Qəpiyi qəpiyin üstünə qoyub varlanan milyonçu – Bravo, KOÇum! - FOTOLAR
Bizi izləyin

Digər

Qəpiyi qəpiyin üstünə qoyub varlanan milyonçu – Bravo, KOÇum! - FOTOLAR

Doğulduğu gün bəlli deyil. İddialara görə, yəhudilər sayəsində Türkiyənin ən varlı iş adamı ola bilib. Amma özü xatirələrində bizneslə təkcə qeyri-müsəlmanların deyil, türklərin də məşğul ola biləcəyini sübut etmək üçün bu yola çıxdığını qeyd edib. Bir zamanlar “əgər Allah mənə 50.000 lirəlik sərvət versə, beşmərtəbəli gözəl mağaza açacam" deyə xəyal qurarmış. Allah ona 50.000 lirəlik deyil, 8 milyard dollarlıq sərvət bəxş edir. Dünyanın 200 ən böyük şirkətindən birini qurur. Ölkəsində iqtisadiyyatın bütün istehsal sektorları onun və ailəsinin adı ilə bağlıdır. Söhbət Koç imperiyasının yaradıcısından gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Koçların sərvətinin banisi Vehbi Koçun həyat hekayəsini təqdim edir.

Doğulduğu günü özü müəyyən edir

Ahmet Vehbi Koç 1901-ci ildə Ankaranın Çoraklı səmtində bağ evində dünyaya gəlib. Türkiyənin iqtisadi və siyasi həyatında əhəmiyyətli rol oynayan bu şəxsin doğulduğu gün bəlli deyil. Sadəcə, anasının “üzümlər salxımlayanda dünyaya gəlmisən” ifadəsini əsas götürərək, sonradan uşaqları ilə birlikdə 20 iyulu doğum günü kimi rəsmiləşdirib. Anası Kütükçüzadə Fatma Xanım 600 illik tarixə söykənən Kütükçüzadələr soyuna, atası Koçzadə Hacı Mustafa Əfəndi isə 250 illik tarixə söykənən Koçzadələr soyuna məxsus idi. Hər iki nəsil Ankarada kifayət qədər əsil-nəcabətli sayılırdılar. Ahmet Vehbi Koç ailənin ilk övladı olub. Özündən sonra iki bacısı dünyaya göz açıb. Dövrün təhsil sisteminə uyğun 5 yaşında məhəllə məktəbinə gedib. Daha sonra təhsilini kirayə evdə fəaliyyət göstərən 5 illik ibtidai məktəbdə davam etdirib. 13 yaşında Ankara İdadisinə (orta təhsil verən məktəb yüksək peşə məktəblərinə tələbə yetişdirmək məqsədi daşıyırdı) qəbul olunub. 15 yaşında idadini yarımçıq buraxıb. Buna da səbəb kimi maddi vəziyyətinin yaxşı olmadığını göstərib. Halbuki kasıb deyildilər. Bağ evinə, dükana qədər müəyyən kapitala sahib idilər. Sadəcə, özləri bizneslə məşğul ola bilmirdilər. Çünki o dövrdə biznes sektoru qeyri-türklərin əlində idi. O səbəbdən də atası evlərinin altındakı dörd dükanı qeyri-türklərə icarəyə vermişdi. Və bütün bunlar içində böyük pullar qazanmaq həvəsi olan Ahmet Vehbi Koçzadəni narahat edirdi.

“Qeyri-müsəlmanların uzunqulaqları daha sürətlə gedirdi”

Vehbi çox düşünüb-daşındıqdan sonra qeyri-türklər kimi bizneslə məşğul olmağı qərara alır. Yeri gəlmişkən, onun bu qərarında atasının sünnət hədiyyəsi kimi verdiyi uzunqulağın da rolu olur. Vehbi ilk əvvəl hədiyyəni bəyənsə də, sevinci uzun çəkmir. Bağ evlərinə gedəndə qeyri-müsəlman uşaqların daha qəşəng, bahalı uzunqulaqda gəzdiklərini görür. Uzunqulağının daha sürətli getməsi üçün atasının atının arpasından yedizdirsə də, nəticəsi olmur. Beləliklə, o qərar verir... "Əgər Allah mənə 50.000 lirəlik sərvət versə, beşmərtəbəli gözəl mağaza açacam" deyə qarşısına məqsəd qoyur. Babası və atası ilə məsləhətləşdikdən sonra 120 lirə sərmayə ilə əvvəllər icarəyə verdikləri dükanlardan birini baqqal mağazası edir. Satmaq üçün bir qutu qənd, motal pendiri, zeytun, makaron alır. Dükanın adını isə “Koçzadə Hacı Mustafa Rəhmi” qoyur. Mənbələrə görə, Vehbi Koçun dükanda vəzifəsi dükanı açmaq, süpürmək, tozlanan malları təmizləmək, müştərilərin aldıqları malları saymaq, sobanı yandırmaq, vitrinləri təmizləməkmiş. Qısası, qeyri-türklərlə bəhsə girən Vehbi həm xadimə, həm satıcı, həm də mühasib imiş. Atası sadəcə kassanın başında oturub, satılan malların pulunu alırmış. Amma zaman keçdikcə ustalaşır. Artıq İstanbula mal almağa getməyə başlayır. Bu sırada ayaqqabı rezini işinə girişir. Dükana gələn müştərilərin palçıqlı ayaqqabılarını təmizləyib, rezin keçirirdi. Onun burda qazancına gəlincə, bir cüt rezinin maya dəyəri 200 kuruş (qəpik) idisə, Vehbi onları müştərilərə 225 kuruşdan satıb 25 kuruş xalis mənfəət əldə edirdi. Gəncin bu xırda ticarəti bir il davam edir. Getdikcə baqqal dükanı işlətmək ona bəs etmir. Yenə də ticarətlə məşğul olan qeyri-müsəlmanların addımlarını izləyir. Bu dəfə də diqqətini dəri biznesi çəkir. Ankaradakı ən böyük dəri alverçisi olan qeyri-müsəlman tacirin yanındakı satıcıyla razılaşır, dəri biznesinə girişir. Bir müddət sonra dəri biznesi də onun üçün yetərli olmur. Ayaqqabı istehsalında istifadə edilən məhsullarla bağlı ikinci dükan açmaq qərarı verir. Növbəti hədəfi min bir xırdavat mağazası olur. Beləliklə, bir zamanlar atasının qeyri-müsəlmanlara icarəyə verdiyi dükanların hamısını özününküləşdirir.

Hərbi xidmət

O dövrün qanunlarına görə, əsgərlik çağına gələnlər əvvəl zabit olmalı idilər. Lisey məzunu olmadığından Koçzadə Ahmet Vehbini hərbiyə aparmırlar. Lakin Qurtuluş Savaşı dövründə o da nəsə etmək istəyirdi. 1920-ci ildə Qurtuluş müharibəsi zamanı Böyük Millət Məclisi Mətbəəsində Cavad Fehmi Başkutun yanında korrektorun köməkçisi kimi işə başlayır. 1921-ci ildə Silahlı Qaravul komandiri İsmayıl Hakkı Bəyin mətbəə rəhbərlərinə əsəbiləşməsi nəticəsində diğər nəşriyyat işçiləriylə birlikdə əsgərliyə göndərilir. Vehbi Koç Silahlı Qaravul bölüyündə 1,5 il əsgərlik çəkir. 1925-ci ildə ailəsi onu xalası qızı, ankaralı tacir Sadullah Aktarın qızı Sadberk Aktarla evləndirməyə qərar verir. 1926-ci ildə bu evlilik rəsmiləşir.

"Koçzadə Ahmet Vehbi" firması

Atası toy hədiyyəsi kimi ona 1917-ci ildə qurduqları “Koçzade Hacı Mustafa Rəhmi” şirkətini verir. Beləcə “Koçzade Ahmet Vehbi” şirkəti yaranır. Bu hadisədən bir il sonra atası vəfat edir. Dükanları isə yolun genişləndirilməsi səbəbiylə sökülür. Vehbi dükanların yerinə “Koç Han”ı inşa etdirir. Artıq xırda ticarətdən çıxıb, sahibkar sinfinə daxil olur. İşləri yaxşı getsə də, yerində dayanmır, irəliləmək, yüksəlmək istəyirdi. Çox keçmir ki, Ankara Ticarət Palatasının ikinci rəhbəri olur. Bu dövrdə avtomobil və neft işinə daxil olur. Belə ki, “Ford” və “Standart Oil”in (Mobil) Ankara nümayəndəliklərini işlədir. Getdicə Ankaranın ona dar gəldiyini görür.

1931-ci ildə ilk Avropa səfərinə çıxır. Qatarla etdiyi bu səyahətdə dünyanı tanımağa başlayır. Budapeştdə, Vyanada, Berlində, Parisdə olur. Qayıtdıqdan sonra 1934-cü ildə İstanbulda ilk təşəbbüsünü reallaşdırmağa başlayır. Bu, eyni zamanda onun ilk sənaye təşəbbüsü idi. Haliç Sütlücədə boru fabrikinə ortaq olur. Ancaq hesablar düzgün aparılmadığından iş batır. Vehbi Koç bu kimi bir neçə acı təcrübədən sonra başqalarının qurduğu işə ortaq olmamaq qərarına gəlir. Öz qurduğu işə ortaq axtarır. 1937-ci ildə İstanbulda 100 min lirə sərmayə ilə “Vehbi Koç və Şərikləri Kollektiv Şirkəti”ni təsis edir. İşi çox yaxşı bildiyinə inandığı Emin Güraçı, İsrail Anastasyanı və İsak Altabefi şirkətə ortaq edir (bu ortaqlıq 1954-cü ilə qədər davam edir). 1938-ci ildə sərmayəsi 300 min lirə olan “Koç Ticarət Anonim Şirkəti”ni qurur. Müəssisələşmə istiqamətində əhəmiyyətli addımlar atır. 1944-cü ildə ilk avtomobil ticarət şirkəti olan “Mühərrik Ticarəti” yaradan Vehbi Koç Nyu-Yorkda “Ram Commercial Corporation” adında daha bir şirkət qurur. Şirkətin profili Amerikaya ticarətə gələn rəsmi nümayəndə heyətinə mal satmaq, məsləhət vermək olur. Lakin ümid edilən nəticə alınmadığından 1954-cü ildə “Ram Commercial Corporation” bağlanır. 1946-cı ildə ilk Amerika səyahətinə çıxan Vehbi Koç iş adamlarının zamandan necə istifadə etdiklərini görür. 1948-ci ildə “General Electric”lə ortaq olaraq, ilk lampa fabrikini qurur. 1947-ci ildə “Ankara Oksigen Şirkəti”ni təsis edərək sırf öz sərmayəsiylə girişdiyi ilk sənaye təşəbbüsünü reallaşdırır. 1960-cı illərdə beynəlxalq şirkətlərlə ortaqlıq və əməkdaşlığa start verir. Müxtəlif sənaye müəssisələri yaradır. İlk avtomobil, ilk traktor, ilk soyuducu, ilk paltaryuyan maşın, ilk balonlu LPG kimi bir çox məhsul onun müəssisələri tərəfindən istehsal olunmağa başlayır. Bu dövrdə “Fiat”la da tərəfdaşlıq qurur. 1963-cü ildə “Koç Holdinq A.Ş” təsis edilir. Vehbi Koç bu holdinqin idarə heyətinin sədri olur. İş həyatında kifayət qədər dinamik qərarlar verən Koç 1970-ci illərdə holdinqin tərkibinə yeni şirkətlər qatır. 1974-cü ildə “Migros” qida mağazaları şəbəkəsi “Koç Holdinq”ə daxil edilir. Holdinq fəaliyyət istiqamətini ixracata yönəldərək, xarici ticarət şirkətləri yaradır. 1986-cı ildə “American Express Company” ilə ortaq olan Vehbi “Koç-Amerikan Bankı”nı yaradır. Beləliklə, bank sektoruna da “ayaq basır”. 1992-ci ildə bankın bütün səhmlərini satın alır. “Koç-Amerikan Bankı”nın adını dəyişdirib “Koçbank” edir. Amma bu, hamısı deyil. O, Türkiyənin ən böyük sənaye quruluşu “Tüpraş”ı və türk bank sektorunun nəhəngi “Yapı Kredi Bank”ı da şirkətinin tərkibinə qatır. Bir sözlə, Vehbi Koç 76 illik karyerası dövründə 108-dən çox şirkəti “Koç Holdinq”də birləşdirir. Qida, pərakəndə, maliyyə, enerji, avtomobil, turizm və texnologiya kimi fərqli sektorları kurasiya edən iş adamına çevrilir. Dünyanın 200 ən böyük şirkətindən birinin sahibi olmağı bacarır.

Koç necə varlanıb?

Əslində, bu hekayənin pərdəarxası tərəfləri illərdir müzakirə mövzusudur. Vehbi Koçun varlanmasında məhz özünə kumir seçdiyi qeyri-müsəlmanların rolunun böyük olduğu irəli sürülür. Bu sırada Manisada doğulan yəhudiəsilli Türkiyə və Misir hahambaşısı (ravvin), siyasətçi Haim Nahumun adı çəkilir. Nahum Osmanlı dövlətində yəhudilərin maraqlarını qoruyurmuş. Bu şəxs Misirə getdikdən sonra yəhudilərin ideyalarını davam etdirmək məqsədilə oğlu Bernar Nahumu Türkiyədə qoyur. Bernarı isə yarana biləcək bütün təhlükələrdən sığortalamaq məqsədilə “vitrinə qoymağa” bir türk seçilir. O da Vehbi Koç olur. Məhz bunun nəticəsində Türkiyə tarixində ilk dəfə bir yəhudinin türklə iş ortaqlığı reallaşır. 1944-cü ildə Bernar Nahum Vehbi Koçla ortaq olur. Haim Nahumunun niyə məhz Vehbi Koçu seçməsinin səbəbinə gəlincə, yazılanlara inansaq, ikincinin ağıllı, işgüzar olması onun diqqətini çəkir.

Əslində, xırda ticarətdən başlayan yüksəlişin sualtı daşları təkcə bu deyil. Vehbi Koçun varlanması eyni zamanda İkinci Dünya müharibəsi zamanı 800 varlı yəhudinin batdığı “STRUMA” gəmisi ilə də əlaqələndirilir. Bildirilir ki, Vehbi Koç gəmidəki neft maqnatını xilas etdiyinə görə KOÇ ola bilib. Hekayənin məzmunu isə belə olub: İkinci Dünya müharibəsi zamanı Hitler Rumıniyadakı varlı yəhudiləri qırmaq istəyir. Bu xəbəri alan zəngin və intelektli yəhudi ailələri (1941-ci ilin 12 dekabrında) “STRUMA” adlı gəmiyə doluşub Fələstinə qaçmaq üçün dənizə üz tuturlar. Mühərrikin xarab olması nəticəsində gəmi İstanbul sahillərində dayanır. Türk hökuməti almanların təzyiqi ilə gəmidəkilərin quruya çıxmasına icazə vermir. O dövrdə Fələstinə yəhudi köçünü məhdudlaşdıran İngiltərə də gəminin yoluna davam etməsinə razı olmur. Karantin nəzarətinə götürülən gəmi Türkiyədəki yəhudi iş adamları tərəfindən yalnız yemək və içki ilə təmin edilir. Bir yəhudinin də gəmidən enməsinə icazə verilmədiyi halda casuslar vasitəçiliyi ilə Mərkəzi Kəşfiyyat İdarəsindən Türkiyədəki bir iş adamına "nə yap, nə et, bizim adamımızı ordan qurtar" əmri gəlir. Sözügedən iş adamı isə Vehbi Koç olur. Vaxt itirməyən V.Koç dövrün güclü kəşfiyyatçısı İhsan Səbri Çağlayangildən kömək istəyir.

Çağlayangil hətta baş nazirə belə xəbər vermədən xilası istənilən ailəni gəmidən çıxarır. Bu ailə də Martin Segalın ailəsi olur.O Martin Segal ki, “Standart Oil Company of New York” adlı ABŞ neft şirkətinin Rumıniya üzrə direktoru idi. Vehbi Koç da eyni şirkətin Türkiyə nümayəndəsiydi. Qalan sərnişinlərin, eləcə də gəminin aqibətinə gəlincə, həftələrlə sürən müzakirələr nəticə vermir. 23 fevral 1942-ci ildə Türkiyə mühərriki hələ də işləməyən gəmini Qara dənizə buraxır. Gecə boyunca sürüklənən gəmi ertəsi səhər böyük bir partlayışdan sonra batır. Sərnişinlərindən 103-ü uşaq olan 778 nəfər həlak olur. Uzun illər “STURMA”nın partlayışının səbəbi sirr kimi qalır. 1960-cı illərdə Sovet arxivlərindən çıxan sənədlərdə gəminin Sovet sualtı qayığı tərəfindən torpedo ilə vurularaq batırıldığı bəlli olur.

Ailəsi

Vehbi Koçun 4 övladı var: Rahmi Koç, Semahat Arsel, Sevgi Gönül, Suna Kıraç. 1984-cü ildə Vehbi Koç holdinqin İdarə Heyəti sədrliyini oğlu Rahmi Koça, oğul isə 2003-cü ildə postunu nəvə Mustafa V.Koça təhvil verir. Özü də bir zamanlar atası kimi “Koç Holdinq”in Şərəf Başqanlığı vəzifəsini yerinə yetirir. Vehbi Koç bayram tətilini keçirmək məsədilə getdiyi Antalyada 25 fevral 1996-cı ildə vəfat edib. Həmin gün onun üçün adi iş günlərindən olub. Axşam saatlarında sahib olduğu “Migros” mağazasını gəzib. Yeni layihələrlə bağlı məlumatlar alıb. Gecə hotelə qayıdan iş adamının vəziyyəti anidən pisləşib. Atası kimi ürəktutmasından vəfat edib. Bu arada bir məqamı qeyd edək ki, V.Koç hələ gəncliyindən atası və qayınatası kimi ürəktutmasından vəfat edəcəyindən qorxurdu. Hətta ilk dünya turunda Parisdə həkim müayinəsindən keçir. Ürəyinin sağlam olduğunu öyrənir. Amma uzun ömür yaşasa da, ürəktutmasından vəfat edir. Vehbi Koçun vəfatı ilə bağlı maraqlı məqamlardan biri də cəsədinin məzardan oğurlanmasıdır. Koçun cəsədi basdırıldıqdan sonra məzarından 100 metr aralıda Akman ailəsinə məxsus qəbirlərin birinin içindən tapılır. Polis cəsəd oğrularını tapsa da, hadisənin əsl səbəbləri qaranlıq qalır.

Varidatı

Koçlar hazırda Türkiyə iqtisadiyyatında “Koç Holding”, “Arçelik”, “Opet”, “TÜPRAŞ”, “Yapı Kredi Bankası”, “TOFAŞ”, “Otokar”, “Aygaz”, “Ford Otosan” kimi böyük şirkətlərə sahibdirlər. 2012-ci ildə şirkətlərin gəlirlərinin ümumi həcmi 84,833 milyard TL olub. Hazırda şirkətlər Rahmi Koç, Mustafa V.Koç, Təməl Atay, Ömər M.Koç, Semahat Arsel, İnan Quraq, Ali Koç tərəfindən idarə edilir.

Maraqlıdır ki, Türkiyə iqtisadiyyatı son 10 ildə iki dəfə artdığı halda ən zənginlərin sərvəti 4 dəfə çoxalıb. 2004-cü ildə 2 milyard dollar sərvəti olan Koçların 2014-cü ildə sərvətlərinin həcmi 8 milyard dollar təşkil edib.

Yəhudilərlə bağlılığı

Koç ailəsinin yəhudilərlə bağlılığı zaman-zaman müzakirə mövzusu olub. Baxmayaraq ki, Vehbi Koç müsəlman və türkdür. Onun oğlu Rahmi Koç da hər cümə günündə məscidə namaza gedir. Bununla belə, bildirilir ki, Koç ailəsinin bugünkü üçüncü nəslində həm ana, həm ata tərəfindən yəhudi qanı var. Şirkətlərinin üst səviyyə idarəçilərinin əksəriyyətində yəhudiəsillilər təmsil olunur. Bundan əlavə, Aydın Doğanın indiki səviyyəyə gəlməsində Koçun rolu var. Doğanın “Milliyet”i Ercüment Karacandan almasına Koçun vasitəçilik etdiyi irəli sürülür. O da bildirilir ki, “Hürriyet”i quran Sedat Simavi Vehbi Koçun həyat yoldaşı Sadberk xanımın əmisi oğludur. Qəzeti təsis edərkən bütün sərmayəni ona Koçun ortağı Eli Burla veribmiş. Digər tərəfdən, Koçların ortağı, “Arçelik” və “Arçelik” paylama şəbəkəsində əhəmiyyətli hissə payına sahib Burla Biraderlər 500 il əvvəl İspaniyadan Osmanlı torpaqlarına köç edən yəhudidir.

Siyasi fəaliyyəti

Koç ailəsi Türkiyənin siyasi həyatında da mühüm rol oynayır. Hətta onların maraqlarına cavab verməyən dövlət başçısının postunda uzun müddət qalmadığına dair şayiələr də var. Konkret, siyasi mənsubiyyətə gəlincə, Vehbi Koç zamanında CHP üzvü olub. Amma Adnan Menderes iqtidarı dövründə CHP-li olması səbəbindən zərərə düşdüyü üçün istefa verib. Övladlarına da siyasətlə məşğul olmamağı tövsiyə edib.

Bu arada onu da qeyd edək ki, V.Koç Adnan Menderes hökumətinin ona qarşı hücumlarını – vergi yoxlamaları, məhsullarının boykot edilməsini sadəcə partiyadan istefa verməklə qarşılamayıb. Menderesi devirənlərin arxasında onun olduğu irəli sürülür. 1960-cı ilin zərbəsindən sonra isə iş adamı Dəmirəlçi və Ədalət Partiyasının tərəfdarı olur.

Analitiklər rəhmətlik iş adamı haqqında “Vehbi Koç siyasi gələcəyi yaxşı bilən, çəyirdəkdən yetişmə bir kapitalist idi” deyə bəhs edirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm