2 nəfərin ölümünə səbəb olan məmur işə çıxmır - SƏBAİL İH
Bizi izləyin

Qırmızı.az

2 nəfərin ölümünə səbəb olan məmur işə çıxmır - SƏBAİL İH

Səbail Rayon İcra başçısının müavini Yavər Allahverdiyev işə çıxmır.

“Axar.az”a verilən məlumata görə, 10 AS 509 nömrə nişanlı “Hyundai Grandeur” markalı avtomobillə törədilən və iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən qəzadan sonra sükan arxasında sürücüsü olduğu deyilsə və sürücü həbs olunsa da, xəsarət alan Y.Allahverdiyevdir. Mənbənin sözlərinə görə, qəza zamanı icra başçısının müavini xəsarət aldığından, işə çıxa bilmir, yalnız müəyyən vacib tədbirlərdə iştirak edir. Bu iştirakı zəruri edən səbəblərdən biri də məhz sükan arxasında özünün olmadığına hamını inandırmaqdan irəli gəlir.

Y.Allahderdiyevin xəstəxanaya müraciət etmədiyi, evdə müalicə olunduğu da qeyd edilir. Məsələ ilə əlaqədar Yavər Allahverdiyevlə əlaqə saxlamağa çalışdıq. Y.Allahverdiyevin köməkçisi açıqlamasında onun iclasda olduğunu bildirdi. Gün ərzində bir neçə dəfə əlaqə saxlamağımıza baxmayaraq, iclas “qurtarmadı”.

Nəhayət, İH-dən bildirdilər ki, Y.Allahverdiyev işdə yoxdur. Onun iclasda olduğu barədə məlumat verdiklərini xatırlatdıqda isə köməkçi bildirdi ki, iclasda iştirak etsə də, işə gəlmir: “Yavər müəllim iclaslarda iştirak edir, amma otağına gəlmir. Onun bir müddətdir ki, iş otağında olmadığını hamı təsdiqləyə bilər”.

Köməkçi əlavə etdi ki, bizi maraqlandıran suallarla İsrafil Kərimovla əlaqə saxlaya bilərik.

Səbail Rayon İH-nin informasiya təminatı və təhlil sektorunun müdiri İ.Kərimovla isə gün ərzində əlaqə saxlamaq mümkün olmadı. İcra Hakimiyyətindən onun otağında olduğunu bildirsələr də, israrlı zənglərimizin heç birinə cavab vermədi.

Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevə məxsus 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil ilə yol kənarında dayanan 3 piyada vurulub. Piyadalardan biri hadisə yerindəcə vəfat edib. Hadisədə yaralanan 2 piyadadan biri isə bu gün vəfat edib.

Xatırladaq ki, rəsmi məlumatda 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobili Bakı şəhər sakini Sabir Hacıkərimovun (Səbail İcra Hakimiyyətinin sürücüsü) idarə etdiyi deyilir. 10 AS 509 dövlət nömrə nişanı isə Səbail İH-ə məxsus “Qaz 31” markalı avtomobilə aiddir. Bu nömrənin şəxsi “Hyundai” avtomobilinə qanunsuz olaraq bağlanması ilə əlaqədar hələlik istintaq heç bir açıqlama verməyib.

Səbail rayon icra başçısı müavininin adı keçən sözügedən cinayət işinin istintaqını Səbail Rayon Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsi aparır. İstintaq şübhəli şəxs qismində Səbail RİH-nin sürücüsü S.Hacıkərimovun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, "Avtosfer.az" saytının əməkdaşı hadisə yerində müşahidə apararkən, ətrafda yaşayanlar bildiriblər ki, hər gün bir qadın bura gələrək (foto hadisənin baş verdiyi yeri əks etdirir) gül qoyur və ağlayıb fəryad qoparır. Sonda isə bu sözü deyib, gedir: "Balamın qanını batırmaq istəyirlər..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm