• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ədliyyə orqanlarına qəbul imtahanları keçiriləcək

Ədliyyə orqanlarına qəbul imtahanları keçiriləcək

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı iyunun 3-də keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, nazirliyin Müsabiqə komissiyası bildirir ki, növbəti müsabiqə üzrə test imtahanı iyun ayının 3-də keçiriləcək. Bununla əlaqədar ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün cari ilin fevral ayından başlanmış sənəd qəbulu may ayının 26-da başa çatacaq. Artıq 350-dən çox namizəd müsabiqədə iştirakla bağlı müraciət edib.

Şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin İdman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi, 5 ünvanında saat 10:00-da keçiriləcək. İmtahan yerinə getməyə kömək üçün müvafiq istiqamətləndirici məlumatlar nazirliyin internet səhifəsində yerləşdirilib.

Namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına kömək məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 31 may və 2 iyun tarixlərində saat 09:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Əlavə operativ məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR