Avronun ucuzlaşması Azərbaycana nə vəd edir? - Açıqlama
Bizi izləyin

Digər

Avronun ucuzlaşması Azərbaycana nə vəd edir? - Açıqlama

Birjalarda neftlə bərabər avronun da dəyəri düşməkdədir. Belə ki, avro ABŞ dollarına nisbətən yeni məzənnə itkisinə imza atıb. Avropa valyutası 2012-ci ilin avqustundan bəri ən aşağı məzənnə ilə təklif edilir. Artıq avro almaq istəyənlərin sadəcə 1.22 dollar ödəmələri kifayət edir.

Bazarlardakı vəziyyətlə bağlı Publika.az-a danışan iqtisadçı-ekspert Vüqar Bayramov avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsi ABŞ-ın Avropaya jesti kimi qiymətləndirildiyini deyir: “ABŞ Avropanın sağlamlığında daha çox maraqlıdır və məzənnə siyasəti ilə köhnə qitənin ixracını stimullaşdırmaqla iqtisadi inkişafı dəstəkləməyə çalışır. Dolların məzənnəsinin yüksəlməsinə baxmayaraq, ABŞ ixracatı böyük həcmdə qalmaqdadır. Təbii ki, dolların məzənnəsinin süni şəkildə yüksəldilməsi ABŞ üçün risklər formalaşdırır: Amerika şirkətlərinin öz mal və xidmətlərini satmaqda çətinliklər yaradır. Bu eyni zamanda daxili bazarda inflyasiyanın aşağı düşməsinə səbəb olub. Amma Amerika Avropadakı mütəffiqlərinə dəstəyi davam etdirmək niyyətindədir”.

İqtisadçının sözlərinə görə, hesabat dövründə avrozonada yerləşən ölkələrin bir qismi ixracatla bağlı proqnozlarına əməl edə bilməyiblər: “İspaniya, Portuqaliya və Yunanıstan kimi ölkələr hələ də tənəzzül dövründən çıxa bilmirlər. Bu isə nəticə etibarilə avronun məzənnəsinin manata nisbətən aşağı düşməsinə gətirib çıxardı. Avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Nəzərə almaq lazımdır ki, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 60 faizə yaxını məhz Avropa Birliyi ölkələrinin payına düşür. Avronun məzənnəsinin aşağı düşməsi Avropada istehsal olunan məhsulların maya dəyərinin azalmasına gətirıb çıxarır. Çünki Avrozonada istehsal olunan məhsulların dollar ifadəsində dəyərinin azalması müşahidə edilir ki, bu da təbii ki, onların dünya bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır”.

V.Bayramov avronun ucuzlaşmasının Azərbaycana təsirlərinə də toxundu. Bildirdi ki, bu, Avrozonadan Azərbaycana gətirilən məhsulların həcminin artmasına gətirıb çıxaracaq: “Ona görə ki, Avropada istehsal olunan məhsullar daha ucuz olacaq və onlar digər ölkələrdə rəqabət aparmaq imkanı qazanacaqlar. Artıq Azərbaycan daxilində Avropada istehsal olunan məhsulların bir qisminin qiymət azalması müşahidə olunur. Bu proses texnologiya və avtomobillərdə təxminən 5 faiz qiymət azalmasına səbəb olub. Çünki baş verən proses həmin məhsulların həm dollar, həm də manat ifadəsində dəyərinin azalması ilə nəticələnib. Avronun məzənnəsinin aşağı düşməsi həmçinin Azərbaycan iş adamlarının Avropa Birliyinə ixrac imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bu proses Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının Avropa Birliyində daha baha olmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Azərbaycan Avripa Birliyinə daha çox neft məhsulları ixrac edir, bu baxımdan Azərbaycanın Avropa Birliyinə ümumi məhsul ixracına təsir göstərməyəcək. Çünki avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana makro təsir etməkdədir. Belə ki, Azərbaycanın dövlət ehtiyatlarının təxminən 30 faizi məhz avro ilə saxlanır. Baş verən proses həmin ehtiyatların nisbətən azalmasına səbəb olur. Amma nəzərə almaq lazımdır ki, avro ilə müqayisədə dolların məzənnəsində artımlar var və Azərbaycanın dövlət rezervləri valyuta səbəti formasında saxlandığından ümumi rezervlərin məbləğındə azalma ilə müşahidə olunmayacaq. Bütövlükdə isə avro ilə saxlanılan ehtiyatların dəyərinin azalması ilə nəticələnəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm