödədiyi vergiləri hindistanlı alnıxallı, topuğubilərzikli Zitanın xınayaxdılarına, qəndəzdilərinə xərcləməkdən bezib, nəhayət, evlənmək qərarına gəlir və fikrini ailə üzvlərinə elan edir. Sözsüz ki, inək inanclı aristokrat Asiya ailəsi şahzadənin yavagəzən əyrimçə, zinakar Zita ilə evlənməsinə buynuz göstərdi. Elə həmin gün aşiq Dipendra Şərqin yeni qanlı sevgi əfsanəsinin son nöqtəsini qoydu. Kral demədi, kraliça demədi, ailənin on bir üzvünü gülləbaran edib cəhənnəmə yolladı, daha sonra bir güllə də öz gicgahına sıxıb doğmalarının arxasınca yollandı.

Günahkar, sözsüz ki, qərbsayağı həyat sürdüyü üçün milli-ailəvi Şərq dəyərlərindən uzaqlaşıb, öz zati-alisinə şıllaq atan ərköyün kral oğlunu mentalitetiv deqredasiyaya məruz qoyan Qərb dəyərləri!

2014-cü il. Goranboy yeznəsi. Evdəki qanqaraçılıqdan inciyib atası evinə getmiş həyat yoldaşı ilə haqq-hesabı birdəfəlik çürütmək üçün özünü və xislətindəki milli-mənəvi qeyrət “katyuşalarını” bir nömrəli döyüş hazırlığına gətirən bir kişi. Arvada hücum səhərəyaxın başlanır: Kişi əvvəlcə sürünə-sürünə qadının sığındığı ata ocağını təkbaşına mühasirəyə alır və damarlarındakı gücü yalnız zənən xeylağına çatan milli maskulenizmin işarə fişənginin atılacağı anı gözləyir. Fişəng atılır. “İldırımsürətli hücum” qələbəylə başa çatır. Məişətimizin milli qəhrəmanı döyüş meydanında yeddi ölü, iki yaralı sayır. Həyat yoldaşı məğlub olunmuşdur.

Qərbdüşüncəlilərin cinayət hesab etdiyi bu ailə “Varfolomey”inin günahkarı bütün dünyanı dolaşan, amma nədənsə bizim Goranboyun uçuq bir kəndinə gəlməyə qarnı ağrıyan, insanları öz qədim qəbilə dəyərləri ilə baş-başa buraxan Qərb dəyərləri!

2011-ci il. Corc Buş ailəsi. Bütün dünyada mühafizəkarlığı ilə tanınan bu prezident ailəsində böyüyən liberal dünyagörüşlü Barbara adlı miss eyni cinsdən olan cütlüklərin evliliyini müdafiə edir. O, ABŞ səhiyyəsinin hər kəsə bərabər ictimai təhlükəsizlik haqqını tanıyan, elə Buş ailəsinin də təmsil olunduğu respublikaçıların hoydu-hoyduya götürdüyü tibbi islahatını müdafiə edir: “Hər kəs sevdiyi adamla evlənə bilməlidir”.

Günahkar yenə də Qərb ailələrini əxlaqi-cinsi eroziyaya uğradıb kişinin kişi, qadının qadınla bir yastığa baş qoyması – ağzımdan yel alsın – kimi

universal əxlaqsızlığa yaşam haqqı tanıyan Qərb dəyərləri!

2014-cü il. Bakı, Şərifzadə küçəsi. Bir mənzildə kirayədə yaşayan iki bacıdan biri o birnin əl-qolunu bağlayaraq başını kəsib. Cinayəti törədən qız bacısının eynicinslilərlə intim əlaqələrindən şübhələndiyini və yuxuda ona gələn “bacını öldür” vəhyini eşidib “Allahın əmrini” icra etdiyini söylədi. Əşhədü günahkar yenə də altdan-altdan texnologi casusluqla dünya xalqlarının mental immunitetini zəiflətmək məqsədilə Qərbin gizlin missioner güclərinin meridian-meridian yer üzünə yaydığı Qərb dəyərləri!

Aralarında bircə nəfər də olsun müsəlman hüqüq uzmanına rast gəlinməyən dünya komparativistlərinin 1919-cu ildə keçirilən Beynəlxalq Konqresinində iştirakçılar dünya xalqlarını üç hüquq ailəsində - fransız, ingilis-amerikan və müsəlman - “evləndirib” evlərinə dağıldılar və bir də onda xəbər tutdular ki, ailədaxili münaqişələr nəticəsində bu üç xoşbəxt ailə pərən-pərən olub, nə az, nə çox, düz iki yüz milli, dini, irqi külfətə parçalanıb. Bu parçalanmanın səbəbləri haqqında xəmsə bağlamaq olar. Lakin biz dünyanın ən güclü gizli təşkiltlarından biri olan “İllüminati ordeni”ninin təməl prinsiplərini yaradan alman hüquqşünası Adam Vayshauptun dediyi kimi “təsadüfi mənəviyyatların – din, dövlət, müxtəlif səpkili ideologiyalar – bir-birinə düşmən etdiyi” iki ziddiyyətli ailənin yaşam dəyərlərinin fərqləndirici əlamətlərini göstərən cədvəli tərtib etməklə fikrimizi yekunladıracağıq.

Qərb dəyərləri

Şərq dəyərləri

Hüquq, ictimai müqavilə

qanun

insan azadlığı

cinayət

cəza

fərd

cəmiyyət

sevgi

Romeo və Cülyetta

elm

-

-

əxlaq

adət-ənənə, mentalitet

-

günah

cinayət

ailə, külfət

xalq, kütlə

sərvətlərin yenidən bölüşdürülməsi

Məcnun, ibn Salam, Məcnunun atası, Leylinin anası, Nadir Qafarzadə, əlli növ salat, bıçaqlaşma, boşanma, qəbir alveri və s.

vəhy

cənnət

cəhənnəm

Uzaqlaşma əlamətlərinin sayı getdikcə coxalan bu cədvəldəki fərqlərdən birinə qaçaraq bir izah verib, sözümüzün qalanını balalarınızın şadlığına saxlayaq. Məsələn, Şərqin yaşam fəlsəfəsi kimi dəyər verdiyi əxlaq anlayışının etnik, irqi, coğrafi, dini, hətta ailəvi asılılığı olduğu halda, hüququn və qanunun belə “sarı simi” yoxdur. Hətta bunu da nəzərə alan Avropa komparativistləri, hüquqa irqi əlamətlərə görə təsnifat verən Sozer-Holl xalqlararası milli-mənəvi aləmlərin uyğunsuzluğunu, ser David isə ümumi "Hüquq ailəsi"ni dağıdan xalqların bioloji reallıqlarının fərqini əsas göstərib, ümumiyyətlə, bu “ümumbəşəri xeyir işdən” Allahın əmri, peyğəmbərin qanunu ilə əl çəkdilər.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR