Nazir müavini: “Milli peykin müdafiə məqsədi ilə istifadəsinə baxıla bilər” - ÖZƏL
Bizi izləyin

Digər

Nazir müavini: “Milli peykin müdafiə məqsədi ilə istifadəsinə baxıla bilər” - ÖZƏL

“Azərbaycanın "Azerspace" adlı ikinci telekommunikasiya peykinin orbitə buraxılması 2017-ci ildə nəzərdə tutulub”.

Bu barədə Publika.az-a açıqlamasında Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

Nazir müavini deyib ki, ikinci milli peykin istehsalçısı olacaq şirkətlərlə danışıqlar həyata keçirilir: “Hazırda bu peykin orbital mövqeyi ilə bağlı dəqiqləşmə işləri aparılır. İkinci milli peyklə bağlı tender bu ilin sonunda və yaxud 2015-ci ilin əvvəlində açıqlanacaq. İkinci milli peykin buraxılacağı dəqiq orbital mövqe, əməkdaş şirkət və raketlə bağlı hələlik yekun qərar qəbul olunmayıb. Ancaq bir çox ölkələrlə danışıqlara başlanılıb”.

İ.Məmmədov Azərbaycanın milli peykləri vasitəsilə hərbi və kəşfiyyat məlumatlarının öyrənilməsi imkanlarından da danışıb:

“Telekommunikasiya peykləri ilə kəşfiyyat məlumatlarının öyrənilməsi mümkün deyil. Ümumiyyətlə, belə məsələlər barədə yekun qərar sonda verilə bilər. İndi isə bu məsələ aparılan danışıqların mövzusu deyil. Bu barədə indi nə isə söyləmək hələ tezdir. Doğrudur, bu məsələ hər bir ölkə üçün olduğu kimi, Azərbaycan üçün də vacib məsələdir. Ancaq belə bir məsələ gələcəkdə olacaqsa da, bu, adətən, peykin istehsalı ərəfəsində istehsalçı ilə sifarişçi arasında aparılan danışıqların mövzusu ola bilər. Ona görə də indi bu məsələ barədə danışmaq çox tezdir. Çünki hələ istehsalçı şirkətin adı bəlli deyil”.

Nazir müavini Ermənistan ilə Azərbaycan arasında gedən informasiya müharibəsi məsələsinə də toxunub: “Ermənilərin işi və gücü boş-boş danışmaq, hədələyici bəyanatlar verməkdir. Bizim ilk milli peykimiz də olanda, Ermənistan tərəfi bildirirdi ki, guya onlar da Rusiya ilə birgə peyk buraxırlar və sairə. Ancaq real olan odur ki, bu gün regionda öz milli peykimizdən istifadə edirik. Bunun sayəsində də Azərbaycanda telekommunikasiya və rabitə sahəsində daha keyfiyyətli xidmətlər göstəriləcək. Əgər gələcəkdə milli peykdən ölkəmizin müdafiəsi istiqamətində istifadə olunması mümkün olarsa, o zaman aidiyyəti qurumlarla birgə bu məsələyə də baxılacaq. Ancaq indi bu məsələ gündəmdə deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm