• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ata və ananın hüquqları nə zaman məhdudlaşdırıla bilər?

Ata və ananın hüquqları nə zaman məhdudlaşdırıla bilər?

Valideynlik hüquqlarının məhdudlaşdırılması uşağın mənafeyi nəzərə alınmaqla, onun valideynlərinin birindən və ya hər ikisindən valideynlərinin valideynlik hüquqlarından məhrum etmədən alınmasıdır. Bəs hansı hallarda bu tədbir tətbiq edilə və nə kimi nəticələrə səbəb ola bilər?

Bununla bağlı Trend-in sorğusunu cavablandıran Bakı Hüquq Mərkəzi (BHM) şirkətinin hüquq məsləhətçisi Cavid Alıyev bildirib ki, əgər uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir: "Başqa sözlə, valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə və valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqları məhdudlaşdırıla bilər".

Hüquq məsləhətçisi qeyd edib ki, valideynlik hüquqlarının məhdudlaşdırılması məhkəmə qətnaməsi ilə həll edilir: "Valideynlik hüquqlarının məhdudlaşdırılması işinə müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə baxılır. Bu zaman məhkəmə valideynlərdən (onlardan birindən) aliment tutulması məsələsini də həll edir".

C.Alıyevin sözlərinə görə, əgər bu hüquqları məhdudlaşdırılan valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır: "Həmin orqan valideynləri, yaxud onlardan birini bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər. Bununla yanaşı, uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr də valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər".

Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələrinə gəlincə hüquqşünas deyib ki, valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər. Lakin onlar uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər: "Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına bir şərtlə icazə verilir ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin. Valideynlərlə uşaqların əlaqəsinə müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının, uşaqların qəyyumunun (himayəçisinin), himayədar valideynlərin və ya uşaqların yerləşdiyi müəssisənin rəhbərliyinin razılığı ilə icazə verilir. Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər. Əgər hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının himayəsinə verilir".

Hüquqşünas qeyd edib ki, valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsaslar aradan qalxdıqda, məhkəmə valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması haqqında qətnamə qəbul edə bilər. Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR