• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Heydər Əliyev Mərkəzində "SƏMƏNİ" Beynəlxalq İncəsənət Müsabiqəsinin açılış mərasimi keçirilib

Heydər Əliyev Mərkəzində "SƏMƏNİ" Beynəlxalq İncəsənət Müsabiqəsinin açılış mərasimi keçirilib

İlaxır çərşənbədə Heydər Əliyev Mərkəzinin parkında "SƏMƏNİ" Beynəlxalq İncəsənət Müsabiqəsinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, tanınmış ictmai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müsabiqənin qonaqları təqdim olunan eksponatlarla tanış olublar.

Müsabiqənin qalibləri mərasim iştirakçılarının səsverməsi əsasında müəyyən edilib.

Müsabiqənin nəticəsi olaraq, qaliblərə diplomlar təqdim edilib. Birinci yerin qalibi Novruz Məmmədov, ikinci yerin qalibi Elvin Nəbizadə, üçüncü yerin qalibi isə Lamiyə Əhməd olub.

Qeyd edək ki, qədim zamanlardan baharın gəlişi Azərbaycan və bir çox Şərq ölkələrində bayram edilir, şənliklərlə qarşılanır. Təntənə hələ Novruzdan əvvəl - ilaxır çərşənbələrdən başlanır. Novruz bayramının özünəməxsus rəmzləri, adətləri var. Onun əsas atributlarından biri isə səmənidir.

Səməni təbiətin oyanışını, canlanmasını təcəssüm etdirir, həyat və bolluq rəmzi hesab olunur. Qədimdə insanlar yaz öncəsi "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyərək taxıl cücərtməklə bolluq, bərəkət arzularını ifadə ediblər. Əsrlər dəyişib, sivilizasiya inkişaf edib, müxtəlif tarixi dönəmlərdə yasaqlar qoyulub, lakin Azərbaycan xalqı Novruzu adət-ənənələri, rəmzləri ilə bərabər yaşadaraq çağdaş dövrümüzə qədər gətirib çıxarıb.

Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.

Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - "SƏMƏNİ" Beynəlxalq Müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 32 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq və firavanlıq arzularını ifadə edir.

Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin dekabrında Leyla Əliyeva və Arzu Əliyevanın da iştirak etdiyi "KÜKNAR" Beynəlxalq Sərgi-Müsabiqəsi keçirib.

Müsabiqədə 18 yerli və xarici rəssam və heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını təqdim edib, səsvermə yolu ilə onların üçünün müəllifi mükafatlandırılıb. Unikal görkəmli küknarlar 2 ay Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR