• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İpoteka Fondundan yenilik: İlkin ödəniş ləğv olunur – AÇIQLAMA

  • Digər
  • 31 Mart 2015 12:07
  • 1 351 Baxış
İpoteka Fondundan yenilik: İlkin ödəniş ləğv olunur – AÇIQLAMA

Xəbər verildiyi kimi, Mərkəzi Bank ipoteka proqramının təkmilləşdirilməsi istiqamətində yeni layihə hazırlayır. Bura ipotekaya ayrılan vəsaitlərin artırılması, “Sosial evlər”in tikintisi, proqramın regionlarda tətbiqinin genişləndirilməsi daxildir.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov ipotekaya ediləcək dəyişikliklərə regionlarda faizlərin aşağı salınmasının da daxil olduğunu dedi: “Paytaxtla regionlardakı əmək haqqı məbləğləri arasında fərq var. Buna görə də ipoteka kreditləri üzrə faizlərin aşağı salınması vacibdir. Adi ipoteka kreditləri üzrə faizlər 8 faizdən 6 faizə endirilməlidir. Bu həm İpoteka Fondunun itkilərə məruz qalmamasına, həm də bankların risklə üzləşməməsinə imkan verəcək. Sosial ipoteka kreditləri üzrə faizlərə gəlincə, 4 faizdən 3 faizə endirilməlidir. Bu da sosial ipoteka kreditlərindən gəlir əldə edilməsinə imkan verəcək”.

İqtisadçı deyir ki, regionlar ipoteka kreditlərindən az faydalanırlar: “Limit müəyyən edildikdən sonra ipoteka portfelinin 50 faizi regionların payına düşəcək. Amma limitlə bərabər, yuxarıda qeyd etdiyim güzəştlər də vacibdir. Əks halda, aylıq ödəniş imkanları məhdud olacaq”.

Limitin özündə nələri nəzərdə tutmasına gəlincə, iqtisadçı bunları dedi: “Məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq”.

V.Bayramov onu da qeyd etdi ki, ipoteka proqramına edilən dəyişikliklər eyni zamanda maksimum məbləğin artırılmasını və gənc ailələr üçün ilkin ödənişin ləğv edilməsini, regionlar üçün ipoteka kreditlərinin müəyyənləşdirilməsini özündə əks etdirəcək: “Əvvəla, həm sosial, həm adi ipoteka üçün maksimum məbləğin artırılması nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin artırılması nəzərdə tutulub. Güman olunur ki, ipoteka kreditlərində maksimum məbləğ 50 mindən 75 min manatadək artırılacaq. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək.

Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi də təkliflər siyahısındadır. Mərkəzi Bank bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tipli bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək”.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR