• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mikayıl Cabbarov: “Təhsil sisteminə yenidən baxılması vacib şərtdir”

Mikayıl Cabbarov: “Təhsil sisteminə yenidən baxılması vacib şərtdir”

Martın 12-də təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən “2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” Azərbaycan investisiya sammitinin “Bacarıqlar və təhsil-Azərbaycanda insan resurslarının inkişafı” bölməsində iştirak edib.

Publika.Az-ın məlumatına görə, sammit iştirakçılarını salamlayan nazir Azərbaycanın təhsil sistemi, qarşıda duran əsas hədəflər və həyata keçirilən islahatların başlıca məqsədləri haqqında ətraflı məlumat verib. Ölkə təhsilinin uzun illər ərzində formalaşmış ənənələrə əsaslanan inkişaf yolu keçdiyini söyləyən nazir müasir tələblərə uyğun islahatların davamlı xarakter daşıdığını bildirib. Nazir qeyd edib ki, müasir təhsil islahatları təkcə texnoloji və ya məzmunla bağlı deyil, bütün istiqamətləri, o cümlədən də insan resurslarının inkişafı məsələsini əhatə edir.

Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” məhz həyata keçiriləcək islahatların əsas istiqamətlərini, müasir tələbat nəzərə alinmaqla, mütəxəssis hazırlığı, idarəetmə, infrastruktur, maliyyələşmə və digər sahələrin təkmilləşdirlməsini ehtiva edir. İnanırıq ki, təhsil sahəsindəki islahatların sürəti cəmiyyətin dəyişikliyə hazırlığından asılıdır.

Təhsillə biznes dünyası arasındakı əməkdaşlığın inkişafının əhəmiyyətinə toxunan nazir qeyd edib ki, milli iqtisadiyyatın hədəf və vəzifələrinə uyğun olaraq, təhsil sisteminə yenidən baxılması vacib şərtdir. Bizim məqsədimiz əmək bazarını keyfiyyətli kadrlarla təmin etməkdir. Biz Azərbaycan reallıqlarına uyğun olan qabaqcıl dünya təcrübəsindən istifadə edirik və nəzərə alırıq ki, davamlı iqtisadi inkişaf üçün insan resurslarına əsaslanan möhkəm təməl lazımdır.

Təhsil naziri iqtisadiyyatın ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi baxımından mühüm rol oynayan ilk peşə-ixtisas təhsilinin inkişaf prioritetlərindən də söhbət açıb. Azərbaycanda ilk peşə-ixtisas təhsilinin inkişafına nail olmaq mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsilli kadrlara ciddi ehtiyacı var. İlk peşə-ixtisas təhsilinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra ölkələrin təcrübəsindən istifadə etməyi düşünürük.

Nazir ali təhsil sahəsində xaricdəki nüfuzlu ali məktəblərlə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb. “ADA” Universitetinin bu istiqamətdəki təcrübəsi və dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığı yaxşı bir örnək kimi qəbul oluna bilər.

Sonra təhsil naziri sammit iştirakçılarının suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə dair fikirlərini nəzərə çatdırıb.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR