• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Aynur Camalqızı: “Skandinaviya modelini Azərbaycanda da tətbiq etmək olar”

Aynur Camalqızı: “Skandinaviya modelini Azərbaycanda da tətbiq etmək olar”

Bu gün “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “KİV-də və sosial mediada qadın mövzusu” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Qadın Konsensus Mərkəzi İctimai Birliyinin rəhbəri Aynur Camalqızı bildirib ki, son vaxtlar qadınlara qarşı zorakılıqla bağlı mövzular KİV və sosial mediada çox geniş işıqlandırılır: “KİV və sosial media bu cür xəbərləri yaymağa həddən ziyadə meyllidir. “Qadın ərini bıçaqladı”, “qadın özünü yandırdı” tipli kriminal məlumatları yaymalıyıqmı, məişət zəminində baş verən bu problemlər ictimaiyyətə çatdırılmalıdırmı? Düşündük ki, bunu jurnalistlərlə, QHT və aktiv sosial media nümayəndələri, bloggerlərlə birgə müzakirə edə bilərik. Qadın mövzusuna hansı rakursdan yanaşmalıyıq ki, ən doğru seçimi edə bilək? Skandinaviya ölkələrində idarəetmədə və siyasi qərarların qəbulu prosesində qadınların iştirakını təmin etmək üçün kvota müəyyənləşdiriləndən sonra qadınlar aktiv şəkildə siyasətlə məşğul olmağa başladılar. Bunun nəticəsi olaraq indi bu ölkələrdə parlament üzvlərinin yarıdan çoxu qadındır. Azərbaycanda da qadınların siyasi sosiallaşma prosesində fəallığını təmin etmək üçün rəsmi və ya qeyri-rəsmi formada kvota sistemi tətbiq etmək olar”.

A.Camalqızı bildirib ki, bəzən rəhbər vəzifələrdə təmsil olunan qadınların sərbəst fikir irəli sürə bilmədikləri deyilir: “Amma qeyd etmək lazımdır ki, 3 nəfər nöqsanlı nümunə varsa, onlarla yaxşı nümunə də var. Belə fikir var ki, siyasi idarəetmədə qadınların iştirakı daha ədalətli qərarların qəbuluna gətirib çıxarır”.

Tədbirdə gender məsələləri üzrə araşdırmaçı Faina Hənəfiyeva çıxış edərək bildirib ki, bütün dünyada qadınların yüksək vəzifələrə seçilməsi müzakirə olunduğu bir zamanda, bizdə Ucarda evdən qaçmış qadının mobil telefondan istifadə edib-etməməsi müzakirə olunur: “Mən hesab edirəm ki, bloggerlər qadınlarla bağlı müzakirələrdə aktiv olmalıdırlar. Ümumiyyətlə, mediada rəhbər vəzifələrdə olan qadınların sayı azdır. Məsələn, Mətbuat Şurasının 17 üzvü var və bunlardan yalnız 1-i qadındır”.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, bəzən dövlət qurumlarından verilən məlumatlar mətbuatda təhrif olunur: “Amma biz bu məsələdə təkcə jurnalistləri qınaya bilmərik. Cəmiyyət belə məlumatların olmasını tələb edir və jurnalistlər də bunu verirlər. Jurnalistlər qadın mövzusundan yazarkən son dərəcə həssaslıq göstərməli, məsələyə peşəkarlıqla yanaşmalıdırlar”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxış edərək bildirib ki, bu gün mətbuatda olan problemlər təkcə qadınlara şamil edilməməlidir, bu, bütövlükdə cəmiyyətin problemidir: “Cəmiyyətə informasiyanı hansı şəkildə çatdırmaq məsələsi çox vacibdir. Azərbaycan mətbuatında rəhbər vəzifələrdə özünü təsdiqləmiş qadınlar var. Bu, böyük göstəricidir. Bizdə insan haqları üzrə müvəkkil də xanımdır. Bunları xatırlatmaqda məqsədim odur ki, xanımlar öz güclərini düzgün realizə etməlidirlər”.

Hazırda mətbuatda qadına yönəlmiş aqressiya hiss olunduğunu deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, bəzən qadın jurnalistlər də öz həmcinslərinə qarşı aqressiv davranırlar: “Mətbuatda “qadının başını kəsdilər” kimi xəbərləri veririk. Bunun ailədə böyük fəsadları ola bilər. Belə çixir ki, media insan taleyinə biganədir. Təklif edirəm ki, problemi aradan qaldırmaq üçün hər redaksiyada gender strategiyası yaradılsın”.

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Vüsalə Hüseynli bildirib ki, bu problemlərdən danışarkən müsbət məqamları da qeyd etmək lazımdır: “Məsələn, əksər rayonlarda İcra Hakimiyyətlərində müavinlər qadındır. Amma sırf vəzifə olsun deyə ora qadınları gətirə bilmərik. Qadının özünün də təşəbbüsü və xarizması olmalıdır. Ümumiyyətlə, vəzifəyə gələn insan öz vəzifəsini bilməlidir”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də tədbirdə çıxış edərək bildirib ki, mətbuatımızda çalışan qadınların sayı çoxdur, amma kritik mövzularda qadınların iştirakı aşağıdır: “Qadın jurnalistlər çalışırlar ki, saat 6-da evə getsinlər. Bunun bir səbəbi ailəsinə, uşağına bağlılıqdırsa, digər bir səbəbi isə odur ki, qadınlar qaranlıq düşməmiş təhlükəsiz halda evə getmək istəyirlər. Problemi həll etmək üçün redaksiyalar qadınlar üçün xüsusi avtomobil ayıra bilərlər”.

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyev isə bildirib ki, bizdə “şpaqat” açan qadını hər kəs tanısa da, Əzizə Süleymanzadəni heç kim tanımır: “Amma o, Harvard Universitetini bitirmiş ilk azərbaycanlıdır”. B.Hacıyev onu da qeyd edib ki, mətbuatda sosial reklam problem var. Məsələn, diqqəti qadınların təhsil probleminə cəlb etmək üçün sosial çarxlar hazırlamaq olar.

BAXCP-nın sədr müavini Niyaməddin Orduxanlı çıxış edərək bildirib ki, əvvəllər bələdiyyə üzvlərinin 2 %-i qadınlar idisə, hazırda bu göstərici 40%-ə yaxındır: “Bu onu göstərir ki, qadınlarımız idarəetmədə irəli çəkilirlər. KİV və sosial mediada qadınlarla bağlı bəzi problemlər qalmaqdadır. Problem erkən nikahlar və qadınların təhsilsizliyindən qaynaqlanır”.

“Report” İnformasiya Agentliyin rəhbəri Murad Əliyev çıxışı zamanı bildirib ki, mətbuatı tənqid etməkdən çox yardım etmək lazımdır: “Bəzən kənd yerlərində baş verən xəbərlərin yazılması oradakı polislərin daha məsuliyyətli olmasına şərait yaradır. Biz sosial şəbəkələrdə hansısa informasiyanı tənqid edirik. Amma həmin ailə üzvləri ilə danışıq aparsaq, fikrimizi dəyişərik. Düşünürəm ki, məişət problemlərinin həll olunması üçün kənd yerində qadınların fəallığı artırılmalıdır. Əsasən də, aktiv, savadlı qadınları seçib vəzifəyə gətirmək lazımdır”.

Azərbaycanda sahibkarlıq sektorunda qadınların rolu ilə bağlı layihə həyata keçirdiklərini deyən Konstitusiya Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli qeyd edib ki, artıq onların sayı xeyli artıb: “2012-2013-cu illər ərzində 2070 qadına 60 milyon dollar güzəştli kredit verilib və bu kreditlər nəticəsində 3000 iş yeri yaradılıb. Azərbaycanda sahibkar qadınların sayı artır, amma biz istədiyimiz səviyyədə deyil. İstərdik ki, bu proses daha da sürətlənsin. Məsələnin həlli üçün kəndlərdən qadınları sahibkarlığa cəlb etməli, qadın hərəkatı yaratmalıyıq”.

Gənc yazar Sevinc Çılğın da tədbirdə çıxış edərək bildirib ki, əslində Azərbaycan və dünya qadını deyərək fərq qoyulmamalıdır: “Dünya qadınlarının özəllikləri nədirsə, bizim cəmiyyətdə də onları axtarmalıyıq. Medianın işi problemləri xəbərçilik etmək deyil, problemin kökündə dayanan məsələləri araşdırmaqdır”.

“Gündəlik Teleqraf” qəzetinin şef redaktoru Taleh Şahsuvarlı da çıxış edərək KİV-də qadınlarla bağlı problemlərin işıqlandırılması məsələsinə toxunub. O bildirib ki, Azərbaycan cəmiyyəti renessans dövrünü keçməmiş bir cəmiyyətdir: “Biz təkcə renessans dövrünü keçməyən cəmiyyət yox, eyni zamanda sənaye inqılabını keçməyən cəmiyyətik. İnsan istehlakçı yox, istehsalçı olmalıdır, planları olmalıdır və həmin ideyaları formalaşdıran bir model olmalıdır. Qadınların cəmiyyətdə öz ideya və planlarını gerçəkləşdirməsindən danışırıqsa, ilk olaraq onların bilgi səviyyəsi ilə maraqlanmalıyıq. Azərbaycanda bilgi sahibi olan qadın və kişilər nə qədər az olacaqsa, biz patriarxal cəmiyyətdən çıxa bilməyəcəyik”.

Tədbirin sonunda müzakirə iştirakçıları və jurnalistlər arasında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR