Külək niyə bu qədər çox fəsad törətdi? - Günahkar qurumlar
Bizi izləyin

Qırmızı.az

Külək niyə bu qədər çox fəsad törətdi? - Günahkar qurumlar

Bu gecə ölkə ərazisində müşahidə edilən güclü hava şəraiti istər paytaxt, istərsə də bölgələr üçün ziyansız ötüşmədi. Güclü külək paytaxtın Buzovna və Maştağa kəndlərini işıqsız qoyub. Xırdalan şəhərində də ağaclar aşıb, bəzi ərazilərə isə elektirk enerjisinin verilməsində problem yaranıb. Xaçmazda güclü külək elektrik enerjisinin verilişində problemlərin yaranmasına səbəb olub. Elektrik xətləri qırılıb, qısaqapanmalar yaranıb. Bundan başqa, əsən külək xeyli sayda ağacın qırılması ilə nəticələnib. Göyçayda da yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, rabitə və internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb.

Paytaxtda da yolların kənarı, yaşayış məntəqlərinin yaxınlığında ağaclar aşıb, maşınların üzərinə, yol kənarına düşüb. Bir sözlə, külək maddi baxımdan xeyli ziyan vurub. Buna səbəb isə aidiyyatı qurumların işləri vaxtında görməməsidir. Öncəliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu cür hava şəraiti ilə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edici informasiya verməli idi. Aidiyyatı qurumlar isə bu xəbərdarlıq əsasında lazımı tədbirlər görməli idi. Ağacların aşmasına səbəb isə onların qocalması, ömürlərini başa vurmasıdır. Həmin ağaclar isə müvafiq qurumlar tərəfindən vaxtında aşkarlanmalı, kəsilməlidir ki, sonradan insanlara, eləcə də müxtəlif obyektlərin üzərinə aşıb dəhşətli faciələrə səbəb olmasınlar. Amma görünən odur ki, aidiyyatı qurumlar bu barədə ya düşünmür, ya da həmin ağacları müəyyən edə bilmirlər.

Bakı şəhərindəki bütün yaşıllıqlar və ağaclar Yaşıllaşdırma Təsərrüfat Birliyinin Balansındadır. Bu məsələyə isə həmin idarə məsuliyyət daşıyır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, hər hansı ərazidə ətraf mühit üçün təhlükəli ağaclar olarsa, bununla bağlı vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 xidmətinə zəng edib məlumat verməlidirlər. Müraciət əsasında nazirliyin mütəxəssisləri həmin ərazidə olur, məsələni araşdırır. Ağacın kəsilməsinə ehtiyac olarsa, bu zaman Yaşıllaşdırma Təsərrüfat İdarəsinə məlumat verilir.

Bəs regionlarda ömrü başa çatmış ağaclara görə hansı qurum məsuliyyət daşıyır?

ETSN-nin Dövlət ekspertiza idarəsinin baş məsləhətçisi Əhməd Hətəmov regionlarda ETSN-nin şöbələri, Bakıda isə nazirliyin ekspertiza idarəsinə edilən müraciət əsasında baxış keçirildiyini dedi:

“Yeni ağaclarla əvəzlənməsi şərti ilə kəsilməsinə tövsiyə xarakterli rəy bildirir. Onun icra edilməsi isə nazirliyin səlahiyyətində deyil. Bakıda Yaşıllaşdırma idarəsi, bölgələrdə isə İcra Hakimiyyətinin tərkibindəki yerli yaşıllaşdırma idarələri məşğul olur. Bəzi yerlərdə hər ərazi üzrə, bəzilərində bir neçə əraziyə baxan idarələr var”.

ETSN-yi tərəfindən monitorinq keçirilməsinə gəldikdə isə, Ə.Hətəmov bütün yaşıllıqların Yaşıllaşdırma İdarəsinin balansında olduğunu dedi. Kəsilən ağacların hansı məqsədlə istifadə edilməsinə gəldikdə nazirlik rəsmisi, bölgələrdə onların şəhid ailələri, müharibə əlilləri evlərinə verildiyini bildirdi. Bakıda da eynilə şəhid ailələri, müharibə əlillərinə göndərilir.

Paytaxtda demək olar ki, bütün ərazilərin qaz və elektriklə təmin edilməsini nəzərə alsaq, odun peçlərinə o qədər də ehtiyac qalmır. O zaman həmin ailələrə odun verilməsinə nə ehtiyac var? Ə.Hətəmov bu suala dəqiq cavab verə bilməyəcəyini bildirdi:

“Bu suala dəqiq cavab verə bilməyəcəm, ola bilər ki, gül-çüçək becərilən obyektlərə verilsin. Amma bu barədə də dəqiq məlumatım yoxdur”.

Yaşıllaşdırma Təsərrüfat İdarəsi tərəfindən ildə iki dəfə ağaclara aqrotexniki qulluq göstərilməlidir. Bəs bu qulluq göstərilirmi?

Yaşıllaşdırma İdarəsinin baş aqronomu Oqtay Heydərovla əlaqə saxlamağa çalışsaq da mobil telefonu bağlı oldu. İdarədən isə onun məzuniyyətdə olduğunu bildirdilər. Suallarımıza başqa bir rəhbər şəxsin cavab verməsini bildirsək də, qurumdan yalnız yazılı müraciət etməyimizi dedilər.

“ETSN-nin qaynar xəttinə zəng edilir. Onlardan bizə rəy verilir. Nazirlik həmin rəyin surətini bizə verir, onun əsasında biz bu işləri icra edirik” deyə cavab verdilər. Bir sözlə qurumlar məsələni bir-birinin üzərinə atdılar. Amma ortada qırılmış ağaclar, onların ziyan verdiyi insanlar və obyektlər var. Cavabdeh qurum isə məsuliyyətdən qaçır.

Hava xəbərdarlığı yenidən oxşar hadisələrin müşahidə olunmasını istisna etmir

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova yaxın günlərdə ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyini dedi:

“Ötən gün ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar martın 15-dən məlumat verilmişdi. Bununla bağlı müvafiq qurumlara da xəbərdarlıq göndərilmişdi. Martın 23-dək ölkə ərazisində güclü külək müşahidə ediləcək. Bu gün də günün ikinci yarısında cənub-qərb küləyinin güclənməsi proqnozlaşdırılır. Sabah güclü şimal-qərb küləyi əsəcək, 20-dən isə yenidən cənub-qərb küləyi güclənəcək. Mart ayı üçün bu cür hava şəraiti gözləniləndir, əvvəlki illərdə də müşahidə edilib”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm