“Metropolitenə verdiyimiz pulları kim ödəyəcək?” - Reportaj - Foto
Bizi izləyin

Qırmızı.az

“Metropolitenə verdiyimiz pulları kim ödəyəcək?” - Reportaj - Foto

“Metropolitenə verdiyimiz pulları kim ödəyəcək?” - Reportaj - Foto

Metro ticarətçilərinə obyektlərinin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən mart ayının 27-ə kimi vaxt verilməsinə baxmayaraq, ötən gün axşam saatlarından başlayaraq metronun 21 stansiyasında ticarət köşklərinin sökülməsi prosesi başa çatıb.

Bu gün günorta saatlarında metronun “İnşaatçılar” stansiyasında yerləşən satış obyektlərinin yığışdırılması zamanı Publika.Az-ın əməkdaşı orada baş verənləri müşahidə edib.

Misli görünməmiş endirim: “Nə alsan 3 manata”

“İnşaatçılar” stansiyasında iynə atsan yerə düşməz. Metro ticarətçilərinin məcburi endirim kompaniyasından faydalanmağa gələnlər arasında 6 aylıq körpədən tutmuş, 80 yaşlı nənələrə qədər hər kəs var.

Satıcılar son dəqiqələrdə əllərində qalan malları dəyər-dəyməzinə satmağa çalışır, alıcılar isə qiymət “öldürüb” maya dəyərindən də aşağı satılan malları bir az da ucuz almağa çalışırlar.

Dar keçiddə insan tıxacı o qədər böyükdür ki, bəzən yolun açılması üçün polis əməkdaşları müdaxilə etməli olur.

Satıcılar bildirir ki, yaz mövsümü yeni gəldiyindən hamımız banklardan kredit götürüb dükanlara “mal vurmuşuq”, bu qərar bizim ölüm hökmümüz oldu, demək olar ki, hər şeyi havayı paylayırıq.

“Çıxmayanları “dubinka” ilə çıxaracağıq!”

Satıcı Rasim Nəbiyev deyir ki, onlara dünən axşam xəbərdarlıq olunub: “Bizə dünən Bakı Şəhər İcra hakimiyyətinin nümayəndələri gəlib dedilər ki, sabah saat 12-ə kimi obyektləri yığışdırın, yoxsa sizi “dubinka” ilə çıxaracağıq. Nə yer verirlər, nə pulumuzu qaytarırlar. 1500 manat mağazaların təmirinə vermişik, 77 manat vergi adı ilə yığırdılar, elə satıcılar var ki, 15.000 manata mağazanı alıb. Bunun pulun u kim verəcək bilmirik. Biz aksiya keçirib hüquqlarımızı tələb edəcəyik. Metropoliten rəhbərliyinə 15 -20 min manat pul vermişik. Zaur və Novruz adında şəxslərə, Tağı Əhmədovun ən yaxın adamlarıdır.”

75 yaşlı satıcı Himayət Məmmədov 7 nəfərlik ailəsini 20 ildir bu balaca dükanda xırdavat satmaqla dolandırdığını deyir: “1990-cı ildən mən burada işləyirəm. Buranı bizə pulla satıblar. 3300 manat təmirə pul vermişik. Pilləkənin üstündəki bu kiçik yerə 8000 manat pul vermişəm, 350 manat hər ay icarə haqqı , 77 manat vergi pulu verirəm. Kim qaytaracaq bunu mənə? Bu ölkədə almaq var, vermək yoxdu. Ötən ay 4000 manat kredit götürüb, mala vermişəm, necə ödəyəcəm?”

Metropoliten yoxsa, Bakı Şəhər İcra Hakimiyyəti?

Satıcılardan yığılan pulların nə zaman ödəniləcəyinə gəlincə, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirdi ki, kompensasiyanın ödənilməsi məsələsi ilə Metropoliten deyil, Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur: “İstər satıcıların başqa ticarət mərkəzlərində yerləşdirilməsi, istərsə də konpensasiyaların ödənilməsi məsələləri birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Satıcıların bizimlə müqavilələrinin vaxtı fevral ayında başa çatıb. Kimin müqaviləsi var, kimin yoxdu – bu məsələnin bizə aidiyyatı yoxdur.”

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə konpensasiyaların ödənilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirdi ki, hələ ki bu haqda heç bir məlumat yoxdur: “Konpensasiya ilə bağlı məndə heç bir məlumat yoxdur, nə qərar olsa mən onu mətbuata çatdıracam. İndi bu haqda heç bir söhbət yoxdur. Ancaq hələ proses bitməyib. Bu məsələyə baxılacaq.”

Kompensasiyanın ödənilməsinin Metropoliten, yoxsa Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcəyi sualına gəlincə, Əliabbas Bağırov bildirdi ki, bu məsələ də hələ ki, dəqiqləşdirilməyib: “Bu suala cavab verməkdə çətinlik çəkirəm. Hardan ödənilirsə, ödənilsin, yenə də pul dövlət büdcəsindən gedəcək.”

Nərgiz Liftiyeva

(Fotolar müəllifindir)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm