11-ci sinif şagirdi məktəbin qarşısından oğurlandı –BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

11-ci sinif şagirdi məktəbin qarşısından oğurlandı –BİR CİNAYƏTİN TARİXÇƏSİ

11-ci sinif şagirdi məktəbin qarşısından oğurlandı –BİR CİNAYƏTİN TARİXÇƏSİ

1994-cü ildə Cəlilabad rayonunun Ağdaş kəndində anadan olmuş Sakit Cavadov həmyerlisi olan yetkinlik yaşına çatmayan Vəfanı (ad şərti verilib) evlənmək məqsədilə qaçırmaq qərarına gəlib. Publika.Az-ın araşdırmasına görə, Sakit Cavadov bu planını həyata keçirmək üçün həmyaşıdı Rüstəm Abdullayev və 1992-ci il təvəllüdlü Orxan Süleymanovdan köməklik istəyib. Hər iki şəxs də ona bu işdə köməklik göstərəçəklərini deyiblər.

Onlar 29 iyun 2012-ci il tarixdə, saat 13.30-da Orxan Süleymanovun idarə etdiyi "VAZ 21063" markalı avtomobillə Cəlilabad rayonunun Ağdaş kəndindəki orta məktəbin yaxınlığına gəliblər. Onlar həmin ərazidə 1994-ci il təvəllüdlü Vəfanı gözləyiblər.

Vəfa həmin vaxt məktəbdən çıxıb və evə getmək istəyib. Bu zaman Orxan Süleymanov idarə etdiyi avtomobildə gözləyib. Sakit Cavadov, Rüstəm Abdullayev avtomobildən düşüblər. Onlar Vəfaya yaxınlaşıblar.

Oğurladıqları qızı yarım saat saxlaya bildilər

Bu zaman Sakit Cavadov Vəfanın saçlarından yapışıb, Rüstəm Abdullayev qızı qolundan tutaraq yerdə sürüyüblər. Onlar qızı yerdə sürüyərək avtomobilə gətirmək istəyiblər. Onlar həmin hərəkətləri ilə qıza bədən xəsarətləri də yetiriblər.

Buna baxmayaraq, onlar qızı avtomobilə mindiriblər. Orxan Süleymanovun idarə etdiyi avtomobili hərəkətə gətirərək orta məktəbin yanından uzaqlaşıblar. Sakit Cavadov qızı Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan qohumu Siyabxan Məmmədovun evinə gətiriblər. Onlar qızı həmin evdə təxminən yarım saat saxlaya biliblər. yarım saatdan sonra Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşları ora gəliblər. Cinayəti törədən şəxslər həbs edilib.

Qız qaçıranlar hakim qarşısında

Bu əməlləri ilə Sakit Cavadov Cinayət Məcəlləsinin 127.2.1-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa az ağır zərər vurma) 144.3-cü (adam oğurluğu) maddəsi ilə, Orxan Süleymanov və Rüstəm Abdullayev isə Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ittiham olunublar. Onların barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb.

"Sakit avtomaşını sürmək üçün Orxanı bıçaqla hədələyib"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm Abdullayev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qız qaçırmayıb və ya adam oğurlamayıb: "Hadisə günü, yəni 29 iyun 2012-ci il tarixdə yolla gedərkən Orxan avtomaşını saxlayıb. Həmin vaxt Sakit avtomaşında idi. Sakit hara getməyimi soruşdu. Onlara evə getmək istədiyimi dedim. Sonradan avtomaşına qız mindirildiyini gördüm. Qızı avtomaşına Sakit mindirdi. Hadisə yerində avtomaşından yerə düşməmişəm. Sakit avtomaşını sürmək üçün Orxanı bıçaqla hədələyib".

"Qızı Sakitin əmisigilə aparmışıq"

Rüstəm Abdullayevin sözlərinə görə, hadisə yerində avtomaşından düşüb getmək istəyib: "Amma Sakitdə bıçağın olmasını gördüyüm üçün qorxmuşam. Buna görə də avtomaşından düşməmişəm. Həmin vaxt qız isə səs-küy salmayıb. Biz qızı qaçıraraq Sakitin əmisigilə aparmışıq. Qızın həqiqətən razı olub-olmamasını bilməmişəm".

"Üstümə bıçaq çəkərək maşını sürməyimi tələb etdi"

Digər təqsirləndirilən Orxan Süleymanov deyib ki, atasına məxsus "VAZ-21063" markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olub. Onun sözlərinə görə, Ruslan Məmmədov onun mobil telefonuna zəng vurub: "Ruslan Privolnoye kəndindən Ağdaş kəndinə 3 nəfər müştəri aparmağımı xahiş etdi. Saat 12.00-da məni Privolnoye parkı yaxınlığında gözləyəcəklərini və sürücü haqqı olaraq 10 manat verəcəyini dedi. Mən də onun bu təklifi ilə razılaşdım. Sonradan razılaşdırıldığım kimi Privolnoye kəndinə getdim. Əvvəlllər tanımadığı Sakit, Pərviz və Rüstəm adlı şəxsləri sərnişin kimi avtomaşınına mindilər. Maşını Ağdaş kəndinə onların dedikləri yerə sürdüm. Orta məktəbin qarşısında sonradan adını bildiyim Vəfanı maşınına mindirdilər. Mən qızın maşına mindirmələrinə eiraz etdim. Lakin Sakit üstümə bıçaq çəkərək maşını sürməyimi tələb etdi. Məcbiriyyət qarşısında qalaraq maşını sürmüşəm. Buna görə də istəmədən qız qaçırılmasının iştirakçısı olmuşam".

Qız qaçıranlara ağır cəza

Sakit Cavadov və zərərçəkmiş Vəfa da məhkəmədə ifadə veriblər. Şahid ifadələrini dinləyən hakimlər sonda hökm elan ediblər. Məhkəmənin hökmü ilə Sakit Cavadov 12 il 6 ay, Rüstəm Abdullayev 7 il, Orxan Süleymanov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər və onların vəkilləri apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində birnci instansiya məhkəməsi tərəfindən ağır cəzalara məhkum olunduqlarını qeyd ediblər. Buna görə də barələrində yüngül cəzanın verilməsini xahiş ediblər.

Onların şikayətlərinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Abdullayevin vəkili Cabir Mehrəliyev çıxış edib.Cabir Mehrəliyev deyib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinin dəlillərini müdafiə edir. O, məhkəmənin Rüstəm Abdullayevin azadlıqdan məhrum etmə cəzasını tətbiq etməsi qənaətinin düzgün olmadığını deyib. Müdafiəçi apelyasiya şikayətinin təmin edilməsini, hökmün Rüstəm Abdullayevə aid hissəsində dəyişdirilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Orxan Süleymanovun vəkili Ədalət Şükürov çıxışında müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Dövlət ittihamçısı Ceyhun Əliyev apelyasiya şikayətlərinin təmin edilməməsini istəyib.

Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, Orxan Süleymanov və Rüstəm Abdullayevin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Rüstəm Abdullayevin cəzasını 7 ildən 5 ilə qədər, Orxan süleymanovun cəzasını isə 11 ildən 10 ilə endirilməsi ilə bağlı qərar qəbul edib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm