Meşə və dənizin qovuşduğu yer - “River İnn Resort” açıldı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Meşə və dənizin qovuşduğu yer - “River İnn Resort” açıldı – FOTOLAR

Artıq Nabrana dincəlməyə gələnlərin sayı bir az da artacaq. Azərbaycanın ən çox inkişaf etmiş turist zonası olan Nabranda - Xəzər dənizinin sahilində və relikt meşələrin əhatəsində yerləşən “River İnn Resort” 5 ulduz oteli bu mövsümdən qapılarını qonaqların üzünə açıb.

KİV nümayəndələri “Silk Way Travel” şirkətinin təşkil etdiyi press-tur çərçivəsində yeni fəaliyyətə başlayan otellə tanış olublar.

Nabran dedikdə ilk öncə ağıla gələn dəniz və meşədir. Doğrudan da, bura meşə və dənizin qovuşduğu yerdir. Hər bir turistin istəklərini təmin etməyə imkan yaradan bu unikal yer istifadəyə verilən gündən turistlərin yüksək səviyyədə qəbuluna başlayıb. Bakının istisindən, yorucu və stressli işdən canını qurtarmaq istəyənləri gözəl mənzərəli və sakit təbiəti ilə fərqlənən bu oteldə əsl istirahət gözləyir.

Otelin əsas özəlliyi ondadır ki, klassik üslubda tikilən və dizayn edilən bu istirahət mərkəzi ağacdandır. 15 hektar sahəni əhatə edən otel iki mərtəbəlidir və 13 otaqdan ibarətdir. Bundan əlavə, taxta və daş kotteclər, lüks – “Rok”, “Svinq” və “Caz” adı verilmiş villalar da var. Ən maraqlısı isə otelin həyətindən keçən çaydır. Elə otelin adı da buna uyğun olaraq seçilib. Çayın özünü seyr etmək isə başqa bir zövqdür.

"River Inn Resort"un SPA mərkəzində insanı cavanlaşdıran, enerjini artıran prosedurlar almaq mümkündür. Düzgün həyat tərzi həvəskarları üçün otelin aşpazları xüsusi menyu təklif edirlər. Bədən üçün prosedurların qəbulu ilə yanaşı, bura dincəlməyə gələnlər açıq hovuzda üzə və ya günəş vannaları qəbul edə bilərlər. Oteldə ruhunu dincəltmək istəyənlər üçün də proqram nəzərə alınıb. Belə ki, balıq həvəskarları balıq və xərçəng tuta biləcəkləri çayın kənarında gəzintiyə çıxa bilərlər.

Oteldə əyləncə axtaran gənclər və balacalar da öz maraqlarına uyğun nəsə tapa bilər - film, boulinq, bilyard, elektron oyunlar 24 saat müştərilərin ixtiyarındadır . Otelin peşəkar animasiya komandası həm də əyləncə proqramları təklif edir. Burada həmçinin ən kiçik qonaqlar üçün dayə nəzarəti ilə uşaq otaqları da var. Əylənmək istəyən valideynlər uşaqlarını buradakı dayələrə rahatlıqla etibar edə bilər.

Otaq növlərinə gəlincə, oteldə “Standart DBL” otaq və kotteclər, “Standart SNG” otaq və kotteclər “Lux Apartment” , “Lux Cottage” (4 nəfər yerləşə bilər) və “De lux Villas” (6 nəfər yerləşə bilər) var. Standart otaqda bir nəfərin gecələməsi səhər yeməyi daxil 150 manatdır.

Bir və ya bir neçə ailə bir yerdə gələrsə, onlar üçün ən əlverişlisi lüks villalar ola bilər. 6 nəfərlik villanın bir günü 800 manatdır. 4 nəfər 600 manat, 2-3 nəfər qalarsa, 400 manat pul ödəməlidir. 4 və 3 nəfərlik daş evlərin qiymətləri isə 320-300 manat arasında dəyişir.

Otelin marketinq meneceri Səadət Məmmədovanın sözlərinə görə, otel yeni istifadəyə verilsə də, gələn qonaqların sayı çoxdur: “Artıq otel bir neçə gündür ki, istifadəyə verilib, amma cəmi 3 nömrə boş qalıb, qalan nömrələrdə müştərilərimiz var. Bizdə qonaqlara bir sıra güzəştlər edilir. Məsələn, 6 yaşınadək uşaqlar pulsuz, 6-12 yaş arası uşaqlara 50 % endirim edirik.

Gələcəkdə bir sıra yeniliklər də nəzərdə tutulub. Biz istəyirik ki, otelin həyətində mağaza olsun və bura gələn qonaqlara nəsə lazım olduqda gedib ətrafda mağaza axtarmasınlar. O cümlədən, otelə xarici turistlərin cəlb edilməsilə bağlı planlarımız var və bunu payızdan həyata keçirməyə çalışacağıq. Təbii ki, yay və qış qiymətlərində də fərq olacaq”.

Oteli unudulmaz və maraqlı edən isə bolqar baş aşpaz Aleks Nikolovun hazırladığı qeyri-adi yemək və şirniyyatlardır. Bolqarıstan, Böyük Britaniya və Kiprin yüksək səviyyəli otel şəbəkələrində kulinariya təcrübəsi olan aşpaz “Alekslə kulinariya səyahəti” ("Culinary travel with Alex”) adlı kitabın müəllifidir.

Otelin Nabranda yerləşən əksər otellərdən bir üstün cəhəti də odur ki, burada istirahət mövsümi xarakter daşımır. Yəni “River İnn Resort”da istənilən fəsildə dincəlmək olar.

Otel xüsusi paketlər də təklif edir. Bura "Yeni ailə quranlar üçün" paket, "Toy" paketi, "Korporativ" paket, "SPA" paketi, “Şərab Dequstasiyası" paketi və “Ailəvi İstirahət" paketi daxildir. Burada həqiqətən də dincəlməyə dəyər, çünki “River İnn”də hər şey müştərinin rahatlığı üçün qurulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm