Paytaxtda hamilə qadını kim diləndirir? – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Paytaxtda hamilə qadını kim diləndirir? – FOTOLAR

Onu ilk dəfə bir neçə gün əvvəl “20 Yanvar” metrostansiyasının qarşısındakı yeraltı keçiddə gördüm. Təxminən 23-25 yaşlı hamilə qadın başını aşağı salaraq pilləkəndə səssiz-səmirsiz dayanmışdı. İlk baxışdan elə təəssürat yaranır ki, kimisə gözləyir. Lakin gözlərini uzun müddət yerə dikməsi, başını qaldırıb heç kimə baxmaması, üstəlik, qollarını sinəsində çarpazlayaraq ovcunu açıq qoyması onun ətrafdan ötən insanlardan kömək istədiyini göstərirdi.

Davranışı, zahiri görkəmi ilə seçilən bu qadın başqalarından fərqli olaraq heç kimin qarşısını kəsmir, yalvararaq insanları bezdirmir, bəzən fikrə gedir, pilləkənlərdə səssiz-səmirsiz dayanaraq beləcə insanlardan yardım umur.

Onu bu günlərdə növbəti dəfə “Nərimanov” metrostansiyasının çıxışında gördüm. Həmin qiyafədə, həmin davranışla... Ənənəsinə sadiq qalaraq yenə gözlərini yerə dikərək dayanmışdı. Polis onu burada çox dayanmağa qoymadı. Qadından keçidi tərk etməyi tələb etdi.

Onunla növbəti dəfə “Əhmədli” metrostansiyasının keçidində qarşılaşdım. Heç kimin zəhləsini tökməyən bu hamilə qadının nə üçün dilənməsi marağımıza səbəb oldu.

Yaxınlaşıb söhbət etdik.

Gözlərini yerdən ayırmadan özü barəsində danışdı. Amma qısaca, özü də vəziyyətindən sıxıla-sıxıla... Məlum oldu ki, respublikamızın qərb rayonlarından birində çox kasıb bir ailədə doğulub. Maddi sıxıntılar onu uşaqlıqdan təqib edib. Ailə qurduqdan sonra da problemlər qadını tərk etməyib.

Həmsöhbətim Leyla ilə söhbətdə öyrəndim ki, bir neçə il əvvəl ərə gedib. Ailə həyatı yeni maddi sıxıntılara yol açıb: “Həyat yoldaşım yeni tikilən binalarda fəhlə işləyir. Maaşı azdır deyə dolana bilmirik. Çox imkansızıq, maddi köməyə ehtiyacımız var. Əlacım olmadığından burada dayanmışam”.

Özü barəsində utana-utana danışan qadın maddi ehtiyac üzündən metro stansiyalarının qarşısına üz tutduğunu dedi: “Buralara yalnız hərdənbir gəlirəm. Neyləyim? Ehtiyacım var”.

Həyat yoldaşı yaşadıqları rayonda iş tapa bilmədiyindən paytaxta üz tutublar: “Bakıya rayondan köçüb gəlmişik. Biləcəridə kirayə ev tutmuşuq. Kirayə pulunu çətinliklə ödəyirik. Təəssüf ki, özüm işləyə bilmirəm”.

Ehtiyac üzündən qarşılaşdığı durum və özü barəsində çox az danışan hamilə qadını biz də çox sorğu-suala tutmadıq. Maddi sıxıntılar məngənəsində sıxılan, hüquqlarını bilməyən, tezliklə ana olacaq bu qadın son ümidi xeyirxah insanlara əl açmaqda görüb. Biz də ondan xeyirxahlığımızı əsirgəməyək.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm