• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gəncə uğurla addımlayır

Gəncə uğurla addımlayır

Həmişə olduğu kimi, 2014- cü ilin ilk 3 ayı da şəhərimiz üçün uğurla yekunlaşıb. Ötən dövr ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, respublikanın digər bölgələri kimi, Azərbaycanın bu qədim şəhəri də bütün sahələr üzrə böyük inkişaf yolundadır.

Aprelin 18-də Gəncə Şəhər İcra Hakimiyyətinin böyük iclas salonunda keçirilən ümumşəhər müşavirəsində geniş məruzə ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verərək demişdir ki, bu uğurlar Respublika Prezidenti cənab İlham Əliyevin yanvarın 21-də Gəncəyə növbəti səfərindən sonra daha da sürətlənmiş, gəncəlilər tarixi səfər zamanı ölkə başçısının verdiyi hər bir tapşırığı proqram sənədi kimi qəbul edərək daha əzmlə çalışıblar.

Elmar Vəliyev daha sonra demişdir ki, şəhərdə başlanan abadlıq və quruculuq işləri yola saldığımız rüb ərzində də uğurla davam etdirilib. Belə ki, ümumdaxili məhsul istehsalı 159 milyon manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Əhalinin pul gəlirləri də xeyli artıb. Şəhərdə fəaliyyət göstərən “Gəncə-Şərab-2”, “Elba”, Gəncə-Tekstil Məhdud Məsuliyyətli Cəmiyyət həmişə olduğu kimi ötən rüb ərzində də uğurlara imza atmışlar.

Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə14 faiz artdığını söyləyib. 300 yaşayış binasının dam örtüyü və fasadı yenidən qurulub, 70 ədəd çoxmərtəbəli binada liftlər yenisi ilə əvəz edilib. Bir çox küçələr genişləndirilib, şəhər Təhsil İdarəsi, Mərkəzi Bankın Gəncə şəhər filialı,Nizami rayon Polis İdarəsi üçün inzibati binalar inşa edilib. Bundan başqa, bir çox küçələrdə Gəncə memarlıq üslubuna uyğun olaraq, binaların fasad hissəsi kərpiclə təmir olunub, küçələrə gözəl görkəm verilib.

Şəhərdə ekologiyanın qorunması və eləcə də, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Ulu öndərin ad gününə kimi 91 min ağac əkək!” devizi altında keçirilən aksiya uğurla davam etdirilir.

Müşavirədə şəhər ictimai nəqliyyatının yenilənməsi, həmçinin işıq, qaz təsərrüfatında olan bəzi nöqsanların aradan qaldırılması üçün müzakirələr aparılıb, bu sahələrdə işlərin kökündən yaxşılaşdırılması məqsədilə tapşırıqlar verilib.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin 91 illiyi ilə əlaqədar Gəncədə keçirilən möhtəşəm tədbirlər haqqında məlumat verib. Bildirib ki, silsilə tədbirlər sırasında ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə YAP Gəncə şəhər Təşkilatının Qərargahında və Heydər Əliyev Mərkəzində dərslər keçirilir. Bu günə qədər 3703 nəfər şagird dərslərdə iştirak edib.

Müşavirədə iştirakçılar bir sıra arzu və təkliflər irəli sürüblər. Bununla bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR