• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bizim təzə Qəhrəman

  • Digər
  • 13 Aprel 2015 12:07
  • 724 Baxış
Bizim təzə Qəhrəman

Yazıçı-naşir Şəmil Sadiq türk şairi, yazıçısı, sosial şəbəkədə 4 milyona yaxın izləyicisi olan Kahraman Tazeoğlunu Bakıya gətirdi.

Türkiyədən kənarda ilk dəfə kitabı tərcümə edilən Tazeoğlu burada imza günü və şeir gecəsi keçirdi.

İki yüzə yaxın oxucu bilet alaraq şairə kitab imzalatdırdı, foto çəkdirdi, şeirlərini dinlədi.

Elə bir şeiri yox idi ki, gənc qızlarımız onu bilməsin.

Şəmil Sadiq daha bir xeyirxah iş görüb, qonağı bir ziyafət masasında azərbaycanlı həmkarları ilə görüşdürdü.

Biz də qonaqla şəkil çəkdirdik, xoş sözlər dedik, Vətənimizdən müsbət təəssüratlarla qayıtmasına çalışdıq.

Buraya qədər hər şey yaxşıdır.

Bizim təzə Qəhrəman Bakıya gəlməklə bizlərə bəzi şeyləri xatırlatmış oldu.

Xatırlatdı ki, oxucunu qazanmaq üçün mətnin gücündən, şairin istedadından əlavə satış, PR texnologiyalarını bilmək lazımdır.

Xatırlatdı ki, bir şairin-yazıçının uğur qazanması üçün kitabdan sonrakı proses daha önəmlidir. Yəni naşirlərin üzərinə böyük məsuliyyət düşür.

Bizim təzə Qəhrəman şeir məclisində dedi ki, əgər bir şair, yazıçı özü pul verib kitabını çap etdirirsə, demək, ondan heç nə olmayacaq.

Azərbaycanda uzun müddətdir şairlər, yazıçılar kitablarını bu cür çap etdirib. Ən yaxşı halda isə naşirlər müəyyən layihələr həyata keçirib, yazıçının kitabını çap etdirib, əvəzində isə ona qonorar verməyib. Məcburiyyətdən həmkarlarımız bu işə qol qoyublar.

Kahraman Tazeoğlu yaxşı şeirmi yazır? Bunu oxucuları bilər.

Amma mən başqa bir məsələdən danışmaq istəyirəm.

70 milyonluq Türkiyə üçün Tazeoğlunun yüzminlik kitab satışları, bəlkə də, azdır. Amma 9 milyonluq Azərbaycan üçün 200-1000 arası tiraj biabırçılıqdır. Bu tirajda çıxan kitablar isə illərlə vitrinlərdə çürüyür.

Ona görə yox ki, bizimkilər yaza bilmir. Ona görə ki, bizdə müəllif kitabı çap etməklə işini bitmiş hesab edir. Bəli, normalda belə olmalıdır. Müəllif kitabı nəşriyyata təqdim edəndən sonra artıq kitabın müstəqil ömrü başlayır. Amma bizdə belə deyil axı...

Kitabın pulunu, təqdimat üçün məkanı tapmalısan, həmin məkana pul verməlisən, kitabının afişasının çıxması üçün vəsait ödəməlisən. Əgər kitabının çap olunduğu nəşriyyatın yayım şəbəkəsi yoxdursa, kitabı çiyninə yükləyib mağaza-mağaza gəzməlisən. Facebook-da profil rəsmi etməlisən.

Qan-tər içində bunları edəndən sonra mütləq kimsə çıxıb deyəcək ki, “əşşi, azərbaycanlı nə yaza bilər ki?”

Həqiqətən, azərbaycanlı nə yaza bilər, nə yaza bilir?

Mən bu ölkədə özü qrafoman olub, başqalarını qrafomanlıqda suçlayanlar görmüşəm.

Mən bu ölkədə özü istedadsız və bayağı olub, başqalarını istedadsızlıqda və bayağılıqda günahlandıranlar görmüşəm

Mən 50 yaşında dayıların 70 yaşlı qocaların arxasınca illərlə danışdığını görmüşəm.

Mən 70 yaşlı yazıçını biət sistemi qurduğunu iddia edən yazıçının özünün ətrafında 18-20 yaşlı gənclərdən ibarət tərifçilər dəstəsi saxladığını görmüşəm.

Elə bilirsiniz bunları heç kim görmür?

Azərbaycanda müxtəlif saytlarda çalışan, qruplaşmalarda təmsil olunan yazıçılar döyüşür, mətnlər yox.

Saytlarda hər kəsin deyil, dostunun, qardaşının, öz qrupundan olanların əsərləri təhlil və tənqid edilir.

Bu ölkədə hər kəs bilir ki, əsərinin təriflənməsi üçün 50 dollar bəzi tənqidçilərə vermək kifayətdir.

Satılmayan kitabı reytinqdə birinci göstərib dostuna jest eləmək adətdir.

İllərdir bu kimi mənasız söz-söhbətlərlə oxucu bizdən, sizdən, başqalarından qaçdı.

Oxucu mətn istədi, yazıçı ilə görüşmək istədi, normal kitabların çıxmasını istədi.

Amma əvəzində AYB sədrinin və ya bir başqasının guya ədəbiyyatın qarşısını aldığı iddia olundu.

Nə AYB, nə də ki hər hansı bir qurum istedadın qarşısını əsla ala bilməz. İstedad Binəqədinin yolları deyil ki, istəyəndə müdaxilə edəsən, istəməyəndə özbaşına buraxasan.

Əgər istedad varsa, onun qarşısını kimsə ala bilməz.

AYB istedadın qarşısını alsaydı, bu yaxınlarda çıxan ən uğurlu kitab AYB üzvü Könül Həsənqulunun olmazdı. Amma oxucunun bundan xəbəri varmı? Mən sadəcə bir misal çəkdim.

Kahraman Tazeoğlunun şeir gecəsində Aqşin Evrən, Feyziyyə şeir oxudu. Təəssüfləndim. Çünki oradakı oxucular bizim təzə Qəhrəmana görə gəlmişdilər. Əcəba, bu yaxınlarda elə “Xan” nəşriyyatından kitabı çıxan, elə həmin məkanda imza törəni keçirəcək olan Aqşin Evrənin şeir gecəsinə oxucular bilet alıb gələcəklərmi?

Halbuki, ilk kitabı olsa da, Aqşin buna tam layiqdir. Son iki ilin ən uğurlu, ən istedadlı şairidir. Ümid edirik ki, Aqşin bizim təzə Qəhrəmandan daha çox oxucu yığsın...

Bizim təzə Qəhrəman bizə çox şey xatırlatdı. Bunları bilirdik. Amma azərbaycanlı oxucu ilk fürsətdəcə öz qapımıza qol atdığı üçün şairlərimizin, yazıçılarımızın necə dərin ictimai kədərə yoluxduğuna canlı şahid oldum.

Tanrı bu yağışlı günlərdə köməyimiz olsun...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR