İnsan səhhəti və texnologiyalar təhlükədə - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

İnsan səhhəti və texnologiyalar təhlükədə - XƏBƏRDARLIQ

“Günəşin səthində geomaqnit qasırğası davam edir. Yaxın 2 gün ərzində alışma baş verəcəyi təqdirdə (bu alışma isə güclü – rentgen sinfinə mənsub ola bilər), bir sıra texnoloji sistemlərə təsir edərək kommunikasiya radiodalğalarında qısamüddətli sönmələr (və ya “donmalar”) və radiasiya fırtınaları yarada bilər”.

Bu barədə Publika.az-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, Günəşin səthində dünən başlayan geomaqnit dalğaları bu gün ərzində G2 sinifli geomaqnit qasırğasına çevrilib (maksimum G5 olur). Əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 6-ya çatıb (maksimum 9-dur). Günəş səthində müşahidə olunan AR2403 nömrəli böyük ləkə qrupu mürəkkəb maqnit sahəsinə malikdir, lakin Günəşin fırlanması səbəbindən, tezliklə onun diskinin arxasına keçəcək və ixtiyari alışma bizim üçün demək olar ki, təhlükəsiz olacaq.

“Günəşdəki hazırki geomaqnit qasırğasının səbəbi planetlərarası maqnit sahəsinin (PMS) Z komponentinin qəflətən cənub istiqamətini göstərməsi olub. Qasırğa getdikcə nisbətən zəifləsə də, geomaqnit dalğaları yaxın 3 gün ərzində davam edəcək”.

E.Babayev bildirib ki, bu proses sağlam insanlar üçün heç bir narahatlıq yaratmayacaq, onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarada bilər.

“Risk qrupuna daxil olan insanlar (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik tədbirlər görməlidirlər. Tövsiyə olunan isə təşvişə düşməmək və “aktiv istirahət” etməkdir. Meteroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ hallar daha da güclənə bilər. Ümumiyyətlə, bu təsirlər hər bir funksional sağlam individum üçün fərqlənə bilər”.

Kardioloq-cərrah Adil Qeybullanın sözlərinə görə, Günəşdə baş verən partlayışlar, geomaqnit qasırğalar insan orqanizminə təsirsiz ötüşmür.

“Sağlam insanlar bu dəyişiklikdən heç bir narahatlıq hiss etmir. Çünki insan orqanizmində ətraf mühitə uyğunlaşmaq üçün kondensator adaptiv orqanizmlər var. Bu da insanların müxtəlif təsirlərə qarşı mübarizə aparmasına kömək edir. Bununla yanaşı, insan orqanizmi yaşlandıqca, xəstəliklər artdıqca, həmçinin hamilə qadınlar və uşaqlarda bu mexanizmlər tükənir. Metohəssas insanlarda günəşdə baş verən dəyişikliklər zamanı təzyiqdə dəyişiklik baş verir, bronxial-astma xəstələrində tutmalar artır, diabet xəstələrdə şəkərin enib-qalxması müşahidə edilir”.

A.Qeybulla bildirib ki, bu xəstələr yaxın günlərdə necə davranmalı olmaları ilə bağlı həkimləri ilə məsləhətləşməlidirlər:

“ Aktiv həyatdan çəkinib, ev şəraitində olmalıdırlar. Daimi olaraq xəstəlik üzrə dərmanlarını qəbul etməlidirlər. Çünki bəzən ürək ritmində çox dəyişiklik olur. Xroniki, qan təzyiqi, ürək xəstələri olan şəxslər diqqətli olmalıdır. Məcburi olaraq bu günlərdə işdə olanlar da baş verən geomaqnit qasırğaları və xəstəliklərini nəzərə almalıdırlar”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm