• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu silahlar Azərbaycanda istehsal olunur- Siyahı

Bu silahlar Azərbaycanda istehsal olunur- Siyahı

Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq еtmək istəyən ölkələrin və şirkətlərin sayı artır. Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Yavər Camalov Nazirliyin tabeli müəssisələrində 2013-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında bildirib.

İclası açan nazir Yavər Camalov 2013-cü ildə respublikanının iqtisadi və ictimai-siyasi həyatında baş verən uğurlardan danışıb. Nazir qeyd edib ki, 2013-cü il Müdafiə Sənayesi Nazirliyi üçün də yadda qalan il olub:

"Ötən il 2012-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3,7 faiz artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb. 2013-cü ilin nəticələrinə görə, istehsal olunaraq sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi artıb. Ötən ildə yaradılma işləri davam etdirilib, 11 mövzu və 71 mərhələ başa çatdırılıb".

Nazir həmçinin bildirib ki, 2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 mm-lik döyüş minasının və digər məmulatların yaradılması işləri tam başa çatdırılıb, seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Eləcə də, BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılıb və sifariş olunan sayda təkmilləşdirilərək respublikanın güc qurumlarına təhvil verilib. Aviasiya bombalarının nümunələri hazırlanıb, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır. "Matador" və "Marauder" tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb. "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib. 2007-ci illə müqayisədə 2013-cü ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 26 dəfə, mərhələlərin icrası isə 14 dəfə artıb.

Y.Camalovun sözlərinə görə, 2009-cu ildən başlayaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan, istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir və böyük maraqla qarşılanır. Beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi dörd il öncə qatıldığı ilk sərgidə 27 adda müdafiə təyinatlı məmulatla respublikamızı təmsil edirdisə, ötən ilin may ayında Türkiyədə keçirilən "IDEF-2013" XI beynəlxalq müdafiə sənayesi sərgisində 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Nazirlik bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. məmulatlarla yanaşı, ilk dəfə olaraq "Yalquzaq" snayper tüfəngi, HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" xüsusi təyinatlılar üçün patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatları da nümayiş etdirib.

Dünyanın 36 ölkəsindən 500-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə "Yalquzaq", "İstiqlal", "Mübariz" snayper tüfəngləri, hücum pulemyotu, "Gürzə" xüsusi təyinatlılar üçün patrul maşını, müxtəlif növ döyüş sursatları böyük maraqla qarşılanıb.

Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara qarşı artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq еtmək istəyən ölkələrin və onların şirkətlərinin sayı artmaqda davam edir: "Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir".

Nazir həmçinin qeyd edib ki, 2014-cü ilin sentyabr ayında Azərbaycan ilk dəfə olaraq beynəlxalq müdafiə sənayesi sərgisinə ev sahibliyi edəcəkdir. "ADEX-2014" adı altında keçiriləcək bu sərgi ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən artıq hazırlıq işlərinə başlanılmışdır. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati tədbirlər görülür.

Y.Camalovun sözlərinə görə, tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 2 dəfə artım əldə olunub. Çeşidlərin sayı 450-ni ötüb. Nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ nəzarət və idarəetmə sistemlərinin, dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin, neft quyularında dərinlik nasoslarının işinə nəzarət edən "Dinomoqraf DM" cihazının, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, plastik kütlədən hazırlanmış taraların, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemləri və s. mənimsənilib.

O, bildirib ki, 2010-cu ildən etibarən nazirliyin müəssisələrində istehsal olunan mülki məhsullar da bir çox beynəlxalq və milli sərgilərdə nümayiş etdirilir. Müdafiə Sənayesi Nazirliyi ötən ilin sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən "Azərbaycan 10 ildə" sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində təmsil olunub, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki təyinatı məmulatları da nümayiş etdirib. Nümayiş etdirilən məmulatlar böyük maraqla qarşılanıb.

İclasda nazirliyin birlik və müəssisələrinin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Sonda nazir Yavər Camalov Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Respublika Prezidenti İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. Nazir Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2014-cü ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR